Bəstəkar Aygün Səmədzadə: “Bilsəm ki, müğənni özü mahnı yazır…”

1348

“Ulduzlu axşam”ın növbəti qonağı bəstəkar Aygün Səmədzadədir.

– Aygün xanım, siz konservatoriyanı 1990-cı ildə bitirmisiniz. Amma ilk dəfə 1996-cı ildə Flora xanımın ifa etdiyi “Ruhumuz qovuşacaq” mahnısı ilə üzə çıxdınız. Niyə belə gec – yəni bu qədər fasilə nə ilə əlaqədar idi?
– Mən konservatoriyanı bitirən ildən elə orada müəllim kimi fəaliyyətə başladım. İxtisasca musiqişünasam və sizin fasilə adlandırdığınız dövrdə elmi fəaliyyətlə məşğul olmuşam, dissertasiya üzərində çalışmışam, ən əsas isə iki övlad böyütmüşəm. Məncə tələbəliyin sonu heç də tez bir zamanda nəyinsə başlanğıcı olmamalıdır. İnsan təkcə məktəbdən deyil, həyatdan da dərs almalıdır ki, nəsə yarada bilsin. Düşünürəm ki, “Ruhumuz qovuşacaq” əsl vaxtında gəlib.– İlk bəstənizi necə xatırlayırsınız?
– İlk mahnımı Bülbül adına orta ixtisas məktəbində oxuyarkən yazmışam – 8 -ci sinifdə. Bəstəkarlıqla fakultativ məşğul olduğumdan kiçik pyeslər, sonatina və s. bəstələyirdim və müəllimlərim – Nazim Əliverdibəyov, Rüstəm Rüstəmzadə yazdıqlarımı bəyənirdilər.

– İncəsənətin ayrı-ayrı qollarında, məsələn, ədəbiyyatda, musiqi sənətinin təmsilçiləri arasında əməlli-başlı qarşıdurmalara şahidlik edirik. Bu baxımdan bəstəkarlar arasında vəziyyət necədir?
– Məncə insanlar bir-birinə demək istədiklərini efirdə yox, telefonda, ya da üzbəüz söyləsələr, məsələlər bu qədər şişməz. Bir də ki, insana hörmət gətirən onun sənətindən əvvəl şəxsiyyətidir, daxili nüfuzudur. Ona görə də qarşıdurmaların hansı ixtisas sahibləri arasında necə baş verməsi vacib deyil. Müğənnilər bəstəkarlar, rəssamlar belə vuruşur deyə döyüş növləri yaratsaq, sənət nəsə qazanacaq?

– Sizə elə gəlirmi ki, notlara köçürdüyünüz o melodiyalarda qəribə bir nisgil, qəmginlik var. Bu nədən irəli gəlir?
– Mənə necə gəlirsə, elə yazıram. Amma açığı, niyəsini bilmirəm.
Ancaq şeirdən də çox şey asılıdır. Kədərli şeirə, ritmik musiqi yazmaq olmaz. Bizim şairlərimiz çox kədərlidirlər.

-Deyərdim ki, ən populyar bəstəniz və sizi daha çox tanıdan “Məktəb illəri” olub. O illəri necə xatırlayırsınız?
– Məktəb illərinin yeri mənim üçün, ümumiyyətlə, azərbaycanlılar üçün başqadır. Amma yazdıqlarımın içində bu mahnıdan geri qalmayanlar çoxdu. “Məktəb illəri” də, “Tut ağacı”, “Bu dünyanı nağıl bilək”, “Yağış”, “Bakı haqqında nağıl”, “Qəfil zəng” də çox mahnımdan şanslı çıxdı. Dinləyicisini tam vaxtında və yerində tapdı. O biri mahnılarım da normal zövqə malik insanlar üçündür. Amma təəssüf ki, bu günün dinləyici kütləsi içərisində barmaqla saymaq olar o insanları. Elə belə-belə işlərə görə də ən xoş xatirələr elə o illərdən qalıb.

– Gözümüzdə, könlümüzdə neçə arzu, neçə istək
Bu dünyanı nağıl bilək…
Gözünüzdə, könlünüzdə hansı istəkləriniz qalıb? Belə arzu istəkləriniz çoxdurmu?
– Arzu, istək olmayan yerdə nəinki musiqi, ümumiyyətlə, həyat yoxdu.

– Sevərək dinlədiyiniz müğənnilər də olmamış deyil. Maraqlıdır, kimləri daha çox dinləyirsiniz?
– Bu sual son zamanlar çox dəbdədir. Yaxşıları dinləyirəm, pisləri söyürəm – tükürpədici səsləriylə qulaqlarımıza vurduqları ziyana görə. Təəssüf ki, radiolar insan beyninə müharibə elan edib. Birdən radionu açırsan və görürsən ki, 2-3 dalğada eyni vaxtda eyni mahnı gedir. Sonra görürsən ki, sən o mahnını zümzümə edirsən – bu, o demək deyil ki, o mahnı gözəldir, bu, sadəcə beyinə olan diversiyanın nəticəsidir.

– Nə vaxtsa böyük həcmli bir əsər yazmaq fikriniz varmı?
– Nə vaxtsa deyərəm (gülür).

– “Bu dünyanı nağıl bilək”, “Yağış”, “Ruhumuz qovuşacaq”, “Gözüm səni axtarır”, “Sevgi deyilmiş” və bu kimi bir sıra mahnıları dinlədikcə adama elə gəlir ki, Aygün xanımın qəlbində nakam qalmış bir sevginin közərtisi hələ də qalıb.
– Məncə hər hansı bir mahnı dinləyicidə müəllifin həyatıyla bağlı suallar yarada bilirsə, bu, artıq uğurdur. Mahnıdan gələn marağın səbəbkarları ya şairdir, ya bəstəkar, bəlkə də hər ikisi… O ki,qaldı nakam sevgi közərtisi məsələsinə, məncə, SEVGİ əvvəlində olan (nakam, kam) zərfliklərə baxmayaraq yanır-yanır və nə vaxtsa közə çevrilir. Əsas közün yenidən alovlana bilməsidi. Sevgisiz heç nə yaranmır.

-Sizcə, mahnıda hansı daha öndədir: söz yoxsa musiqi?
– Bu mövzu uzun əsrlərdir ki, toyuq və yumurta söhbəti kimi polemika meydanındadır. Amma zarafatı bir yana qoyaq və dünya musiqisinin ən görkəmli bəstəkarlarının bu sualla bağlı maraqlı fikirlərini yada salaq. Motsart poeziyanı musiqinin itaətkar qızı adlandırıb, Vaqner sözü daha üstün hesab edib və sairə……. Sözün əhəmiyyəti böyükdür, musiqimi şeirə yazıram. Amma şeirə tabe olmuram. onu musiqimlə dostlaşdırmağa çalışıram. Bəzən redaktə edirəm, bəzən əlavə misralar yazıram, bir sözlə ya şairlə, ya da şeirlə çalışıram. O ki qaldı, hansının daha öndə olmasına – təbii ki, söhbət mahnıdan gedəndə son söz musiqinindir.

– Bəs yaş ötdükcə bəstəkarın musiqilərində nə kimi məzmun dəyişikliyi baş verir?
– İnsan yaratmaq üçün həyatı sevməlidir. Bu da yaşla yox, xarakterlə bağlı xoşbəxtlikdir. Yaş yazdıqlarına, oxutduqlarına tənqidi münasibəti artıra bilər, amma istedadı nə artırar, nə də azaldar. Mənim mövzularım hələ dəyişməyib. Sizin dediyiniz yaş mərhələsinə, yəqin, hələ keçmədiyimdəndir. Bircə onu deyə bilərəm ki, yaş ötdükcə sənətindən asılı olmayaraq insan ya müdrikləşir, ya da səfehləşir. Bütün bunlar da onun yaratdıqlarında aydın əks olunur.

– Hansı şairlə daha yaxşı tandeminiz alınır?
– Müxtəlif şairlərin sözlərinə bəstələdiyim mahnılar uğur qazanırsa, deməli, hər biriylə tandem uğurlu alınır və bərabər çalışdığım hər bir şairin həyatımda öz yeri var.

– Bəs müasir gənc yazarların yaradıcılığını necə izləyirsinizmi? Kimləri bəyənirsiniz?
– Mən klassikləri həmişə aktual hesab edirəm. Bəzi əsərləri isə dönə-dönə oxumuşam. Məsələn, Tolstoyun “Anna Karenina”, Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərlərini çox sevirəm. İsmayıl Şıxlının “Dəli kür” romanını dəfələrlə oxumuşam. “Dəli kür”ü obyektivliyinə görə olduqca çox sevirəm. Bu əsərlərin hər birində qəhrəmanların öz həqiqətləri var. Düşünürəm ki, belə bir əsər yaratmaq üçün nə qədər bilik, istedad, daxili mədəniyyət lazımdır, belə bir əsəri çətin ki, bir də kimsə yazsın. Müasir dünya ədəbiyyatını da oxuyuram. Paolo Koelo, Qabriel Qarsiya Markes, Bernhard Şlink, Mark Levi, Xalid Hüseyni və b. da oxuyuram. Bir sözlə sevərək oxuduqlarım da var, dəbdə olduğuna görə oxuduğum da var. Hətta Dontsovanın ironik dedektivlərini oxuduğum vaxtlar da olur. Amma etiraf edim ki, son vaxtlar bədii qiraət sürətim azalıb, bu da yəqin həyatın digər sahələrinin sürətinin artmasıyla bağlıdır .Bizim gənc yazarların qələmindən çıxan maraqlı ədəbiyyat nümunələrinin olduğunu da danmaq olmaz. Ancaq gənc yazarlara içimdə xeyli suallarım var.

– Məsələn, nə kimi suallar?
– Düşünürəm ki, indikilər özlərini əvvəlkilərdən çox ağıllı hesab edirlər. İndikilərin bəzilərinin öz əsərlərində dəyərləri tapdalaması nə dərəcədə düzdür? Əslində, bu əsərlərin çoxunu jarqonlardan, çirkdən təmizləsək, görərik ki, onlarda nə qədər maraqlı ideyalar, gözəl fikirlər var.

– Ancaq bu da faktdır ki, bəzən bunu oxucu kütləsi özü tələb edir. Məsələn, ömrü boyu səviyyəsini, abır-həyasını qorumuş bir sənətkarla müsahibədə başlıq da müsahibin fikirlərinə münasib olur. Ancaq başqa bir müsahib “18plyus” nəsə deyir və bu cür başlıqlı yazı, xəbər daha çox oxunur. Hər kəs deyir ki, bunlar pisdir – bəs onları oxuyanlar kimlərdir?
– Doğrudur, bəzən bu cür əsərlər də kütləyə hesablanır. Əsas məqsəd əsərin satışı olur və buna görə də yazıçılar bu cür manevrlərə hazır olurlar. Bəlkə onları da qınamaq olmaz. Hər şeyin bir maddi tərəfi də var.

– Yeni dəb yaranıb – müğənnilər də bəstəkarlıqla məşğuldur.
– Bax, bunu heç təqdir etmirəm. Ola bilsin ki, kimsə əvvəldən bu cür başlayıb, bəlkə də bəstəkarlıqdan sonra səhnəyə çıxıb, ancaq elələri də var ki, bəstəkarla 10-12 mahnını işlədikdən sonra onun iş metodlarını, tərzlərini mənsiməyərək özü bəstəkarlıq etməyə başlayır. Mən bunu özlərinə də deyirəm. Bu cür ifaçıları bəyənmirəm, əgər bilsəm ki, müğənni özü mahnı yazır, mən həmin ifaçıya mahnı verməyi dayandırıram. Mahnıya baxıb mahnı yazmaq doğru deyil, bu, plagiatdır.

– Maraqlıdır, söz yığını olan şeirə musiqi bəstələmək istəməyəndə necə boyun qaçırırsınız?
– Söz yığını şeir deyil ki…Sözü üzə demək qabiliyyətim belə vaxtlarda köməyimə çatır. Konkret yox deyə bilirəm.

– Gəlin, azacıq musiqidən uzaqlaşaq. Tanınmış ictimai-siyasi xadimin, iqtisadçının qızı olmaq sizin üçün bu günə kimi nəyi ifadə edib?
– Hər şeydən əvvəl bu, mənə qürur verir. O da atamın tanınmış ictimai-siyasi xadim, iqtisadçı olmasına görə yox. Cəmiyyətdə olan hörməti çalışdığı vəzifələrə görə deyil, insanlığı və ziyalılığı hesabına qazandığına görə..

– Bəs, iqtisadçının qızı olmaq xərclərinizə nəzarətdə özünü necə hiss etdirir?
– Ekonomika və ekonomiya sözləri bu gün fərqli mənalar daşıyır. Bu sahədə sözün əsl mənasında, diletant olsam da, mənim fikrimcə iqtisadiyyat heç də qənaət demək deyil. Bir də mən iqtisadçının qızıyam, özü deyiləm ki.

– Bir az da ev işlərinə gələk. Adətən mətbəx iş qadınlarının qorxulu röyasına çevrilir. Onlar bunu daha çox vaxtlarının azlığı ilə izah edirlər. Bəs sizdə necə? Mətbəxlə, biş-düşlə aranız necədir?
– Bilirsiz, mən nə tam iş qadınıyam, nə də ki, tam evdaram. Ona görə mətbəxə də münasibətim bir az yaradıcıdır, yəni həvəslə bağlıdır. Amma qonaq süfrəsi hazırlamağı sevirəm. Mətbəximdə də başqalarının evdarlıq eləməsindən xoşum gəlməz.

– Deyəsən, heyvanlara xüsusi sevginiz var?
– Uşaq vaxtı hər ad günümdə arzulayırdım ki, mənə dovşan alsınlar. Həmişə səhər ayılanda görürdüm ki, evdə dovşan var. Sonrası gün deyirdilər ki, dovşan qaçdı. Evdə dovşanı saxlamaq rahat olmadığından, sən demə, məni aldadırlarmış (gülür – S.D.). Sonralar bağ evimizdə kirpilər saxlayırdım, onlara qulluq edirdim. Xüsusilə itləri, pişikləri və atları çox sevirəm. Hazırda 5 itim var. Hesab edirəm ki, onlar çox insanlardan sədaqətlidirlər.

Səbinə Dəniz, publika.az üçün

Fotolar: Nuran Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər