Ötən ay Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti Azərbaycanda pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair razılığa gəlib. Saziş “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov tərəfindən imzalanıb. Prezident İlham Əliyev isə TEKNOFEST sərgisində çıxışı zamanı Azərbaycanda “Bayraktar” Mərkəzinin qurulacağını bəyan edib.
Martın 4-də “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıya səfəri zamanı “Baykar Teknoloji Azerbaycan” adlı şirkət barədə Prezident İlham Əliyevə məlumat verib. Türkiyə mətbuatı yazır ki, “Baykar Teknoloji Azerbaycan” şirkəti süni intellektlə işləyən insansız sistemlərin tədqiqi və inkişafı, insansız platformalar, fabrik səviyyəsində texniki xidmət, pilotluq, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində işləyəcək.
Qeyd edək ki, “Baykar” Türkiyədə pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə məşğul olan texnologiya şirkətidir. “Bayraktar TB2”, “Bayraktar TB3”, “Akıncı” PUA-ları, “KızılElma” insansız qırıcılarını istehsal edən şirkət dünyanın 30-a yaxın ölkəsinə satış həyata keçirib. Avropa, Mərkəzi Asiya, Afrika bölgələrində yerləşən onlarla ölkə “Bayraktar TB2” PUA-sı alıb. Bu silahlar Suriya, Liviya, Qarabağ, Ukrayna kimi münaqişə bölgələrində aktiv istifadə olunub və əsasən Rusiya istehsalı texnikalar məhv edilib. Ötən ilin sonlarına yaxın açıqlanan məlumata görə, şirkət 400-dən artıq “Bayraktar TB2” PUA-sını istehsal edilib.
Şirkətin yaratdığı digər PUA “Akıncı”dır. Daha təkmil və güclü “Akıncı” ağır raketlər daşıya və uzun müddət hədəf üzərində uçuşlar həyata keçirə bilər. PUA artıq Türkiyə ordusunun silahlanmasına qəbul edilib və terrorçulara qarşı əməliyyatlarda tətbiq olunub. “Akıncı”nın adı açıqlanmayan 5 ölkəyə ixrac edildiyi bildirilir.
Azərbaycan Ordusunun arsenalında “Bayraktar TB2” zərbə tipli PUA-lar mövcuddur. 12 metr qanad açılımı olan PUA 4 mini ağıllı raketlər daşıyır və hədəfləri üzərində 1 sutkaya yaxın müşahidə apara bilir. Hədəflər müəyyən edildikdən sonra silah dəqiq zərbə ilə düşməni məhv edir. “Bayraktar”a quraşdırılan raketlər ROKETSAN şirkəti tərəfindən istehsal edilir. Bu raketlər lazerlə dəqiq zərbə endirməyə imkan verir. MAM adlanan sursatlar həm zirehli texnika, həm də piyadaların məhv edilməsi üçün nəzərdə tutulub. PUA Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun yüzlərlə tank, hava hücumundan müdafiə sistemləri və müxtəlif təyinaytlı hərbi maşınlarını sıradan çıxarıb.
İndi PUA-nın Azərbaycanda istehsal edilməsi planlaşdırılır. Güman etmək olar ki, Azərbaycanda istehsal edilən PUA-lar Mərkəzi Asiya və Avropaya da ixrac ediləcək. Yəni, ölkəmizdə “Bayraktar”ın istehsal edilməsi yalnız hərbi cəhətdən deyil, həm də iqtisadi cəhətdən fayda gətirəcək.
Mövzu ilə bağlı Modern.az-a danışan türkiyəli general Yücel Karauz söyləyib ki, birgə istehsal mərkəzinin fəaliyyətə başlaması ilə Azərbaycan və Türkiyənin hərbi texnologiyasında irəliləyiş olacaq.
“İlk olaraq onu söyləmək istəyirəm ki, 2022-ci ilin sonunda “Baykar Teknoloji” Azərbaycanda şirkət qurub. Həmçinin TEKNOFEST-də iki ölkə arasında birgə istehsalın həyata keçirilməsi ilə bağlı saziş imzalanıb. Bu, Azərbaycan və Türkiyənin hərbi sənaye münasibətlərinin Şuşa bəyannaməsinin bəndlərinə uyğun olaraq inkişaf edəcəyi deməkdir. Təbii ki, bir ölkənin istehsal etdiyi məhsulu digər bir dövlətin almasından əlavə olaraq birgə istehsal məsələsi çox önəmlidir. Çünki hər iki ölkənin texnologiyaları inkişaf edəcək, silahlı qüvvələrin ehtiyacı qarşılanacaq və həmin texnikalar başda türk dövlətləri olmaqla üçüncü dövlətlərə satılacaq”, – deyə general bildirib.
Y.Karauz vurğulayıb ki, gələcəkdə “Dəmir Yumruq” adlı PUA istehsal edilə bilər:
“İki ölkə bu məsələ ilə bağlı çox uğurlu addım atır. Sözügedən məsələnin reallaşması Azərbaycan və Türkiyənin həyata keçirdiyi ən böyük layihə olacaq. Doğrudur, Azərbaycan Türkiyədən müxtəlif silah sistemləri alır. Ancaq bununla yanaşı birgə istehsal da çox önəmlidir. Hətta, “AKINCI” və “KIZILELMA” kimi texnologiyaların Azərbaycanda istehsal olunması reallaşa bilər. Həmçinin gələcəkdə buludaltı və buludüstü, yüksək texnologiyaya malik PUA-lar və “BAYKAR” şirkətinin “Cezire” adlı “uçan taksi” layihəsi var ki, o da Azərbaycanda istehsal oluna bilər. Həmçinin, “Dəmir Yumruq” adlı PUA və ya digər hərbi texnologiyaların istehsalına şahid ola bilərik. Yəni bu əməkdaşlıq Azərbaycanın müdafiə sənayesini yüksəldəcək. Çünki “Baykar” şirkətini dünyanın ən müasir texnologiyalarına sahib PUA-lar istehsal edir. Gənclərin də son zamanlar bu sahəyə marağı artıb”.
Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, birgə istehsalın genişlənməsi rəsmi Bakı üçün hər zaman aktual olub.
“Son 9 ildə Türkiyə PUA-ları bir çox döyüş əməliyyatlarında kütləvi şəkildə tətbiq olunub. Türkiyənin PUA bazarına daxil olana qədər bu monopoliya ABŞ və İsrail şirkətlərinə aid idi. İndi isə qardaş ölkə PUA üzrə vacib aktorlardan birinə çevrilib. Azərbaycanla Türkiyənin münasibətlərini nəzərə alsaq, birgə istehsalın genişləndirilməsinin rəsmi Bakı üçün çox böyük əhəmiyyət daşıdığını söyləyə bilərik. Ötən ilin sonunda “Baykar Teknoloji”nin “Azərbaycan MMC”nin rəsmi qeydiyyata alınmasının şahidi olmuşduq”, – deyə o bildirib.
Ədalət Verdiyevin fikrincə, birgə istehsal mərkəzinin yaradılması Azərbaycan-Türkiyə qardaşlığını digər sferalarda olduğu kimi hərbi texnologiya sahəsində də yüksək səviyyəyə qaldıracaq:
“İstehsal mərkəzinin yaradılması Azərbaycan-Türkiyə qardaşlığının yüksək texnologiyanın birgə inkişafı vasitəsi ilə möhkəmləndirmək məqsədi daşıyır. “Baykar Teknoloji Azərbaycan” şirkəti ölkəmizdə bu mərkəzi yaratmaqla süni intelektə malik robot və pilotsuz sistemlərin tədqiqi, inkişafı, onların sistem platformalarının yaradılması, fabrik şəraitində texnik xidmətinin göstərilməsi və s. kimi öz töhfəsini verəcək. Həmçinin, pilotsuz sistemlərin idarə edilməsi və pilotların hazırlanması, texniki və servis xidməti hazırlığı, birbaşa əməliyyat zonasında texniki dəstək imkanları, logistikanın kordinasiyası kimi bir çox sahələrdə şirkət fəaliyyət göstərəcək”.
Müzakirə qapadılmışdır.