Qloballaşan dünyada sülhün və əmin-amanlığın təmin olunmasına töhfələr verməli olan beynəlxalq təşkilatların bəziləri artıq bir növ tamaşaçı mövqeyi tutmaqla üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bilmirlər və ya gəlmək istəmirlər. Elə bu səbəbdəndir ki, dünyada yeni əməkdaşlıq formatlarının yaradılması zərurəti ortaya çıxmışdır. Mövcud beynəlxalq təşkilatların fəaliyyətsizliyindən əziyyət çəkmiş ölkəmiz üçün terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional sülhün və sabitliyin təmin olunması önəm kəsb etdiyindən Azərbaycan bu sahələri prioritet hesab edən təşkilatlarla əməkdaşlığa daha çox üstünlük verir. Bu baxımdan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Qoşulmama Hərəkatı və s. kimi beynəlxalq qurum və təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı daha çox diqqət mərkəzində durur.
Qeyd etmək yerinə düşər ki, hazırda BMT-dən sonra ikinci ən böyük təsisat olan, öz sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edən Azərbaycanın sədrliyinin yekdilliklə daha bir il uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.
Həmçinin Azərbaycanın 2016-cı ildə imzalanmış Memorandumla ŞƏT ilə qurulmaqda olan münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, hazırda Azərbaycan ŞƏT ilə dialoq tərəfdaşı statusuna sahibdir. Azərbaycanın ŞƏT ilə münasibətlərinin yüksək səviyyədə qurulmasını şərtləndirən cəhətlər, həm də sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi kimi sahələrin təşkilatın prioritetləri sırasında olmasıdır.
Cari ilin 16 sentyabr tarixində Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə Prezident İlham Əliyevin fəxri qonaq qismində qatılması tarixi əhəmiyyət kəsb edir və dövlətimizin başçısının dünyada artan nüfuzundan xəbər verir. Prezident Sammitdə çıxışı zamanı Azərbaycanın xarici siyasətinin həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusi vurğuladı və Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməklə davam edəcəyini Sammit iştirakçılarının diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin Sammitdə çıxışı zamanı vurğuladığı kimi, əlverişli coğrafi məkana və zəngin təbii resurslara malik olan Azərbaycan regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Belə ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. 2020-ci ilin sonunda torpaqlarımız düşmən işğalından azad edildikdən sonra bu istiqamətdə ölkəmiz xüsusi imkanlar və yeni uğurlar qazanıb. Təbii olaraq həyata keçirilmiş nəqliyyat-kommunikasiya layihələri Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və nəqliyyat marşrutu boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Əlbəttə, bu, həm də Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzunu daha da artırır.
Ramiz Hüseynov,
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri