İlk dəfə keçmiş arvadını öldürdüyünə görə həbsxanaya düşüb. İki körpə övladına anası baxıb. Lakin azadlığa çıxdıqdan sonra içki düşkünü olan oğul anasına da əl qaldırıb. İkinci dəfə ailə qurub, yenə alınmayıb. Bir-birinin ardınca gələn uğursuzluqlar sonda yenə yolunu həbsxanaya salıb. Bu dəfə özündən 14 yaş böyük qonşu qadının qətlində şübhəli bilinərək dəmir barmaqlıqlar arxasına göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 52 yaşlı Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, qətl hadisəsi ötən il sentyabrın 10-da Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsindəki 1 saylı yataqxanada baş verib. Köhnə qonşusu Minayə Həsənli ilə görüşmək üçün yataqxanaya gələn R.Məmmədov onunla mübahisə edib. Mübahisə zamanı M.Həsənliyə 17 bıçaq zərbəsi endirilib.
Öldürülən iki uşaq anası və 11 illik cəza
R.Məmmədov ilk cinayətə 29 yaşında “imza atıb”. Həmkəndlisi Sima Məmmədova ilə ailə quran Rövşən bir müddət sonra arvadını və iki uşağını da özü ilə götürərək Ağstafadan Bakıya köçüb. Paytaxtdakı tikinti materialları bazasında fəhləlik etməklə onları dolandırıb.
İlk günlər hər şey yolunda getsə də, sonralar arvadının başqası ilə görüşdüyünü iddia edən, bu səbəbdən də onu qətlə yetirən (ər-arvad rəsmi şəkildə boşansalar da, eyni evdə yaşayıblar – red.) Rövşən məsuliyyətdən yaxa qurtarmaq üçün Rusiyaya qaçıb.
Anasına əl qaldıran oğul
Bir müddət gizlənib, sonradan tutularaq istintaqa təhvil verilib. Qəsdən adam öldürdüyünə görə Rövşən 11 il həbs cəzası alıb.
Onun övladlarına anası Gülşan Məmmədova baxıb – nəvələrinə həm atalıq, həm də analıq edib.
R.Məmmədov 2007-ci ildə azadlığa buraxılıb. Həbsxanadan çıxandan bir müddət sonra Gülşən adlı qadınla evlənib. Sonuncunun babasına məxsus otaqda – Sumqayıt şəhəri Kompressorlar zavodunun yataqxanasında yaşayıblar. Amma bu evlilik də uzunömürlü olmayıb. Rövşənin spirtli içkiyə qurşanması ailədaxili narazılıqlara gətirib çıxarıb. İş o yerə çatıb ki, ər-arvadın davasına müdaxilə edən ana da döyülüb xəsarət alıb. O vaxtdan sonra G.Məmmədova bir daha oğlu ilə üz-üzə gəlməyib, onu danışdırmayıb.
Ev təmiri, hörgü işləri ilə məşğul olan Rövşənin qonşuluqda yaşayan, sələmçiliklə məşğul olan Minayə ilə ilk tanışlığı da elə sözügedən yataqxanadan başlayıb.
Sələmçi qadınla yaşanan gizli “eşq məcarası”
O ki qaldı 66 yaşlı Minayəyə, yataqxana sakinləri, qonşular əsəbi, acıdil, dalaşqan olduğuna görə bu qadını sevməyiblər. Əksəriyyəti isə, ümumiyyətlə, onunla ünsiyyət saxlamağa ehtiyat edib. Sələmçiliklə məşğul olan Minayə yataqxanadakı iki otaqlı mənzildə tək-tənha yaşayıb. Mənzildən bir qədər aralıda isə – pilləkənlərin yanında boş sahədə özünə mətbəx, hamam-tualet tikdirib qonaq-qarasını orada qəbul edib, gecədən gecəyə mənzilə keçib.
Rövşəngil Minayə ilə eyni mərtəbədə yaşayıb, yaxın qonşu olublar. Təmir işlərini bacardığından, mütəmadi olaraq Minayənin evinə gedib-gəlib. Amma sonradan məlum olub ki, özündən 14 yaş böyük olan qonşu qadınla Rövşənin arasında daha isti münasibət olub. Arvadı ilə yola getməyən, sərxoş vəziyyətdə evdə dava-dalaş salan Rövşənin həyat yoldaşı bezib atası evinə getdikdən sonra özü də yataqxanada qalmayıb, kirayə evə köçüb. Amma daim Minayənin yanına gedib-gəlib. Növbəti gəlişlərin birində isə əlini qonşu qadının qanına bulayıb…
Heç kim şübhələnməyib
İstintaqa verdiyi ifadəsində R.Məmmədov deyib ki, Minayə söyüşcül, dalaşqan, xoflu olduğundan qonşular ona baş qoşmayıb: “Mən də sələmi qaytara bilmirdim. Minayə pulun müqabilində evində təmir işləri aparmağımı istədi, razılaşdıq. 2015-ci ildə onun evində təmir işləri apardıqdan sonra birlikdə yemək yedik, içki içdik. Həmin gün ilk dəfə aramızda yaxınlıq oldu”.
R.Məmmədovun ifadəsinə görə, bundan sonra Minayə ilə münasibətləri davam edib. Özündən 14 yaş böyük olan Minayə ilə bu münasibətdən kimsə şübhələnməyib: “Gülşənlə dalaşdıq, küsüb atası evinə getdi. Ona görə mən də kirayədə yaşayıb fəhləlik edirdim. Amma Minayə ilə əlaqəni kəsməmişdim, yanına gəlib gedirdim. İçkili olanda Minayə məni özünə yaxın buraxmırdı”.
Qətl günü
Hadisə baş verən gün Rövşən Minayə ilə görüşmək üçün yataqxanaya yollanıb. Rövşənin içkili olmasına irad bildirən Minayə onu evə buraxmaq istəməyib:
“Həyətdə oturmuşdu. Yaxınlaşıb salam verdim. Nə üçün gəldiyimi başa düşdü. Acıqlı halda “yenə zəhərlənmisən, zəhəri içib nə üçün gəlmisən?” dedi. Dedim ki, yadıma düşdün, səni görməyə gəldim. Minayə mətbəxin qapısını açıb məni içəri buraxdı. Yenə də içkili olmağıma deyindi, “yüz dəfə demişəm ki, sərxoş olanda mənim yanıma gəlmə, elə buna görə arvadın səni başından rədd edib, indi mən də rədd edəcəyəm” dedi.
Keçmişimi başıma qaxmasına görə acıqlandım. Aramızda mübahisə düşdü, məni söydü. Bıçağı mənə tərəf uzadaraq nalayiq ifadələrlə evi tərk etməyimi tələb etdi. Qəzəbləndim, yumruqla qolundan vurub bıçağı yerə saldım, əlbəyəxa olduq. Bıçaqla Minayəyə ardıcıl zərbələr endirdim. Neçə zərbə vurmağımı xatırlamıram. Minayə yerə yıxılıb xırıldadı. Onun öldüyünü görüb bıçağı şkafın arxasına atdım, əllərimi silib, mətbəxin qapısını cəftə ilə çöldən bağladım”.
Mətbəxdən çıxıb özünü Minayənin mənzilinə salan Rövşən mənzilin altını üstünə çevirib, hər yanı ələk-vələk edib. Özü də nə axtardığının fərqinə varmayıb. Mənzildən heç nə tapmayan Rövşən törətdiyi əməldən peşman olub və gecə ikən Novxanıya, işlədiyi bağa qayıdıb. Hadisə barədə heç kimə heç nə deməyib.
Mətbəxdən tapılan cəsəd
Üç gün Minayənin cəsədi mətbəxdə qalıb. Yataqxanadan gələn pis qoxu getdikcə artıb. Qonşulardan biri qoxunun Minayənin mətbəxindən gəldiyini deyib. Mətbəxin qapısı çöldən bağlı olduğundan qıfılı sındırıb içəri girəndə qonşu qadının cəsədi ilə qarşılaşıblar. Dərhal bu barədə polis bölməsinə məlumat veriblər.
Hadisədən bir həftə sonra R.Məmmədov Sumqayıt şəhər polis əməkdaşları tərəfindən həbs olunub. İlkin dindirmə zamanı törətdiyi cinayəti etiraf edib.
“Mən qatil deyiləm!”
Təqsirləndirilən Rövşən Məmmədov ona elan olunmuş ittihamla məhkəmədə özünü təqsirli bilməyib. İfadəsində Minayəni bir qonşu kimi tanıdığını, onunla yaxın münasibəti olmadığını, hadisə baş verən gün yataqxanaya getmədiyini deyib:
“Minayə qonşulara sələmə pul verməklə dolanırdı. Həmin gün Minayənin mənzilində olmamışam, onu bıçaqla vurmamışam, öldürməmişəm. Qətlin kim tərəfindən törədildiyini bilmirəm. İstintaqa verdiyim ifadələri təsdiq etmirəm. İstintaq zamanı təzyiq altında dindirmə protokolunu imzalamışam. Yazıb-oxumağı bacarmıram. İstintaqa verdiyim ifadəni təsdiq etmirəm”.
R.Məmmədovun bu ifadəsini məhkəmə inandırıcı hesab etməyib. Məhkəmə hesab edib ki, iş üzrə zərərçəkmiş, şahid və ekspertiza rəylərinə əsasən qətlin R.Məmmədov tərəfindən törədildiyi tam təsdiqini tapıb.
“Anam təbiətcə sərt, dalaşqan idi”
Zərərçəkmiş Şamil Səfərov ifadəsində anasının xaraktercə sərt və dalaşqan olduğunu, bu səbəbdən də onunla yola getmədiyindən ailəsi ilə birgə kirayə yaşadığını göstərib: “Atam 2003-cü ildə vəfat edib. Böyük qardaşlarımın ikisi də Rusiyada yaşayır. Anam evimizi satıb yataqxanadan iki otaqlı ev aldı. Onun tək yaşamasını nəzərə alıb Azərbaycana qayıtdım. Amma məni və ailəmi yola vermədi. Buna baxmayaraq, tez-tez baş çəkir, lazım olan yardımı göstərirdim. Hadisədən bir il əvvəl anamın sələmə pul verdiyini eşitmişdim. Onu bu əməllərindən çəkindirməyə çalışsam da, buna nail ola bilmədim”.
Ş.Səfərov ifadəsində deyib ki, anasına baş çəkməyə gələrkən bir neçə dəfə Rövşəni onun evində görüb. Bu barədə xəbər alanda qadın oğluna “mənzildə təmir işləri aparır” deyə cavab verib. O da anasının sözlərinə inanıb: “Rövşəndən xoşum gəlmirdi. Fəhləlik edir, qazandığı pulu içkiyə verir, arvadını döyüb-söyürdü. Arvadı da küsüb getmişdi. Rövşən yataqxanadan köçsə də, tez-tez gəlib gedirdi.
Mənə zəng vurub anamın qətlə yetirildiyini dedilər. Onun yaşadığı ünvana gəldim. Anamın meyiti mətbəxdə döşəmənin üzərində idi. Mənzilidəki mebel rəfləri, yorğan-döşək ətrafa dağıdılmışdı”.
Məhkəmənin hökmünə əsasən, R.Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.
İnarə Rafiqqızı
Virtualaz.org