Bir neçə gündür sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində bir qrup gəncin nəqliyyatın intensiv hərəkətinin olduğu tuneli bağlayaraq şadyanalıq etməsini əks etdirən video yayılıb. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlmasında bildirib ki, həmin görüntülərlə artıq tanış olublar: “ Bu məsələ rəhbərliyə məruzə olunub və araşdırma başlayıb. Lakin həmin video keçmiş tarixə aidir. Hazırda sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. Araşdırmanın nəticəsi məlum olan kimi həmin şəxslərlə bağlı qanunvericiliyə uyğun sərt tədbirlər görüləcək”.