Yanvarın 28-30-da Bakıda ilk dəfə olaraq “İstanbul Fashion Show” geyim sərgisi keçiriləcək. APA-nın məlumatına görə, layihənin Azərbaycan üzrə koordinatorlarının iştirakı ilə təşkil olunan mətbuat konfransında çıxış edən layihənin baş müdiri Alpər Çəkic bildirib ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək sərgidə Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş etdiriləcək: “Gözəl geyimi, modanın ən son yeniliklərini, bəzən isə hətta ən ağlasığmaz və cəsur tendensiyaları milli geyim adətləri və şərq ənənələri ilə birləşdirmək bacarığı yəqin ki, azərbaycanlı xanımlar və bəylər qədər çox az xalqa məxsusdur. Ümumiyyətlə, moda və geyim məfhumlarının azərbaycanlılar üçün hər zaman xüsusi önəmi olub. Bunları nəzərə alan “Meridyen” beynəlxalq sərgi şirkəti və “Osmanbey” Türk İş Adamları Dərnəyi (OTİAD) dünya şöhrətli brendləri və dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin 40-dan çox geyim firmasının məhsullarından ibarət sərgi təşkil etməklə Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindədir”.
Layihənin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlu isə sərginin keçirilməsini azərbaycanlı iş adamları ilə əməkdaşlıq qurulması və qarşılıqlı iş birlikləri həyata keçirilməsi istiqamətində önəmli addım kimi qiymətləndirib: “Bu sərgiyə hazırlıq təxminən 6 ay davam edib və tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.
sergiden sekiller cekib yerlesdirseniz saytacox maraqli olar.Gede bilmesekde hec olmasa sekillerine baxardiq.