“GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb. Virtualaz.org-a məlum olub ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlı tapıb yaxalayıblar.
Emin Zeynalovun ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb etdiyi və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödədədiyi, amma bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxdığı haqda saytımız bir neçə gün əvvəl yaymışdı.Məlumatlara görə Zeynalov pulları online valyuta birjası “Forex”-ə yatırıb və iri məbləğdə ziyana düşüb. Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Lakin bu məlumatlar və qeyri-leqal pul dövriyyəsi sxemi haqda mətbuatda yazılanlardan sonra E.Zeynalov ötən gün saytlardan birinə açıqlama verib.Deyib ki, barəsində yayılan məlumatlara görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib və “tədbir görülməsini” istəyib. İndi isə məlum olur ki, idarə bu irimiqyaslı maxinasiyaya yol vermiş bankirin özünü saxlayıb.