Bir tamaşanın təəssüratları : Sumqayıt teatrsevərləri “Ocaq” başında

1605

Tamaşa bütün dünyada müxtəlif, çoxsaylı variantlarla dəfələrlə müraciət olunmuş bir mövzu ilə – ailə-məişət problemləri ilə bağlı olsa da, mükəmməl dramaturq-rejissor işi bu dəfə tamaşaçıda nəinki bəsitlik təəssüratı yaratmır və onu yormur, əksinə – əsərin mənəvi-tərbiyəvi gücünə görə “ailə modelinə”, ailə yaşantılarına fərqli bir mövqedən baxmağa və düşünməyə, cəmiyyəti, həyatı yalnız göründüyü rəngdə yox, çətin sezilən spektrləri ilə də görməyi bacarmağa, onu daha dərindən qavrayıb, qəbul etməyə səsləyərək, məntiqi-fəlsəfi nəticə çıxarmağa da sövq edir.

Aktyorlardan öncə Teatrın direktorunu və baş rejissoru səhnəyə çıxmağa nə vadar etdi?

Əlbəttə, tamaşaçılarla daha sıx və səmimi ünsiyyət qurmaq üçün teatr rəhbərlərinin tamaşadan əvvəl baxılacaq yeni əsər haqqında müəyyən təsəvvür yaratmaq məqsədilə səhnəyə çıxıb qısa məlumat vermələri heç də yeni və nadir hal deyil. Lakin bu dəfə Teatrın direktoru, Əməkdar Mədəniyyət işçisi İslam Həsənovu və Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovu aktyorlardan öncə səhnəyə çıxmağa vadar edən həm də mənəvi bir borc – minnətdarlıq hissindən doğan təşəkkür borcu idi. Vaxtilə – 40 ildən artıq kirayənişini olduqları S.Vurğun adına Mədəniyyət sarayının Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Dram Teatrına diqqət və qayğının ifadəsi kimi həmişəlik olaraq bu teatra verilməsinə görə ölkə rəhbərinə minnətdarlıq hissi və ötən mövsümdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü ilə Teatrın binasının ən son, müasir tələblər səviyyəsində əsaslı təmir edilərək, kollektivin ixtiyarına verilməsindən irəli gələn təşəkkür borcu.

Belə bir təşəkkür bir müddət əvvəl bildirilsə də, Teatr rəhbərliyi bunu yeni mövsümün açılışına gəlmiş yüzlərlə tamaşaçılarla – yolunu intizarla gözlədikləri sumqayıtlılarla birgə ifadə etməyin daha mühüm olduğunu lazım biliblər. Axı, teatr üçün göstərilən hər bir diqqət və qayğı son nəticə olaraq tamaşaçılara, Sumqayıt sakinlərinə göstərilən diqqət və qayğı, mədəni xidmətdir. Bir də ki teatrın binasının memarlıq-dizayn baxımından necə müasir, gözəl bir görkəm aldığını yüzlərlə tamaşaçıya eyni vaxtda göstərib, təqdim etmək üçün yeni teatr mövsümünün açılışından daha münasib bir fürsət nə ola bilərdi ki? Yəni ki, tamaşaçı mövsümün açılışına gələrək yeni, maraqlı bir tamaşaya baxmaqla yanaşı həm də bu böyük mədəniyyət məbədinin giriş qapılarından tutmuş tamaşa zalına, tavandan asılmış əzəmətli, gur işıqlı çilçırağa qədər hər şeyin qədim saraylar üslubunda qızılı rəngli ornamentlərlə zövqlə işlənməsinə, yumşaq, rahat kreslolara və s. diqqət yetirərək, daxilən razılıq, məmnunluq hissi keçirir, onlar üçün bu gözəl şəraiti yaradanlara qəlbən minnətdarlıq bildirirlər. Aktyor kollektivinin və tamaşaçıların adından belə bir təşəkkürü çatdırmaq missiyası isə, təbii ki Teatr rəhbərliyinin öhdəsinə düşürdü ki, o da bunu əlverişli bir fürsət kimi etməyə bilməzdi…

Həmin axşam Teatrın kollektivi iki sevincin təsiri altında idi – həm Teatr binasının tamaşaçıların üzünə yeni görkəmi ilə açılmasının, həm də sumqayıtlılar üçün tam əminliklə çox gözəl bir tamaşa təqdim edə biləcəklərinin sevinci…

Minlərlə ailəyə bənzəyən, lakin öz dərdi-səri olan bir ailənin “Olum, ya ölüm!” çarpışmaları

Türk dramaturqu T.Özakmanın əsəri əsasında Teatrın baş rejissoru, respublikanın Əməkdar artisti Firudin Məhərrəmovun səhnə quruluşu verdiyi tamaşada yalnız Türkiyədə deyil, dünyanın digər ölkələrində də bir-çox ailələrin üzləşdiyi problemlər qabarıq təzahürləri, müxtəlif düşündürücü məqamları ilə ümumiləşdirilmiş, çox dramatik şəkildə təqdim olunur.

Tamaşa onun mövzusunun doğurduğu maraqlı bir səhnə ilə – əsərin qəhrəmanlarının birlikdə pəncərədən harasa, lap uzaqlara boylanaraq kiminsə gəlişini, nəsə bir möcüzə baş verəcəyini intizarla gözləməsini diqqətə çatdıran fraqmentlə başlayır. Bu, minlərlə ailədə olduğu kimi uşaq sadəlövhlüyü ilə, nağıllarda olduğu tək sehrli bir əlin ailəyə xoşbəxtlik, firavanlıq bəxş edəcəyinə, gözəl bir sabaha olan böyük ümid, lakin reallığına o qədər də inanmadıqları əlçatmaz bir xəyaldır.

“Paşa”nın gəlişini gözləyən nənə, evin dayağı olan Ana

Tamaşadakı çox adi, imkansızlıqdan, kasıbçılıqdan bezmiş bir ailənin dərdsiz-qayğısız, yaxşı yaşamaq istəyi özünü xəyallarında güclü, hər şeyə qadir bir Paşanın qızı hesab edən ağbirçək nənədə (respublikanın Əməkdar artisti Fəranə Musayeva) o qədər güclüdür ki, o, artıq öz xəyal və arzularının əsirinə çevrilib, az qala havalanaraq, “Paşa”nın tezliklə gəlib, ailəni ağır vəziyyətdən qurtaracağına böyük ümidlə, sevinclə yaşayır və evdəkilərin hamısını, hətta xəyalında təsəvvür etdiyi, əslində olmayan qulluqçuları da yolunu gözlədikləri “Paşa”nın pişvazına çıxmağa, onu hörmətlə, ləyaqətlə qarşılamağa çağırır.

Nənədən başqa tamaşada daha iki xəyalpərəst də var – biri ailənin başçısı Tarik (yaxşı olardı ki, müəllif ata üçün başqa bir ciddi, “sanballı” ad – Məhəmməd, Mahmud, Osman, Süleyman və s. ad verəydi), o biri isə onun böyük oğlu Nihatdır. Ancaq Tarik (respublikanın Əməkdar artisti Rauf Ağakişiyev) heç də tam xəyalpərəst deyil, o, ailəsini dolandırmaq xatirinə konkret iş, kiçik biznes qurmaq üçün reallığa söykənən müxtəlif planlar düşünsə də, hər dəfə uğursuzluğa düçar olur. Oğlu Nihatın xəyalları isə yalnız özünün yaxşı yaşayışı üçün qurduğu, heç bir əsası olmayan, həqiqətə çevirmək üçün zərrəcə də cəhd göstərməyə çalışmadığı xülyalardır.

Nihat məhz nənəsinin xətrinin xoş olması üçün özünü “Paşa” xülyalı göstərdiyindən nənəsinin sevimli nəvəsidir. Varlı, zəngin bir “paşa”nın qızı olması, artıq həyatda olmayan atasının tezliklə gəlib bu ailəni ağır vəziyyətdən qurtaracağı fikri ilə, onu qarşılamağa hazır olmaq tələbi ilə ailədə narazılığa, narahatlığa səbəb olan nənə məhz Nihatın ona inanması ilə təsəlli tapıb sevinir, nəvəsini də özünün xəyalları ilə çəkib aparmaq istədiyi göyün yeddinci qatında süzür, xəyalların qoynunda məst olub xumarlanır. Nənəsinin xətrinə Nihat da guya bir gün ecazkar babasının – “Paşa”nın peyda olacağına və heç bir əziyyət çəkmədən, onun hesabına xoşbəxt yaşayacaqlarına inanır. Guya məhz bu inama görə də nənəsinə həvəslə nəvaziş göstərir, məmnunluqla onun qulluğunda durur, güldürüb-sevindirir. Əməkdar artist Cəlal Məmmədovun canlandırdığı Nihat səhnədə peyda olduğu ilk anlardanca öz nikbin, xoş ovqatı ilə tamaşaçıda ailənin təkcə Nihatı yox, həm də nicatı olacağına ümid yaratsa da, hadisələrin gedişi bunun heç də belə olmadığını göstərir.

Nihatdan və ailənin elə onun kimi qayğısız həyat yaşayan kiçik oğlu Özcandan (gənc aktyor Şəmistan Süleymanlı) fərqli olaraq istedadlı aktyor Oqtay Mehdiyevin çox zəhmətkeş və qayğıkeş, ailəsini sevən bir oğul kimi uğurlu obrazını yaratdığı və tamaşaçıya sevdirə bildiyi ortancıl oğul Fazil günün heç də xoş olmayan reallığı ilə yaşayaraq, ailənin bütün ağırlığını öz çiyinlərində daşıyır. O, nənəsi və böyük qardaşı Nihat kimi xəyalpərəst deyil və ailəsinin çətin, ağır həyatı onu üzür, atasına onun qurduğu planlarda kömək durmağa çalışsa da, bəzi fikir ayrılıqları onların birləşib iş qurmalarına mane olur.

Ailənin əsas dayağı isə övladlarının hər birinin çox istədiyi, ərinin sədaqətli ömür-gün yoldaşı, hər bir çətinliyə dözən, təmkinli, səbrli, çox qayğıkeş Ana – Səfiyyədir. Bunu bütün tamaşaçılar qətiyyətlə təsdiq edə bilər ki, istedadlı aktrisa Xatirə Süleymanovanın səhnədə canlandırdığı Ana obrazı bütün yaxşı övladların və ataların da sitayiş edə biləcəyi, eyni zamanda mənim gördüyüm yaxşı anaların ən yaxşılarındandır (vaxtilə belə gözəl ana, qadın obrazlarını bu Teatrın ən istedadlı və aparıcı aktrisalarından olan Səmayə xanım Sadıqova çox ustalıqla, məharətlə yaradardı).Xatirə xanım bu rolu o qədər təbii oynayır ki, hətta tamaşa qurtardıqdan sonra belə onun elə həmin sadə görkəmdə, elə o cür mehriban, o cür həlim xasiyyətdə qalacağına, Ana olduğu səhnəni, ordakı “ev-eşiyini” “boş qoyub” getməyəcəyinə belə inanır.

Tamaşada maraqlı obrazlardan biri də ailənin yeganə qızı Sevdadır. Üç qardaşın tək bacısı, ayağı şikəst olan Sevda anasının köməyi, dayağıdır, atasının isə çox sevdiyi əziz bir qızıdr. Gənc aktrisa Şəhla Məmmədovanın yaratdığı Sevda obrazı o qədər məsum, tərbiyəli, əsl “ev qızı” dır ki, səhnəyə qədəm basdığı ilk andan tamaşaçının hüsn-rəğbətini, məhəbbətini qazana bilir. Aktrisa səhnədə bütün hərəkəti, davranışı, hətta baxışları ilə Sevdanı təmiz qəlbli, saf düşüncəli, ailə məhəbbətli məsum bir Azərbaycan qızı kimi təqdim edərək, onun yaddan çıxmayacaq bir obrazını yarada bilir.

Tamaşanın elə ilk anlarından hiss edilən ailədaxili gərginlik, narahatlıq, ata və oğullar, qardaşlar arasında olan qarşılıqlı narazılıqlar getdikcə artaraq, arzuolunmaz bir həddə – kulminasiya nöqtəsinə çatır. Ailə dağılmağa, parçalanmağa doğru gedir. Hətta heç bir işin qulpundan yapışmaq istəməyən, qardaşı Fazilin hesabına yeyib-içib gəzən Nihat da evdən getmək fikrinə düşür. Və bu qərarı elə tələsik qəbul edir ki, qardaşı hara getmək istədiyini soruşanda sanki birdən-birə ayılaraq “bilmirəm” deyir. Yəni ki, onun üçün vacib olan hara getməsi yox, problemlərin üst-üstə qalandığı evdən uzaqlaşmasıdır. Problemlər isə həqiqətən getdikcə artır. Maddi çətinliklər artıq ailə qurmalı, ev-eşik sahibi olmalı iki böyük oğulu və çarəsiz atanı nəinki bu barədə düşünməyə, heç yaşayış ehtiyaclarını ödəməyə də imkan vermir.

Onu da xüsusi qeyd etmək lazımdır ki, istedadlı aktyor Rauf Ağakişiyevin yaratdığı ata obrazı heç də bacarıqsız, işdən-zəhmətdən qaçan adam deyil, sadəcə işləri düz gətirmir, çarəsizlik, imkansızlıq içərisində sıxılıb-boğulur. Onun bütün varlığı, qəlbi ilə bağlandığı ailəsinin son nicatı hesab etdiyi köhnə maşınının mühərrikini çox əziyyətdən sonra işə salmasından doğan hədsiz fərəhi çox təbii və təsirli olması ilə tamaşaçılara da sirayət edir və onlar da bu kasıb atanın sevincini bütün kövrəkliyi ilə duyaraq, onunla birgə sevinirlər.

Bu arada evin yeganə qızının, sevimli bacısının yaxşı tanımadığı bir oğlanla görüşməsi ortancıl, zəhmətkeş qardaş olan Fazili əsəbiləşdirib, az qala depressiya həddinə çatdırır.

Qardaş gizli görüşə gedən bacısını niyə öldürmədi?

Aktyorlar öz rollarını o qədər məharətlə, təbii və inandırıcı oynayırlar ki, tamaşaçılar hər şeyi unudaraq, hadisələrin necə davam edəcəyini üzüntülü nigaranlıqla izləməli olurlar. Dəfələrlə Sevdaya təpinərək, görüşdüyü oğlandan uzaqlaşmasını tələb etməsi nəticəsiz qaldıqda Fazilin hiddətlənərək, bacısını evin başqa bir otağına çəkib aparması və bir müddət onlardan xəbər-ətər olmaması tamaşaçılara gərgin anlar yaşadır. Sanki real həyatda baş verirmiş kimi zalda əyləşənlərdən acı təəssüflə dillənənlər də olur: “öldürdü yazıq qızı…”

Bir müddət sonra Fazilin otaqdan tək çıxması Ana ilə eyni zamanda zalda əyləşənlərin də təşvişini artırır. Rejissorun çox yaxşı düşünərək yaratdığı intizarlı anlar sanki tamaşaçıların necə bir qəlbə malik olduqlarını sınağa çəkmək üçünmüş. Bir qədər sonra Sevdanın səhnəyə, anasının yanına qayıtması tamaşaçılarda az qala böyük sevinc hissi, təskinlik yaradaraq, rahat nəfəs almalarına səbəb olur. Tamaşaçılardan “nə yaxşı! Şükr” deyə səslənənlər də olur. Əlbəttə ki, “şükr!”. Axı, Oqtay Mehdiyevin yaratdığı Fazil obrazı elə qardaşdır ki, o, öz kövrək qəlbi ilə bacısına heç vaxt əl qaldıra bilməzdi. Fazil bacısını sonacan dinləməyi bacararaq, onun vurulduğu oğlanı dəlicəsinə sevdiyini, bu sevgidən dönə bilməyəcəyini görərək, Sevdaya mane olmaq istəmir.

Ailəsini sevindirməyi bacaran oğul

Ailənin dolanışıq dayağı olan, atasının işlərinin alınmadığını, qardaşlarının işləmək həvəsi olmadığını görən cəfakeş ortancıl qardaş Fazilin heç olmasa, bir günlük də olsa ailəsini sevindirmək üçün gözlənilməz hərəkəti hamını təəcübləndirsə də, onun necə zəhmətkeş bir oğul olmaqla yanaşı həm də geniş qəlbli, qayğıkeş bir qardaş olduğunu, doğmalarının bir anlıq sevinci üçün hər cür çətinliyə qatlaşmaqdan, fədakarlıq göstərməkdən çəkinmədiyini Oqtay Mehdiyev peşəkar aktyor oyunu ilə tamaşaçıya qabarıq şəkildə çatdırmaqla öz qəhrəmanını sevdirə bilir (onun bu rolda oyunu Əməkdar artist səviyyəsindədir). Atasının şərab içmək, qardaşları Nihatın və Özcanın gəzib-əylənmək və bacısının dükana getmək bəhanəsiylə sevdiyi oğlanla görüşmək arzusunu yerinə yetirmək üçün özünün əlində olan az-çox nə pulu varsa, hamısını səxavətlə, son qəpiyinədək onlara – işsiz-gücsüz, tənbəl qardaşlarına və sevgisinə mane olmaq istəmədiyi bacısına paylayır, anasını və “Paşa”sını gözləyən nənəsini də sevindirir. Onların hər birinin gözlərindəki təəccüb qarışıq sevinci görmək onun özünə də bir daxili rahatlıq, az da olsa mənəvi təpər, təskinlik verir. Təkcə çox sevdiyi bacısı Sevdaya pulu uzadaraq, “get atamız üçün şərab al” deyəndə səsində titrəyiş, qəhər hiss olunur. Və özünün qardaş ürəyinə “daş basaraq”, bacısının öz səadətinin ardınca getməsi üçün “yaxşı yol, xoşbəxt ol!” arzusu kimi, əslində son söz olaraq “qayıtma!” kimi səslənən, pauza ilə dediyi “gec… qayıtma” sözləri bütün tamaşaçıları heyrətdə qoyaraq kövrəldir.

Atanın öz sevimli qızına, “avara” oğul Nihatın isə anasına hədiyyəsi

Bəlkə də ilk oğul kimi ərköyün böyüdüldüyündəndir ki, böyük qardaş Nihatın işləməyə yox, gəzib-əylənməyə həvəsi olduğunu Əməkdar artist Cəlal Məmmədov ailənin kasıb dolanışığı fonunda tamaşaçıya çox qabarıq şəkildə, məharətlə çatdıra bilir. Çalışıb-işləməməsinə baxmayaraq, onun evə hər gəlişində sanki ailənin də ovqatı bir qədər yaxşılaşır, yaşamaq həvəsi az da olsa artır. Yalnız bircə gün işlədikdən sonra evə gəlib, şəstlə, guya böyük vəzifə sahibiymiş kimi “istefa verdim” deməsi tamaşa zalında gülüş doğursa da, sonradan cəmi dörd gün işləyib, qazandığı ilk maaşdan evə anası üçün aldığı mirvari boyunbağı ilə dönməsi Cəlalın ifasında Nihata rəğbət yaradır. Hər halda necə olsa da, cəmi dörd günlük işinin qazancı olan pulu heç yerə xərcləməyib, anası üçün hədiyyə alması onun daxili aləmində yaxşılıq, qayğıkeşlik “rüşeymlərinin” azalmadığından və yəqin ki, gec-tez onun bir işin qulpundan yapışacağından xəbər verir. Bu isə ailəsinin, övladlarının yaxşı günləri üçün “kirpiyi ilə od götürən” ananın – Xatirə Süleymanovanın çox böyük təbiiliklə, inanılmaz dərəcədə inandırıcı oynadığı rolu – müqəddəslik səviyyəsinə qaldırdığı Səfiyyə xanımı sevindirməyə bilməz. Odur ki, mirvari boyunbağını anasının boynuna keçirərkən Nihatınmı, yoxsa ananınmı daha çox məmnun olduğunu, daha çox sevindiyini, fərəh duyduğunu müəyyən etmək heç də asan deyil. Ancaq hər halda həmin anlarda onların hər ikisi çox bəxtəvər görünür.

Hələ də xoş arzularla, sabaha ümidlə yaşayan uğursuz Ata da həmin gün evə çox sevincək halda, dünyanın ən xoşbəxt adamı kimi qayıdır – özünün çoxdankı istəyini yerinə yetirmək üçün başladığı ilkin iş uğurlu alındığı üçün istəkli qızı Sevdaya onun xeyli vaxt idi ki arzusunda olduğu zəngli-kəfkirli, “qukqulu-qu” adlandırdığı divar saatı ilə gələrək onu sevindirmək istəyir. Saatı fərəhlə, şəstlə qutudan çıxardıb divardan assa da, evdəkilərin sevinmədiklərini, Sevdanın isə gözə dəymədiyini görüb, susqunluğun səbəbini soruşur. Oğlu Fazil “məsələni” gizlətməyərək, Sevdanın gəlməyəcəyini, qoşulub qaçdığını bildirir. Bu gözlənilməz xəbərin atada yaratdığı şok aktyorun sifətindəki bir az əvvəlki sevinci ağır bir dərdə, iztiraba, daxili sarsıntıya çevirir…

Ana ürəyi və Ana əlləri, Anaya olan məhəbbət… ailəni dağılmaqdan qorudu

Böyük və kiçik qardaşın “avaraçılığı” bir gün qardaşlar arasında ciddi qarşıdurmaya səbəb olur. Qardaşların mübahisəsini kəsmək üçün araya girən ananın boyunbağısı qəfildən qırılıb düşür, mirvari muncuqlar qopub dağılaraq, evə səpələnir. Bunu heç də yaxşı olmayan, ailənin dağıla biləcəyinə bir işarə, əlamət kimi diqqətə çatdıran rejissor yaxşı ki elə özü də bunun qarşısını alır: bayaqdan bir-birini az qala didib-dağıtmağa hazır olan qardaşlar sanki birdən ayılırlar. Üçü də əyilərək, səpələnmiş mirvari muncuqlarını yığıb, ailə ocağının etibarlı qoruyucusu olan, onu dağılmağa qoymayan sevimli, qayğıkeş, fədakar analarının bərəkətli, zəhmət ətirli ovcuna tökürlər. Ana əlləri, Ana məhəbbətilə müqəddəs ailə ocağı sanki yenidən isinir, güclənir, qorunub-saxlanır.

Nihatın “daşı ətəyindən töküb” atanın yanında fəhlə kimi işə başlaması, köhnə maşının da yavaş-yavaş “ayaq tutması” ailəni tədricən düçar olduğu çətinliklərdən qurtarmağa imkan yaratsa da, üç aya qədər heç bir xəbər-ətərin olmadığı Sevdayla bağlı nigarançılıq ailəyə rahatlıq vermir. Yenə də ortancıl qardaşın sayəsində evin yeganə qızı tapılsa da, onun sevgisinin uğursuz olduğu məlum olur. Bu xəbər çatdırılarkən atanın keçirdiyi sarsıntı və iztirablar rolun ifaçısı Rauf Ağakişiyevin sifətində və yorğun vücudunda bütün ştrixləri ilə elə güclü əksini tapır ki, onun halına həm bir ata kimi, həm də… aktyor kimi acımamaq olmur.

Ata vüqarı və övlad sevgisi bir-birilə cəngi-cidalda…

Cəmi üç ay uğursuz ailə həyatı yaşayan bacısı Sevdanı küçədə görüb, əsl qardaş məhəbbətilə ona biganə qala bilməyib, atası ilə birgə yenicə təmir edib işə saldıqları maşına qoyub həyətə gətirsə də, atadan iznsiz onu evə qaldırmağı özünə və atasına rəva biməyən Fazil evə qalxaraq, bacısnı gətirdiyini bildirərək, ailənin böyüyündən icazə istəməsi səhnəsi ən dramatik, gərgin səhnələrdən biridir. Ata nə etməlidir? – Sevda ondan icazəsiz qoşulub qaçıb, ata xeyir-duası almadığından taleyi uğursuz olub. Ancaq qızının gedə biləcəyi başqa bir yer yoxdur, doğma ailəsinə, ata ocağına pənah gətirib. Qızının uğursuz taleyinə görə narahat olub, acısa da, onu bağışlamaq istəməsə də, övlad sevgisi onu “yox” deməyə, Sevdanın səhvi isə “hə” deməyə də qoymur. Buna görə də Ata ancaq ona bəlli olan sarsıntılar içərisində, lakin kişi dözümü, kişi əzəməti ilə susub sakit, səssiz dayanaraq, təzadlı düşüncələr içərisində çırpınır. Atanın bu gərgin, həyəcanlı anlarını, onun dillə, sözlə deyilə bilməyəcək hisslərini, duyğularını aktyor Rauf Ağakişiyev tamaşaçılara böyük sənətkarlıqla, məharətlə çatdıra bilir. Övladlarının yolunda hər cür zəhmətə, əziyyətə qatlaşmağa hazır olan, kasıb olsa da, həmişə qüruru ilə əzəmətli, güclü görünən Atanın susduğunu, hər halda “yox” demədiyini görən, bundan bir rahatlıq duyan Fazil susmağı razılıq əlaməti hesab edərək, Sevdanı evə gətirmək üçün tələsik həyətə qaçır…

Bir-birinə əks hisslərinin “çarpışdığı” ağır düşüncələr içərisində sakit-səssiz üzü divara dayanmış Ataya istəkli qızı Sevdanın yaxınlaşması səhnəsi təcrübəli aktyorun və gənc aktrisanın bu dramatizmi bütün qabarıqlığı ilə çatdıra bildiyi, tamaşaçı qəlbini sarsıdan çox uğurlu səhnələrdən biridir. Burda rejissorun xüsusilə diqqətə çatdırdığı çox maraqlı məqamlar da var. Sevda üzr istəmək üçün ilk növbədə anasına yox, qorxu ilə də olsa, “bağışlayacaq, yoxsa qovacaq?” fikirləri ilə atasına yaxınlaşır. Çünki ana həmişə övladını bağışlayandır – Xatirə Süleymanovanın canlandırığı Səfiyyə xanım isə övladının yolunda (səhvi, günahı olsa da belə) can verməyə belə hazırdır. Bunu Sevda da öz fəhmi ilə duyur. Və dərk edir ki, o, ilk növbədə başının tacı, hər zaman son pənahı olan Atadan üzr istəməlidir. Bunu isə o, çox düzgün olaraq, üzü o yana dayanmış atasına astaca, ehmalca yaxınlaşıb, yerə çömələrək, onun əlini öpməsiylə, ayağına sarılaraq, bərk-bərk qucaqlaması ilə hər bir sözdən, üzrxahlıqdan daha təsirli tərzdə edir. Əlində-ayağında istəkli qızının isti göz yaşlarını hiss edən Ata, nəhayət dözməyib, çevrilərək, qızını ayağa qaldırıb, kövrək bir məhəbbətlə onu bağrına basır. Sevdanın göz yaşına qərq olmuş sevincini duymamaq olmur – o, yenə doğma ocaqda, Ata ocağındadır, ailəsi, sevimli qardaşları ona arxa çevirməyib, qəbul etdilər…

Bu ağır, çox təsirli səhnə rejissorun öz rollarını məharətə ifa edən aktyorların vasitəsilə gənclərə ünvanlanan çox mühüm bir mesajıdır: Ata-Ana müqəddəsdir, həyatda səhv etməmək üçün hər bir addımı yalnız və yalnız onların xeyir-duası ilə, məsləhəti ilə atmaq lazımdır.

Ailə nənənin “Paşa”sının – xoşbəxtliyin pişvazına çıxır

Hələlik taleyi üzünə gülməsə də, Sevdanın yenidən evə qayıtması ailənin tamlığını, büyövlüyünü sanki özünə qaytarır. Ana xəstə olarkən ona çox ürəkdən, sevərək qulluq etmək istəyən, lakin ev işini bacarmayan, qab-qacağı dağıdıb-sındırmaqdan başqa əllərindən bir iş gəlməyən qardaşlar üçün Sevdanın qayıtması, uğursuz ailə həyatı bir anlığa unudularsa, elə bil “göydəndüşmə” olur. Onun birazdan mətbəxə keçib, biş-düş eləməsi sanki evə bir rahatlıq gətirir. Ən əsası odur ki, indi hamı doğma ailə ocağındadır. Və bu ocağın başında dayanan cəfakeş və qayğıkeş Ata və Ana var. Tezliklə atanın işlərinin sahmana düşməsi, oğulların da özlərinə münasib iş tapması ailəni uğurlu sabaha aparır. Və tamaşanın sonunda nənənin “Aman, ya Rəbbim, Paşa gəlir” deyərək, sevinclə pəncərə önünə keçməsinin ardınca bütün ailə üzvlərinin də ona qoşularaq, “gələni” salamlamaları təsadüfi deyil. Artıq onlarda həyata yeni, nikbin baxış var, ailənin nicat, güc tapacağına inam var! Onların boylandığı ümid pəncərəsindən yaxınlaşmaqda olan ailə xoşbəxtliyi görünür. Və artıq bu xoşbəxtliyə hər bir ailə üzvü inanır, çünki onu daha xəyallar yox, ailədə olan qarşılıqlı məhəbbət, hörmət-ehtiram, əməyə, zəhmətə qatlaşmaq istəyi-sevgisi yaxınlaşdırır.

Tamaşaçıların aktyorlardan, aktyorların isə tamaşaçılardan gözlədikləri… doğruldu

Səhnə və tamaşa zalı – təbii ki, bunlar hələ lap qədimlərdən ayrılmazdır. Ancaq bəzən olur ki, onlar bir-birini “başa düşmürlər”, qarşılıqlı anlaşma olmadıqda hərəsi bir qütbdə qalır. Lakin çox yaxşı ki, anşlaq şəraitində keçən bu tamaşada hər iki tərəf bir-birini tam başa düşərək, razı qaldı. Bəlkə də ilk dəfə idi şahidi olurdum ki, zalda alqışlardan başqa diqqəti səhnədən ayıra biləcək zərrəcə də səs-səmir yox idi, hamının nəzər-diqqəti səhnəyə dikilmişdi – yüksək sənətkarlıqla hazırlanmış, hər çür yersiz “modernçilik”dən, abstarktlıqdan uzaq olan bu yeni səhnə əsəri tamaşaçıları o qədər cəlb etmişdi ki, onlar özlərini unudub, sanki səhnədə baş verən hadisələrin iştirakçısına çevrilmişdilər. Tamaşa boyu zalda əyləşənlərin bir çoxunun gizlincə dəsmal çıxarmaları və qeyri-ixtiyari əllərini gözlərinə aparmaları həm quruluşçu rejissor Firudin Məhərrəmovun, həm də onun yaratdığı gözəl “ailə”nin – aktyorların uğurlu, yaradıcı əməyinin nəticəsi idi və bu, böyük məmnunluq doğurur. Və söz yox ki, bu tamaşa Sumqayıt Teatrının son 10-15 ildə ən böyük uğurlarından biridir. Tamaşaçılar aktyorlardan gözlədiklərinin doğrulduğuna, aktyorlar isə tamaşaçıların onları bütün psixoloji-sarsıntılı anlarda tam başa düşərək, biganə qalmayıb, tamaşaçı fəallığı ilə onları gur alqışlara qərq etdiklərinə görə razı qaldılar. Ən müxtəlif peçə sahibləri – təqaüdçü mühəndis Qadir Süleymanov, yazıçı-dramaturq Əyyub Qiyas, kimyaçı İbad İbadov, müəllimə Gülşən Süleymanova, elə bu Teatrın yetirməsi olan Xalq artisti Məzahir Süleymanov, jurnalist Elcan Oruclu və digərləri bu tamaşanı yüksək qiymətləndirərək, ona bir daha baxmaq arzusunda olduqlarını bildirdilər. Ancaq sumqayıtlı teatrsevərlər bir arzu kimi onu da dilə gətirdilər ki, gələcək tamaşalarda teatrın məşhur yetirmələri Valeh Kərimov, Afaq Bəşirqızı və yaşlı adam rollarının mahir ifaçısı Məzahir Süleymanov da hərdən müvafiq rollara cəlb edilsin.

Təqdirəlayiqdir ki, ilk dəfə idi ki tamaşaçılar yaradıcı heyətlə, rejissor və aktyorlarla yanaşı texniki heyətin işini də dəyərləndirərək, səhnədəki təbii “dekorlar”a – süfrəyə qoyulan xörəyin və çayın təbii qazla isidildiyi qaz plitəsinə, qab-qacağın həqiqətən krandan gələn su ilə yuyulduğu “rakovina”ya və s. görə təşəkkür düşdüyünü də məmnunluqla qeyd edirlər.

Ən maraqlı, diqqətəlayiq momentlərdən biri də tamaşa başa çatdıqdan sonra Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərlərinin səhnə arxasına keçərək, Teatrın kollektivini çox uğurlu, yüksək səviyyədə hazırlanmış tamaşaya görə təbrik etmələri və İcra Başçısının birinci müavini Faiq Kərimovun rəsmiçiliyi bir kənara qoyaraq, tamaşanın təsirindən bəzi həmkarlarının kövrəldiklərini etiraf etməsi idi. O bildirdi ki, tamaşa o dərəcədə təsirli və ibrətamiz idi ki, adətən quru, soyuqqanlı adamlar kimi tanınan İcra aparatının rəhbər işçiləri belə səhnədə baş verənlərə laqeyd ola bilmir, kövrəlməli olurdular.

Bəli, Sumqayıt Teatrı özünün 49-cu mövsümünə gözəl, çox maraqlı bir tamaşa ilə başladı və bütün teatrsevərləri bir “Ocaq” başına toplaya bildi. Qoy bu “Ocağ”ın istisi, şöləsi hər yerə, respublikanın bütün bölgələrinə və hətta ölkəmizin hüdudlarından o yana da yayılsın!

Rəhman ORXAN,

Respublikanın Əməkdar jurnalisti.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər