Texnologiyaların son dərəcə inkişaf etdiyi bir dövrdə yaşamağımıza baxmayaraq, sağlamlığımızın qeydinə qalmaqda çətinlik çəkirik. Buna səbəb isə yaşadığımız həyatın heç bir standart normativlərə əsaslanmamasıdır. İstər ekoloji faktorlar, istərsə də gündəlik həyatımızda riayət etməli olub da, riayət etmədiyimiz bir çox xırda məqamlar. Hələ xəbərimiz yoxdur, amma orqanizmimiz bizə ağır zərbə vurmaq üçün zaman gözləyir. Statistikaya görə, hər 4 nəfərdən biri bel ağrılarından şikayət edir. Xüsusilə ofis şəraitində, uzun müddət oturaq işlə məşğul olan şəxslər. Bu bəzi peşələrə görə, zərgərlik, dərzilik, pinəçilik, sürücülük və s. üçün peşə xəstəliyi də adlandırılır. Bəs bu cür peşə sahibləri sağlamlığını qorumaq üçün nə etməlidir? Görəsən onurğa ağrılarının, bel yırtıqlarının ilk simptomları nələrdir?
Minval.İnfo publika.az-a istinadən belində güclü ağrılardan şikayət edən oxucular üçün maarifləndirici məlumatları təqdim edir:
Bel yırtığı nədir?
Primitiv tibbi biliklərə sahib olan şəxslər bilir ki, onurğa sütunu 33 fəqərədən ibarətdir. Fəqərələr arasındakı kanallarda isə insan həyatı üçün vacib olan onurğa beyni yerləşir. Məlumdur ki, insan bel nahiyəsindən ağır travma alarsa, bu, çox ciddi fəsadlara gətirib çıxara bilər. Hazırda xüsusilə gənc nəsil arasında onurğa sütununda yaranan problemlər çoxluq təşkil edir.
El arasında bel “qrija”sı kimi tanınan, bel yırtığı da onurğa sütunu xəstəliyinin ən ağır formalarından biridir. Fəqərələrarası disklərin elastik quruluşa malik olması onurğanın hərəkətliliyini və yüklənməyə qarşı davamlılığını artırır. Məhz bu disklərin elastikliyinin azalması, fəqərələr arası boşluqlar nəticəsində ayaqlara təzyiq düşdüyündən güclü ağrılardan şikayət edirik. Disklərin iç hissəsində (pulpoz nüvə) jeleyebənzər sahə, xaricində isə filroz həlqə adlanan xüsusi təbəqə var. Bu nizamlılıq pozulduğunda qorxduğumuz “qrija”(bel yırtığı) yaranmasına səbəb olur. Belə ki, insan orqanizmindən asılı olaraq, bel ağrılarının şiddəti dəyişkən olur. Bir neçə mərhələdən sonra biz ciddi problemin nə olduğunu öyrənirik, bu zaman isə gec olur.
İlkin əlamətlər sırasında bel nahiyəsində və aşağı ətraflarda dalğavari ağrılar hiss olunur. Bu ağrılar birdən başlayıb, anidən kəsə bilir. Lakin daha sonra bu ağrılar daha şiddətli formalarda ayaqlara doğru yayılır. Müxtəlif qıcolmalar olur. Bizim ən mühüm gördüyümüz və etinasızlıq göstərdiyimiz məqam isə məhz başlanğıc mərhələdir. Bunu müxtəlif əzələ ağrısı, sinir ağrısı ilə səhv salıb həkimə müraciət etməkdən çəkinirik. Bu isə orqanizmdə irəliləyərək iflic və daha faciəli xəstəliklərin riskini artırır. Əlamətlər arasında sidik qaçırma da çox ciddi bir problem olaraq qiymətləndirilir. Ailəsində belə problemi daimi olanlar yüksək risk daşıyıcısı hesab olunurlar. Ağır yük daşıyanlar, ağır yüklə daimi hərəkət bel yırtığının yaranmasına gətirib çıxarır.
Bundan başqa, qamətini düz tutmayan, ikiqat əyləşən, yatan şəxslərdə də ciddi onurğa sütunu xəstəlikləri qaçılmazdır. Belə ki, zəif əzələ sisteminə sahib orqanizm daha tez təslim olur və nəhayət, hansısa qəza, sərt hərəkət zamanı travma alırlar. Hamilə xanımlar isə 9 ay boyunca ciddi şəkildə onurğa sütununa diqqət etməlidirlər. Bədənə qarşı laqeydlik gələcəkdə qarşıya çox ciddi problemlər çıxara bilər”.