Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun bir hissəsinin 2013-ci ildə istismara verilməsi planlaşdırılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avtomobil yolu Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Mehdiabad, Novxanı, Saray, Masazır, Xırdalan, Hökməli istiqamətində davam etməklə, Bakı–Şamaxı-Yevlax avtomobil yoluna birləşəcəkdir. Altı hərəkət zolağı üçün nəzərdə tutulan yolun ümumi uzunluğu 42 kilometr təşkil edəcəkdir.
Mərhələli şəkildə davam etdirilən tikinti işləri 0-14, 14-42 kilometrdə həyata keçirilir. Artıq 14 kilometrlik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülmüş, 2 yol qovşağı, bir piyada keçidinin tikintisi başa çatdırılmışdır.