Bernhard Raab: “Bunlar deyə biləcəyim sözlər deyil”

946

“Sumqayıt” klubunun almaniyalı çalışdırıcısı Bernhard Raab “Fanat.az” saytına müsahibəsində həm komandasının Topaz Premyer-Liqasındakı çıxışına toxunub, həm də əsas hədəflərini açıqlayıb.  Bundan başqa, alman mütəxəssis digər maraqlı məqamlara da aydınlıq gətirib.

– Mövsümə hansı hədəflərlə başlamışdız?
– Mövsümə birrəqəmli pillədə yekun vurmaq hədəfi ilə başladıq. Yəni 10, 11, 12-ci pillədə olmamağı hədəfləmişdik. Hədəfimizə də nail oluruq.

– Sizi ümumiyyətlə, baş məşqçi postuna gətirəndə qarşınıza tələb qoyulmuşdu?
– Birinci məqsəd gənc oyunçuların yetişdirilməsi və onların inkişaf etdirilməsi idi. Əsasən söhbət 17, 19, 21 yaşlı qruplarından gəlmiş futbolçulardan gedir.

– Sizcə, üzərinizə düşən işin öhdəsindən gəlmisiz?
– İlk öncə bir neçə oyunçuları yetişdirmişik. Orxanın (Orxan Əliyev) adını çəkə bilərəm. Onunla yanaşı, bir neçə oyunçu da var. Murad Ağayevi klubumuza dəvət etmişik. Bizim gənc komandamız var. İndi biz 19 yaşlılara baxırıq. Bəzi oyunçular inkişaf edə bildi. Bir neçə oyunçumuz öz üzərində işləməlidi. Düzdü, bəlkə də bu yaşdakı uşaqlardan gözlədiklərimiz olmadı, amma oyunçunun inkişafı özündən də asılıdı.

– “Sumqayıt”ın bu mövsüm də böyük ehtimalla ikinci “altılıq”da var-gəl edəcəyi şübhə doğurmur. Hərçənd, nəzəri şanslarınızı qoruyursuz. Sizcə, komandada daha artığına nail olmaq üçün nə çatmır?
– İlk öncə peşəkar ətraf mühit və oyunçuların keyfiyyəti. “Qarabağ”, “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran” kimi komandalar üçün bu problem deyil. Daha artıq maliyyənin olması da daha keyfiyyətli futbolçuların olmağı deməkdi. Amma bizim əsas məqsədimiz bu deyil.

– “Qarabağ”, “İnter”, “Neftçi”, “Simurq” kimi komandaların özünəməxsus oyun dəsti-xətti var. “Sumqayıt” isə hər dəfə fərqli futbol sərgiləyir. Nəticə bir yana, bəs oyun üslubu formalaşdırmağa nə mane olur?
– Mən deməzdim ki, oyun tərzimiz fərqlənir. Hər zaman müəyyən bir oyun üslubu inkişaf etdirmək üçün təcrübəli oyunçuya ehtiyac var. Məsələn, biz “Bakı”yla oyunda yaxşı oynadıq. Amma bir həftədən sonra “Qarabağ”la oyunda mövqe dəyişdim, digər səkkiz oyunçuya da təsir etdi bu dəyişiklik. Məsələn, Samir Abbasov, Murad Doymuş stabil oyunçulardı. Lakin gənclərin oyunu həmişə dəyişir. Bununla yanaşı “Qarabağ”da, “Neftçi”də futbolçular az-çox eyni səviyyədədi. Biz də isə belə deyil.

– İndiyədək istefa vermək fikrinə düşdüyünüz an olub?
– Mənim bu cür düşünməyimə heç bir səbəbim yoxdu. Məncə, işimin öhdəsindən gəlirəm.

– Azərbaycan Premyer Liqasını Almanyanın neçənci liqası ilə müqayisə etmək olar?
– III Bundesliqayla müqayisə edərdim, bəzən də 4-cü. “Qarabağ”, “İnter”, “Neftçi” II Bundesliqada mübarizə apara bilər. Sadəcə, Premyer Liqada 12 komanda arasında fərq çox böyükdü. Almaniyada daha fərqlidi. 2-3 imkanlı, digərləri yaxşı təşkil olunmuş klublardı. Azərbaycanda isə 4-5 klubun maliyyəsi yaxşıdı, onları “Kəpəz” və “Turan”la müqayisə etdikdə kəskin fərqləri görmək olar. Almaniyada isə bu cür maliyyə fərqi çox böyük deyil.

– Sizcə, Azərbaycanda Bundesliqada top qovacaq səviyyədə yerli futbolçu var?
– İlk öncə əminliklə Kamran Ağayevin adını çəkə bilərəm. Çox yaxşı qapıçıdı. I və II Bundesliqada biraz çətindi. Bəlkə də növbəti nəsildə bu daha çox ola bilər. Bir də Ruslan Abışovun adını çəkərdim. Millinin oyunçularını da deyərdim. Amma bu göstərici müdafiədən hücuma gəldikcə azalır. Əsas fərq Azərbaycan çempionatında oyun sürətinin aşağı olmasıdı. Çünki Bundesliqada oyun sürəti yüksəkdi.

– Azərbaycanda hansı tanınmış xanımın sizin fanatınızın olmasını istərdiniz?
– Bu çox çətin sual oldu… (gülür). Məncə, bu sirr qalsa yaxşıdı.

– Burda olduğunuz müddətdə Azərbaycan türkcəsində öyrənə bilmisiz?
– Əsasən məşqdə işlədilən sözlərdən bilirəm. Bunlar da deyə biləcəyim sözlər deyil. Amma saymağı az-çox öyrənmişəm. (Beşə qədər sayır)

– Sizi ölkəmizdə nə təəccübləndirib?
– Əsasən futbol məni təəccübləndirib. Çünki, bir ildə çox inkişaf oldu. Qısa zaman ərzində futbolun təşkilatçılığı, infrastruktur cəhətdən irəliləyişlər oldu. Bu da müsbət bir haldı. Futboldan kənarda məni təəccübləndirən Bakı şəhəridi. Çox gözəl şəhərdi, yaşıllıqları, fərqli təbiəti çox xoşuma gəldi. Amma tıxaclar çox olduğundan maşın sürmək çətinləşir. Bakınında sürətlə inkişaf etdiyini deyə bilərəm.

Rövşən Əhlimanoğlu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər