Baqilik və bəqa aşiqləri

1568

Baqilik ölməzlikdir. Baqilik dedikdə əbədiyyət aləmi nəzərdə tutulur.Əbədiyyət aləminə doğru yönələnlərin isə bircə adı var: bəqa aşiqləri. Bu aşiqlər dünyanın faniliyini dərk edir, kamil varlıq nümunəsi olmağa çalışır, tutduqları yolda amalları uğrunda mübarizə aparır və bəqa mülkündə rahatlıq tapmaq üçün əbədiyyət aləminə qovuşurlar. Belə insanların həyatı ölümlərindən sonra başlayır.

27 sentyabr 2020-ci ildə başlanan və 30 illik həsrətə son qoyan Vətən müharibəsində torpağın bir parçasına çevrilən Xüsusi Təyinatlı Qüvvələrin “Əfsanəvi tabor” komandasının 13 qəhrəmanı da haqq sevgisini və ilahi əmanəti özündə sığışdıran, haqqı ən kamil tanıyan insanlardır.  Camal, Elyar, Kamil, Xəyyam, Beyrək, Tərzan, Sübhan, Şəhriyar, İlkin, Ramiq, Həmid, Elton, Kərim kimi mübarizlər üzərində gəzdikləri torpağın bağımsız olması üçün rəşadətləri ilə mənəvi dərslər öyrətdilər, ölümləri ilə ölümsüzləşdilər. Necə ki Həzrət Əlinin gözəl kəlamlarından birində deyildiyi kimi: “ Gözəl bir əməl gözəl bir çöhrədən daha uzunömürlüdür”. Bu qəhrəmanların da zaman keçdikcə nurlu simaları unudula bilər, amma təqvimə tarix yazan xarakter və əməlləri əsla… Bəqa aşiqlərinin yolu ilə gedən əfsanələrin ekstermal şəraitdə apardıqları döyüş üslubu və taktikası gələcək nəsillər üçün önəmli və əvəzolunmaz bir mənbə hesab olunacaq. Onlar vətən üçün, xalq üçün ləyaqətli döyüşçü, vətənpərvər bir vətəndaş adını qazandılar.

Əməlləri ilə tarixi təkrarlayan “Əfsanəvi tabor” qəhrəmanları xalqın yaddaşında dərin iz qoydular. Artıq xalq onları şəxsi adlarından daha çox ləyaqət rəmzi sayılan əməlləri ilə: son damla qanına qədər döyüşüb əsir düşməmək üçün qumbaranı sinəsinə sıxan Kərim kimi, erməniyə erməni dilində geri çəkilmək əmrini verən “Hadrut fatehi” Camal kimi, səmimiyyəti ilə son günə qədər əsgərləri arasında komandir təsiri bağışlamayan Elton kimi, qələbə sevincini ailəsinə ilk müjdə etmək sözünü verən İlkin kimi, getdiyi hər bir toy şənliyində bayraq hədiyyə aparan bayraq sevdalısı Tərzan kimi, erməni polkovnikini boğaraq öldürən Elyar kimi, “Yaşma”nın ilk “qaranquş”larından olan “Sarı Komutan” ləqəbli Kamil kimi, qapısına bayraq yaraşacağını əzəlindən dilinə gətirən Sübhan kimi, tabutuna sığmayan Xəyyam kimi, qəhrəmanlıq dastanının qəhrəman adlısı Beyrək kimi, adı gələndə belə düşmənin qorxduğu “Boz Qurd” ləqəbli Şəhriyar kimi, nitqi və əməlləri ilə “Aristokrat” adını alan Həmid kimi, Şuşanın azad olunduğu gün şəhadət şərbətini dadan Ramiq kimi tanıdı.

Tanrının dərgahında mələklər tanrının möhtəşəm yaratdığı hər bir şeyə görə əbədi səcdədə olur. Tanrı dərgahında uca məqamı qazanan və bizə o səcdə ləzzətini bu dünyada daddıran bu bəqa aşiqləri bayrağımızın müstəqil dövlətlərin bayraqları ilə bir sırada dalğalanmasının əsas səbəbkarları oldular.

Xəyalə Həmzəliyeva, Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər