Bir vaxtlar Sumqayıtda… – KEÇMİŞƏ QAYIDIŞ (FOTOLAR)

2802

«ZiU-682» trolleybusu, Sumqayıt, 2006-cı il may ayının 2-si

Sovetlərin iri sənaye şəhərlərindən biri olan Sumqayıtın günü-gündən inkişaf etməsi, yeni-yeni məhəllə və mikrorayonların salınması özü ilə birgə bir sıra problemlər gətirirdi. Bu problemlərdən biri də sərnişindaşıma idi. Bu problemi avtobus və tramvaylar şəhərin müəyyən hissəsi üçün aradan qaldırmağa çalışsa da, digər yeni yaranan məhəllə və mikrorayonlarda bu problem tam aradan qalxmırdı.

«MTB-82» trolleybusu, Sumqayıt, 60-70-ci illər
«MTB-82» trolleybusu, Sumqayıt, 60-cı illər

Bu problemlə bağlı olaraq şəhər üçün yeni trolleybus xətlərinin çəkilməsi qərara alındı. Bir neçə illik zəhmətdən sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulması kimi o dövr üçün əlamətdar olan bir gündə, yəni 28 aprel 1961-ci ildə Sumqayıtda ilk trolleybus xətti şəhər sakinlərinin istifadəsinə verildi. İlk vaxtlar bir neçə marşrut xətti fəaliyyət göstərsə də, sonrakı illərdə marşrutların sayı 8-ə, trolleybus xəttinin uzunluğu isə 48.9 km-ə çatdırıldı.

Sumqayıt tramvay və trolleybus xətlərinin müfəssəl xəritəsi
Yolda qalmış «ZiU-9» trolleybusu, Sumqayıt, 2004-cü il

İlk dövrlərdə Sovet istehsalı «MTB-82» («Тушинский машиностроительный завод») markalı trolleybuslar xəttə buraxılsa da, sonrakı dövrlərdə «ZiU-5» («Завод имени Урицкого»), Çexoslovakiya istehsalı «Škoda 9Tr» markalı trolleybuslar xəttə buraxıldı. Trolleybus parkının sonuncu yenilənməsi 80-ci illərin sonunda baş tutdu. Bu dəfə Sumqayıt sakinlərinin istifadəsinə «ZiU-9» (eyni zamanda «ZiU-682» adlanır) trolleybusları verildi.

Sumqayıt sakinlərinin yaddaşlarında əsas yer tutan məhz sonuncu «ZiU-9» markalı trolleybuslardır, çünki «ZiU-9»lar 20 ilə yaxın bir müddətdə şəhər sakinlərinə xidmət etdi. Bu müddətdə bir neçə «ZiU-9»lar istifadəyə yararsız hala düşsə də, bəzi «ZiU-9»lar sonuncu günə kimi şəhərdə göründü. «ZiU-9»ların sonuncu dəfə 2000-ci ilin önlərində əsaslı təmirdən çıxmasına baxmayaraq, sonralar təmirdən çıxmış trolleybuslar da bir neçə illik fəalliyyətdən sonra xətdən çıxarıldı. Bununla da, 2006-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində elektriklə işləyən sonuncu nəqliyyat vasitəsi olan trolleybusların fəaliyyətinə son verildi. Bundan öncə, 90-cı illərdə bir neçə dəfə trolleybusların fəaliyyəti dayandırılsa da, bunlar müvəqqəti xarakter daşıyırdı.

6 №-li «ZiU-9» trolleybusu Mərkəzi Bazar ərazisində

Sumqayıt trolleybuslarının sonuncu marşrut xətti isə «Mərkəzi Bazar – 17-ci mikrorayon» istiqamətində hərəkət edən 6 №-li marşrut xətti idi. Buna kimi isə digər marşrut xətləri zaman-zaman sıradan çıxmış, xətlərin “sağ qalan” trolleybusları isə 6 №-li xətdə toplanmışdı.

 

Sumqayıtdakı sonuncu ekoloji nəqliyyat vasitəsi olan trolleybuslar fəaliyyətini dayandırdıqdan bir müddət sonra istifadəsiz qalan trolleybuslar mettalloma, elektrik xətləri isə satılmaq üçün müvafiq yerlərə göndərildi. Hal-hazırda Sumqayıt Trolleybus Parkında inzibati tikililərdən başqa heç bir şey yoxdur və son bir neçə ildir ki, park ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir.

İstifadəyə yararsız trolleybuslar, Sumqayıt, 2003-cü il may ayı
Sumqayıtda trolleybus xətlərinin izləri, 2014-cü il
Trolleybussuz Sumqayıt Trolleybus Parkı

 

P.S Dünən trolleybus parkı ərazisində çəkiliş aparmağa gedən bloq idarəçilərindən birinə çəkilişə icazə verilməyib.

Mənbə: http://ahlisumgait.blogspot.com/2014/03/sumqayt-trolleybuslar.html

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər