Bu gün Muzey Mərkəzində Sumqayıt şəhərinin yaranmasının 60 illiyinə həsr olunmuş Sumqayıt rəssamlarının və tətbiqi sənət ustalarının əsərlərindən ibarət “Xəzərin rəngləri” adlı sərginin açılışı keçirilib. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Tədbirdə Sumqayıt Şəhər İcra başçısı Vaqif Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firidun Qurbanov, Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzərov və digər qonaqlar iştirak edib.
Sumqayitxeber.com-un verdiyi məlumata görə Sumqayıt rəssamlarının əl işlərindən ibarət sərginin açılışını edən Sumqayıt şəhər İcra Başçısı Vaqif Əliyev nümayiş olunan əsərlərlə tanış olub və tədbirin əhəmiyyətini qeyd edib. V.Əliyev onu da qeyd edib ki, bu tədbir Sumqayıt şəhərinin yubleyi ilə əlaqədar imzalanmış sərəcamdan irəli gələn tədbirlər silsiləsinin davamıdır və yubleylə əlaqədar olaraq digər sahələrdə də tədbirlər davam etdiriləcəkdir.
Tədbirdə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bu illər ərzində Sumqayıt şəhərinin qazandığı uğurlardan danışıb.
Xatırladaq ki, Sərgi üç gün ərzində rəsm həvəskarlarının ixtiyarında olacaq.