Təxminən iki ay bundan əvvəl Qəbələdə Ramiz Məmmədovla görüşmüşdüm. Gələcək planlarından, gördüyü işlərdən, komandaya gəlişindən sonra etdiyi dəyişikliklərdən və ən nəhayət, qışda etdiyi transferlərdən həvəslə danışmışdı. Söhbətimizin maraqlı məqamlarından müsahibə hazırlayıb, sizə təqdim etmişdim. Onda ağlımıza da gəlməzdi ki, üstündən heç 60 gün keçməyəcək, Ramiz bəy postundan istefa verməli olacaq. Azərbaycan futbolu gözlənilməzliklərlə doludur. Bu sürpriz olayların çoxu elə “Qəbələ”də reallığa çevrilir. Çalışdırıcının əyalət klubundakı fəaliyyətinin ilk dövrü hamımızın yadındadır. Ortababların toplaşdığı “qırmızı-qaralar” heç kim üçün asan rəqib sayılmır, hətta ara-sıra daha iddialı klublarla oyunlarda aldığı sonuclarla hamını təəccübləndirirdi. Sonra birdən-birə klub rəhbərliyi radikal dəyişikliyə getməyi, Avropada adından söz etdirəcək komanda yaratmağı hədəflədilər. “Qəbələ”nin hazırki uğursuzluqlarının əsası da o vaxtdan qoyuldu. Aradan üç il keçib və həmin üç il sözün tam mənasında boşa verilib. Nə gəlib-gedən legionerlərlə ciddi nəticə qazanılıb, nə də bircə nəfər qəbələli gənc yetişdirilib, Azərbaycan futboluna qazandırılıb. Ramiz Məmmədovun bu dəfəki istefası hər şeyin yenidən sıfırdan başlanacağı anlamına gəlir. Yeni məşqçi gələcək, yeni transferlər, yenə havaya sovrulan (daha doğrusu kimlərinsə cibinə axacaq) milyonlar…gələn il bu vaxtı həmin məşqçi də istefa ərizəsini klub rəhbərliyinin masasının üstünə qoyub, gedəcək başqa məcaralarının arxasınca. Məni səhv anlamayın, Ramiz Məmmədov baş məşqçi postuna necə gəlmişdisə, elə də istefa verməli oldu. Yadınızdadısa, Adamsın gedişindən sonra Fatik Kavlak müvəqqəti təyinat aldı və dərhal nəticələr yaxşılaşdı. Belədə rəhbərlik türkiyəli çalışdırcının tərifini göyün yeddinci qatına qaldırmışdı. Kavlakla gediləcək yolun uzunluğundan, artıq növbəti mövsüm komandanın Avrokuboklara qatılacaq gücdə olduğundan dəm vururdular. Belə çıxırdı ki, klubda tək problem Adams imiş, imkan vermirmiş futbolçular meydana çıxıb qələbələri sıralasınlar. Sonrasını bilirsiz, yay fasiləsində istədiyi komandanı qurmaq üçün bütün imkanlara sahib olan Fatih hoca “Kəpəz”ə məğlub oldu, evdəki “Rəvan”la oyun onun üçün sonuncu kimi rəsmiləşdi. Ramiz Məmmədovun ssenarisi də təxminən bu cür idi. Qış fasiləsinə qədər ciddi təzyiqlə üzləşməyən, nəticələri heç də pis olmayan çalışdırıcı qış transfer dönəmində yeddi yeni transfer həyata keçirdi. Yeddi yeni futbolçu bir komandanın yarısından çoxu deməkdir Həmin yeddi nəfərlə “Qəbələ”nin gücü heç olmazsa 50 faiz artmalı, komanda turnir cədvələnin ilk üç pilləsinin birini tutmalı idi. Artıq nəticələri daha da yaxşılaşdırmaq tələb olunurdu ki, işlər yenidən qarışmağa başladı. Günaha batmaq istəmirəm, amma fikrimcə, “Qəbələ”də ab-havanı məşqçilər yox, legionerlər müəyyənləşdirir. Dodo, Mendi, Kamanan üçlüsü istədiyi çalışdırıcını göylərə qaldırıb, ordan guppultuyla yerə çırpa bilirlər. Zaman keçər, Məmmədov yenidən “Qəbələ”yə qayıdar-qayıtmaz onu bilmirik. Heç çalışdırıcının bacarığını müzakirə etmək, harda və necə səhvlər etməsini müzakirə etməyin də yeri yoxdur. Olan olub, amma ortada yekə bir fakt var ki, klub rəsmilərinin həmin faktın qarşısında susmaları çox təəccüblüdür. Götürün əlinizin altındakı videoyazılardan komandanızın qalib gəldiyi, misalçün “Neftçi”yə qarşı sərgilədiyi oyuna baxın, bir də son qarşılaşmalara. Müqayisə edib, komandanızın uğursuzluqlarının səbəbini asanlıqla tapa bilərsiz. “Qəbələ”nin son oyunlarının əksərini izləmək imkanım olub. Müşahidələrimi bircə kəlməylə belə ifadə edərdim: yenilər oynamağı bacarmır, köhnələr isə daha əvvəlki kimi oynamaq istəmirlər. Azərbaycan klublarında qəribə bir tendensiya yaranıb, uğursuzluqlara görə ancaq baş məşqçilər günahkar elan olunur, onlar istefaya gedirlər. Məgər, “Qəbələ”nin indiki vəziyyətinə görə klubun vitse-prezidenti, meneceri heç məsuliyyət daşımırlar? Görəsən niyə onlar cəsarət edib özlərinin də hansısa səhvə yol verdiyini etiraf etmirlər? Ramiz Məmmədov getdi Adams gəldi, ingilis çalışdırıcı yerini türkə verməli oldu, sonra yenidən Məmmədova güvənildi…indi yeni dövriyyə başlayır. Kimdi bu ssenarini yazan, kim bütün bu siyasətin fikir müəllifidi məlum deyil. Çalışdırıcılar bir birinin ardınca yola salınır, rəhbərlik yerindədir. Klub prezidentinin işi onsuz da pul xərcləməklə yekunlaşır, bəs qalan idarəçilərin fəaliyyəti nədən ibarətdir? Bu gedişlə növbəti dəfə baş məşqçi postuna təyin olunacaq çalışdırıcını yaxşı heç bir perespektiv gözləmir. İşə qeyri-peşəkar münasibət, bu günü qurtarmaq üçün xərclənən pullar, uzaqgörən strategiyanın olmaması Azərbaycan klublarının böyüməsinə imkan vermir. Belə xüsusiyyətlərinə görə “Qəbələ” “Bakı”yla “Xəzər Lənkəran”a daha çox bənzəyir. Sıravi azərkeşlərsə fikir çəkirlər ki, niyə bizim futbolumuz inkişaf etmir. Əslində isə burda sirrli heç nə yoxdur…
Amal Abuşov