“Bir neçə ilə Sumqayıtda bütün müharibə əlillərinin və şəhid ailələrinin ev problemi tam həll olunacaq”

3247

Sumqayıtda müharibə əlilləri və şəhid ailələri üçün ilk bina 1999-cu ildə istifadəyə verilib. 2005-2009-cu illərdə isə hər il bir bina olmaqla ümumilikdə 5 bina tikilərək təhvil verilib. Hazırda 12 mərtəbəli, 96 mənzilli bir binanın inşası davam etdirilir. Layihədə bundan əlavə, daha 2 binanın tikintisi nəzərdə tutulur. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və ŞəhidAilələri İctimai Birliyinin Sumqayıt Şəhər Şöbəsinin sədri Tərlan Hacızadə: “İlk növbədə I, II, III qrup Qarabağ müharibəsi əlilləri və şəhid ailələri evlə təmin olunurlar. Buna paralel Çernobıl əlillərinə də ev verilməkdədir”.

“Son illər Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Sumqayıt şəhərində də Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb və bu proses davam edir. Əminliklə deyə bilərik ki, yaxın 4-5 ildə şəhərimizdə müharibə əlillərinin və şəhid ailələrinin mənzil problemi tamamilə həll olunacaq”. Bu sözləri qəzetimizə açıqlamasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt Şəhər Şöbəsinin sədri, II qrup Qarabağ müharibəsi əlili Tərlan Hacızadə söylədi. Tərlan müəllimlə II qrup Qarabağ əlili Etibar Məmmədovun bir neçə il öncə dövlətin ona bağışladığı mənzilində həmsöhbət olduq. Məlumat üçün onu da bildirək ki, Tərlan Hacızadə 1992-ci ildən 1994-cü ilin yanvar ayınadək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə zabit kimi fəal iştirak edib. Ağdərə rayonunun Madagiz kəndinin müdafiəsi uğrunda döyüşlərdə ağır yaralanıb, kontuziya alıb. 2005-ci ildən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt Şəhər Şöbəsinin sədridir. Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

“Hazırda cəmiyyətimizin 650-dən artıq üzvü var”, – deyə qeyd edən həmsöhbətimiz bildirdi ki, onlardan 30 nəfərdən çoxu I, 67-si II qrup Qarabağ əlilidir. Onun sözlərinə görə, ümumilikdə, Sumqayıtda 500-ə yaxın Qarabağ əlili, 550-dən artıq şəhid ailəsi, 3000-dən çox müharibə veteranı var.

“İlk bina 1999-cu ildə istifadəyə verilib”
T. Hacızadə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 1999-cu ildən Sumqayıtda müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin tikintisinə başlanıldığını söylədi: “İlk bina 1999-cu ildə istifadəyə verilib. 2005-2009-cu illərdə isə hər il bir bina olmaqla ümumilikdə 5 bina tikilərək təhvil verilib. Hazırda12 mərtəbəli, 96 mənzilli bir binanın inşası davam etdirilir”. Müsahibimizin sözlərinə görə, layihədə bundan əlavə, daha 2 binanın tikintisi nəzərdə tutulur: “İlk növbədə, I, II, III qrup Qarabağ müharibəsi əlilləri və şəhid ailələri evlə təmin olunurlar. Buna paralel Çernobıl əlillərinə də ev verilməkdədir”.

“113 nəfər Qarabağ əlili, 23 şəhid ailəsi ev növbəsindədir”
Həmsöhbətimizdən onu da öyrəndik ki, hazırda Sumqayıt şəhərində 113 nəfər Qarabağ əlili, 23 şəhid ailəsi ev növbəsindədir. Onun bildirdiyinə görə, indiyədək Sumqayıtda 217 Qarabağ müharibəsi əlili, 13 Çernobıl əlili və 93 şəhid ailəsi evlə təmin edilib: “Sonuncu ev alan Qarabağ əlili 2005-ci ildə ev növbəsinə durmuşdu. Sonuncu şəhid ailəsi isə 2006-cı ildə ev növbəsinə yazılıb”.
“Vaxt vardı ofisdə oturmaq olmurdu. Ərizə əlindən gözümüzü aça bilmirdik. Bu gün, demək olar ki, elə bir problem yoxdur”, – deyə qeyd edən həmsöhbətimiz bildirdi ki, 12 mərtəbəli bina istifadəyə veriləndən sonra Sumqayıtda bu problem 80 faiz həllini tapacaq. Onun sözlərinə görə, həmin bina bu ilin dekabrında istifadəyə veriləcək.
“Mənə verilən evdən bir neçə dəfə könüllü imtina etdim”
Dövlətin ona verdiyi evlə bizi tanış edən II qrup Qarabağ əlili Etibar Məmmədov evlərin keyfiyyətindən razılığını bildirdi. Məlumat üçün qeyd edək ki, Etibar Məmmədov 1993-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1994-cü ilin yanvar ayında Ağdərə uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanıb. Elə həmin ildə də Sumqayıtda ev növbəsinə yazılıb: “Növbəyə yazılandan sonra bir neçə dəfə məni çağırıb növbəmin çatdığını və ev vermək istədiklərini dedilər. Amma könüllü şəkildə imtina etdim. Çünki məndən də ağır vəziyyətdə yaşayan, çətin durumda olan Qarabağ əlilləri var idi. Ona görə də könüllü şəkildə növbəmi onlara verirdim. Amma oğlum hərbi xidməti başa vurandan sonra belə qərara gəldim ki, mənim də öz növbəmdən istifadə etmək məqamım yetişib. Çünki bu yaxınlarda oğlumu evləndirəcəyəm, istəmirəm ki, onun ailəsi ilə birgə darısqal şəraitdə yaşayaq”.
Həmsöhbətimiz müharibə əlillərinə verilən evlərin müasir standartlara tam cavab verdiyini qeyd etdi. Mənzillərə istilik verilib-verilməməsi ilə də maraqlandıq. Məlum oldu ki, bu problem də həllini tapıb.
“Qarabağ əlillərinin əsas problemi işsizlikdir”
Bəs Sumqayıtda Qarabağ müharibəsi əlillərinin əsas problemi nədir? Etibar Məmmədov bu sualımıza belə cavab verdi: “Əsas narahatlığımız müharibə əlillərinin işsizlik problemi ilə bağlıdır. Qanunvericiliyə uyğun olaraq, hər bir iş yerində sağlam insanlarla yanaşı, müharibə əlilləri də işlə təmin edilməlidirlər. Bunun üçün müəyyən norma var. Təəssüf ki, əksər müəssisələrdə bu qanuna əməl olunmur. Amma biz yenə ümidimizi itirmirik. İnanırıq ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılacaq”.
Söhbətimizə müdaxilə edən Tərlan Hacızadə Sumqayıtdan millət vəkili seçilən Muxtar Babayevin hələ seçkilər vaxtı onlara bu məsələdə köməklik göstərəcəyi barədə vəd verdiyini dedi: “Muxtar müəllim özü bu məsələni qaldırıb. Hər halda inanırıq ki, o, vədinə əməl edəcək”.

“Qəzetlər və televiziyalar hələ biz istədiyimiz səviyyədə deyil”
Müharibə əlilləri onları narahat edən digər məsələlər barədə də danışdılar. Onlar xüsusilə telekanallarda efirə gedən bir çox verilişlərdən narazılıqlarını bildirdilər. T. Hacızadə telekanallarda insanları vətənpərvərliyə, ruh yüksəkliyinə səsləyən verilişlərin az olduğunu dedi: “Azərbaycanın 200-dən artıq Milli Qəhrəmanı var. Təəssüf ki, həmin insanların bir çoxunu hələ də sadə insanlarımız tanımırlar. Bu işi telekanallar, qəzetlər görməlidirlər. Həmin Milli Qəhrəmanların hər biri müharibədə göstərdiyi qəhrəmanlığa görə bu ada layiq görülüb. Xüsusilə, gənc nəslin nümayəndələrinin onları tanımalarına, nümunə götürmələrinə ehtiyac var”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Elman HUseynov
    Fevral 3, 2013 - 22:11

    Salam Tərlan müəllim mən də müharibədə olmuşam,özümdə veteranam, mən bilmək istəyirəm bizə də nə vaxtsa ev veriləcək? Mən hal hazirda kirayədə qalıram.
    Xahiş edirəm mənə bir məlumat verəsiniz.

    Hörmətlə: Elman H.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər