Baş həkim, doğrudanmı, 22 min manat tələb edir?

1003

1 saylı Sumqayıt şəhər Xəstəxanasında, əslində, nə baş verir?

Bu həftə “Yeni Müsavat” qəzetində 1 saylı Sumqayıt şəhər Xəstəxanasında baş həkimin tibb işçilərindən külli miqdarda pul tələb etdiyi barədə material dərc olundu. Guya redaksiyaya həkimlər tərəfindən ünvanlanan müraciətdə baş həkim Nazim Hüseynquliyevin həkimlərdən 22 min manat toplamağı tələb etdiyi bildirilib.

Materialda haqqında bəhs olunan müraciətə istinadən deyilir: “Hər şöbəyə tapşırılıb ki, gücləri çatan qədər pul yığıb versinlər.

Artıq 5 min manat xəstəxananın mətbəxində çalışanlar, 3 min manat yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər pul toplayıb veriblər. Nazim həkim bu xəstəxanaya gələndən sonra bizi soyub-talayır. Bir neçə həftədir ki, Maliyyə Nazirliyinin Tahir adlı əməkdaşı həftədə bir neçə dəfə gəlib guya xəstəxanada yoxlamalar aparır. O deyib ki, bahalı dərmanlar pulla satıldığı üçün rüşvət verməlidirlər. Baş həkim də bu pulu onlara verib canını qurtarmaq istəyir”.

Yazıda daha sonra vurğulanır ki, tibb işçiləri baş həkimin xəstələrdən də qeyri-qanuni pul yığdığını deyirlər: “Xəstəxanaya gələn hər bir xəstədən ən azı 10 manat pul alınır. Əgər istəsəniz pasient kimi xəstəxanaya müraciət edə bilərsiniz. Biz həkimlər də məcbur olub xəstədən pul alırıq. Çünki baş həkim bizə tapşırıq verib ki, hər bir xəstədən azı 20 manat alaq. Guya ölkədə korrupsiyaya qarşı mübarizə aparılır. Ancaq xəstəxanadakı vəziyyətdən xəbərləri yoxdur. Elə ən böyük korrupsiya tibb sahəsindədir”.

Məsələ ilə bağlı 1 saylı şəhər Xəstəxanasının baş həkimi Nazim Hüsüynquliyevlə əlaqə saxladıq. Baş həkim faktın, hətta onun sitatının qəzet tərəfindən təhrif olunduğunu bildirdi. Qeyd edək ki, qəzet baş həkimə istinadən xəstəxanada Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılmadığını, Maliyyə Nazirliyinə istinadən isə belə bir yoxlamanın olduğunu qeyd edib. N.Hüseynquliyev isə bizə xəstəxanada yoxlamalar aparıldığı və qəzetə bunun əksini ifadə edən açıqlama vermədiyini bildirdi. “Həkimlərin Səhiyyə Nazirliyinə və ya qəzetə müraciət etdiyi barədə məlumatlar həqiqətəuyğun deyil. Sadəcə bu yazı kiminsə sifarişidir. Maliyyə Nazirliyinin yoxlamalarına gəldikdə isə, bəli, belə yoxlamalar olub, müəyyən nöqsanlar aşkarlanıb və ödənişlər edilib” – deyə baş həkim bildirdi.

Nəhayət, sonda qəzet şikayətçilərin (?!) Səhiyyə Nazirliyinə müraciət etdiyi və şikayətlərin baxılmadığı ilə bağlı dediklərini Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin açıqlaması ilə təkzib edir: “Nazirliyin heç bir şöbəsinə belə bir məlumat daxil olmayıb”.

Vüsal Məmmədov, “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər