“Elə gözəl uşaq idi ki…”
Sözlərini tamamlaya bilmir, qəhərlənir. Balaca Ayanın ölümü qonşularını da yasa boğmuşdu.
Söhbət bu sabah Binəqədi rayonunun Biləcəri qəsəbəsində Dəmiryolu vağzalının “çeşidləmə” adlanan ərazisində baş vermiş yanğından gedir. Hadisə yerinə çatanda yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdü. Dünənə qədər uşaq səsləri ilə şənlənən evdən isə sadəcə küllər qalmışdı.
Yanğın baş verən zaman evdə 3 azyaşlı uşaq, bir də yaşlı nənə olub. Uzaqdan evinin yandığını görən Lətif dərhal özünü alovun içinə atıb. İki balasını, bir də yaşlı qadını xilas edə bilir. Nə qədər axtarsa da, balaca Ayanı tapa bilmir. Əcəl Lətifdən cəld tərpənib, körpəni beşiyində haqlamışdı. Yanğınsöndürənlər beşikdən körpənin külə dönmüş bədənini tapıb.
Uşağını məktəbə qoyub gələn ana baş verənləri eşidəndən özünə gələ bilmir. Qonşular deyir, Təcili Yardım ananı sakitləşdirmək üçün 3 iynə vurmalı olub. Bundan sonra, yuxuya gedib.
Qonşularının sözlərinə görə, 3 nəfəri xilas edən Lətif ciddi yanıq xəsarəti alıb. 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilən Lətif Əliyevin bədəninin 85 faizinin yandığı deyilir. İstidən dilini çölə çıxardırmış, bu səbəbdən hətta dili də yanıb. İndi hər kəs Lətifin yaşaması üçün dua edir. Tez sağalsın, balalarını başına yığsın. Çünki onlar ikinci dəfə köçkün düşüblər. Lətif o sobanı qalamasaydı, o yanğın baş verməyəcəkdi.
Yaşasaydı martda Ayanın 2 yaşı olacaqdı. Yaşasaydı anasının sevinci, atasının ərköyünü olacaqdı. Yaşasaydı…
Qeyd edək ki, bu ilin yanvar ayında artıq üçüncü körpədir ki, diri-diri yanır.
Müzakirə qapadılmışdır.