Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun açılışı olub (FOTO)

2538

Azərbaycan prezidenti İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin açılışında iştirak edib, magistralın ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olub.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ötürücülərinin tikilməsi, magistral yolların salınması, yeraltı və yerüstü keçidlərin inşası davam etdirilir. Prezident İlham Əliyevin abadlıq və quruculuq işlərini daim diqqət mərkəzində saxlaması nəticəsində görülən işlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilir. Dövlət başçısının tapşırıqlarına əsasən görülən məqsədyönlü tədbirlər nəticəsində paytaxtın yol-nəqliyyat infrastrukturuna yeni obyektlər əlavə olunub.

Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısında tikilmiş tunelin texniki göstəriciləri barədə prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 65 metrə, eni isə 23 metrə yaxın olan tunelin inşası yüksək keyfiyyətlə başa çatdırılıb. Dörd zolaqdan ibarət tunelin hərəkət hissəsinin eni 15 metrdir. Yolun bu sahəsinin müxtəlif hissələrində yeraltı piyada keçidlərinin inşasının başa çatdırıldığı, körpünün tikintisinin isə tamamlanmaq üzrə olduğu bildirilib.

Dövlət başçısı tunelin açılışını bildirən lenti kəsib. Açılışdan sonra prezident İlham Əliyev yolun rahatlığını yoxlamaq üçün sükan arxasına keçərək avtomobili idarə edib.

Sonra prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olub. Layihənin texniki göstəriciləri barədə dövlət başçısına məlumat verilib.

Bildirilib ki, layihəyə görə 6 zolaqdan ibarət yolun bu hissəsinin ümumi uzunluğu 28 kilometr, hərəkət zolaqlarının eni isə 4 metrə yaxındır. Yol boyu avtomobil və dəmir yollarının üzərində 12 körpünün və yol ötürücüsünün inşası nəzərdə tutulur. Bu yolun inşasında əsas məqsəd Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrini strateji əhəmiyyətli Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh-Sumqayıt avtomobil magistralı vasitəsilə paytaxta daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində beynəlxalq nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, yeni magistral həmin yaşayış məntəqələrinə Bakı-Şamaxı avtomobil yoluna çıxmaqla respublikanın qərb zonası ilə təhlükəsiz, iqtisadi baxımdan daha səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.

Layihə ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər