Biz niyə beləyik?! – Deputat İmamverdi İsmayılovun yazısı

1904

Daş kimi asılmış bu sualın ağırlığı aylardır ki, ürəyimdə qövr edir…

Ərkin, gileyin, umu-küsünün, məzəmmətin, bir qədər də utancın aynasında görünən həyat mənzərələri hərdən əhdimi kəsir, qəlbimdəki yükü yeganə təsəllim olan qələm-kağızla az da olsa, yüngülləşdirməyə sövq edir.

Fikirlərimi sizinlə bölüşüb, sualıma cavab tapmaq istəyirəm…

Əminliyim budur ki, yazıya çevrilmiş narahatlığa, bu giley-güzara siz də şərik çıxasınız…

Düşüncələrimdə bu sualla birgə yüz illər əvvəl ona cavab axtaran ürəyi nisgilli, əli qələmli ziyalılarımızın oyaq vicdanı, fədakarlığı, yorulmazlığı qədər parlaq nümunələr də var.

Onlar da heç o iddiada deyildilər ki, hamı onların yazdıqlarını oxuyacaq, düşünəcək, nəticə çıxaracaq…

Amma yenə yazırdılar…

Yazırdılar ki, bu sual təkcə bir müəllifin yox, onunla qarşılaşan minlərlə oxucunun narahatlığına çevrilsin…

Hərə öz payını götürsün, özünü və cəmiyyəti müsbətə doğru dəyişməkdən ötrü xeyirli yol arasın və beləliklə, düşüncələrdə işarıb əməllərə sirayət edən zərrələrdən bir Günəş doğsun…

Mənim də yeganə umacağım – bəlkə də elə o Zərrəyədir…

***

Ömrün müxtəlif məqamlarında qarşımıza çıxıb bizi bu böyük sualla üz-üzə qoymuş həyat anları bitməz-tükənməz… Bəzilərinin bəlkə heç fərqinə də varmırıq, bəzilərinin üstündən ötürük…

Amma bu sual ümumən Vətənin, xalqın, dəyərlərin taleyini əhatə edəndə laqeyd qalmaq mümkünsüzləşir…

Bir insan üçün dünyada ən müqəddəs olanlara – öz Vətəninə, Dövlətinə, Xalqına, mənəvi dəyərlərinə asi çıxanları görəndə, belələrinin qəzəbli ritorikasını, düşmən tərzini müşahidə edəndə düşüncələrim darmadağın olur…

“Biz niyə beləyik” sualının içimdə dolaşan dağ yükü bir az da ağırlaşır…

Fikirləşirəm: xalqının istiqlalından, milli dövlətinin getdikcə artan gücündən, vətəndaşının təhlükəsizliyindən, gündəlik halal ruzisindən insan üçün daha fövqəl nə ola bilər ki, kimsə bu qədər aqressivləşsin, hirs-hikkəyə dolsun, düşmən kəsilsin?!.

Xalq olaraq istiqlal haqqımıza qovuşmaq üçün nə məşəqqətlərdən keçmişik, necə acılar yaşamışıq – bunu yalnız Tarix yox, elə hər birimiz aydın xatırlayırıq.

Azərbaycan xalqı öz istiqlalı uğrunda nə qədər qurbanlar verə bilərsə, ondan da çoxunu verib…

Necə ağır sınaqlar, maneələr keçib…

Daha kimlərinsə öz şəxsi iddialarını gerçəkləşdirməkdən ötrü bu xalqı ağır faciələrə, qana-qadaya sürükləmək haqqı yoxdur və ola da bilməz!..

Tarixdə heç zaman bu qədər güclü olmamış Azərbaycanın indiki əzəməti, sözünün kəsəri həm də vaxtın göz yaşlarımızla qaraladığı həmin o hüznlü günlərdə bu yurdun müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını vermiş əzizlərimizin çin çıxan arzularıdır…

***

Uzun illər cəmiyyəti müxtəlif miflərə inandırmış siyasi ideologiyanın iflasından sonra ideyalara böyük inamsızlığın yarandığı o dönəmlərdə Heydər Əliyev insanlarda torpağa, Vətənə, bu məmləkətin daha gözəl gələcəyinə inam formalaşdırdı.

Və Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bir zamanlar Ulu Öndərin nişan verdiyi bu gözəl günlərə gəlib yetişdi…

Milli dövlətçilik tarixinin ən qüdrətli dönəminə çatdı…

Elə bir dönəminə ki, dünyanın siyasi xəritəsində Vətənin yeri hələ bu qədər uca, mətin, vüqarlı, yuxarı başda görünməyib…

***

Bədxahlarımız inamımızı hədəf seçməyə, nailiyyətlərimizə kölgə salıb cəmiyyətdə şübhə toxumu səpməyə, təfriqə salmağa çalışırlar.

Bəd niyyət bəllidir. Azərbaycançılıq düşüncəsindən, dövlətçilik təfəkküründən uzaq kəslərin küfrlü dili ilə istəklərinə çatmaq istəyənlərin ölkəni öz inkişaf yolundan iraq salaraq, yenidən tarixin sərt sınaqları qarşısında qoymaqdır arzuları…

Azərbaycan gücləndikcə, bu qara niyyət də ağ kağıza düşmüş qara mürəkkəb ləkəsi misalı ətrafa yayılır… Uğurlarımızın sırası genişləndikcə, canımıza, qanımıza yerikləyənlərin təlaşı da artır.

Güclüsənsə, sarsıtmaq istəyəcəklər…

Uğurlusansa, mane olmağa çalışacaqlar…

Dayanmadan irəli gedirsənsə, yoluna daş yuvarlatmaq istəyənlər olacaq – təbii…

Ancaq başa düşülməyən bircə məqamdır: bu torpaqlarda doğulub göz açan, bizimlə eyni dildə danışan, özünü eyni milli mənsubiyyətə, eyni Vətənə aid bilənlərin Azərbaycanı oda qalamaq istəyənlərin əlində həvəslə maşa olmaları…

Bəs bu gün xaricdəki havadarlarının dirijor çubuğu ilə sosial şəbəkələrdən Azərbaycan dövlətinə, bu dövlətin rəmzlərinə, xalqın dəyərlərinə qarşı nifrin püskürənlər kimdir?!.

***

Azərbaycandakı inkişaf prosesləri davamlıdır, ardıcıldır, tarixi təkamül qanunauyğunluqlarını əks etdirir.

Bu prosesdə hansısa məqamların ilk baxışda mahiyyətinə uyğun qavranılmaması, müəyyən yeniliklərin gözlənildiyindən gec və ya tez baş verməsi, yaxud bir qisim insanların inkişaf proseslərinə uyğunlaşa bilməyib, istənilən vəziyyətin tənqidinə köklənmələri də bəlkə təbiidir və bütün bunlar cəmiyyətin inkişaf məntiqindən irəli gəlir.

Ancaq belə bir məqamda bizə ən çox lazım olan məhz Siyasi Mədəniyyətdir!..

Müstəqilliyimizin ilk illərindəki siyasi təlatümlərin durulmasından, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı böyük nailiyyətlərdən, insanlarımızın gün-güzəranının yaxşılaşmasından sonra indi cəmiyyətdə siyasi mədəniyyət barədə daha ciddi düşünmək lazım gəlir.

Fikrimcə, tarixi uğurlarımızı ancaq belə bir mədəniyyətin gücü ilə qoruyub inkişaf etdirə bilərik.

Cəmiyyətin nizamı, dəyərlərin öz yerini tutması, birgəyaşayış qaydalarının formalaşması üçün buna çox böyük ehtiyacımız var…

***

Əfsus ki, demokratiyanı, insan hüquq və azadlıqlarını hələ də özbaşınalıq, hərki-hərkilik, başqasının şəxsiyyətini təhqir etmək imkanı kimi anlayanlar var.

Düzdür, belələrinin sırası getdikcə seyrəlir, müstəqilliyimizin ilk illərindəki küçə-meydan dövrünə xas qaragüruhçu yanaşma öz yerini dövlətə, hakimiyyətə sivil münasibətə, normal tənqidə verir. Amma qaragüruh havasında yaşayanlar yenə ara-sıra ortaya çıxır və belələrinin ritorikası, tərzləri istər-istəməz ətrafı təəccübləndirir.

Axı bu cür tərzlər, belə yanaşmalar cəmiyyət olaraq bizim üçün çoxdan keçilmiş mərhələdir. Mitinqlər, aksiyalar, şüarlar problem həll etmir. Siyasi aksiyalar dünyanın heç yerində siyasi mədəniyyət formalaşdırmır. Yeri gəldi-gəlmədi insanları küçə-meydanlara çağırmaq həvəsi ciddi bir sosial bazası olmadığı halda ətrafındakılarla hakimiyyəti bu cür üsullarla təhdid etmək şakəri keçmədimi?

Tale üzümüzə baxdı ki, ötən əsrin sonlarına doğru tarixin bu sərt imtahanı qarşısına zamanın özünü yönəldəcək qədər güclü zəkaya malik Heydər Əliyev kimi Böyük Şəxsiyyətin liderliyi ilə çıxdıq.

Xatırlayırsınızmı?

Heydər Əliyevin televiziyadan bircə çağırışı ilə yüz minlərlə adam gecəyarı meydana axışmışdı…

İndi Azərbaycandakı bu inkişaf, milli birlik, vəhdət mühitində necə, XALQ İlham Əliyevin bircə çağırışı ilə meydana çıxmazmı?!

Səfimizi pozmaq istəyənlərin üzərinə yeriməzmi?!

Son günlərin əzəmətli yürüşü – Xocalı soyqırımı abidəsinə kütləvi axın – xalq və iqtidar birliyinə əyani sübut deyilmi?..

Küçə – meydan mübarizəsi dövrünü yenidən siyasi gündəmə qaytarmağa nə hacət?!

Vaxtilə başı hakimiyyət davalarına qarışıb Qarabağı əldən verənlər, indi “Qarabağ” şüarını Prezident İlham Əliyevə qarşı çevirməyə uğursuz cəhd edirlər…

O Şəxsiyyətə qarşı ki, Qarabağın işğaldan azad edilməsi üçün ondan çox zəhmət çəkən yoxdur.

Diplomatik səngərlərdə düşmən üzərində qazandığı üstünlüklərlə, Azərbaycanın beynəlxalq aləmdə yüksələn mövqeyi ilə, qurduğu ordunun getdikcə artan qüdrəti ilə və bu ordumuzun ardıcıl, uğurlu zəfərləri ilə, ən əsası bu məsələdə tutduğu prinsipial mövqe ilə bizi addım-addım torpaqlarımızın azadlığına yaxınlaşdıran ondan başqa şəxs yoxdur…

Və ondan çox sevinən də yoxdur!..

Adını Azərbaycan tarixinə “Qarabağı azad etmiş Prezident” kimi yazmaq cənab İlham Əliyevin taleyidir!..

Və inşallah, bu, belə də olacaq!..

Bunu anlayaq, bacarırıqsa, kömək etməyə çalışaq, bacarmırıqsa, mənasız çəkişmələrlə, ucuz şüarçılıqla baş qatmayaq, heç olmasa, mane olmayaq…

***

Prezident peşəkar strateq, dövlət adamı kimi cəmiyyətdə gedən müzakirələrin, hökumət qarşısında irəli sürülən maraqlı təkliflərin problemlərin həlli və dövlətin gələcəyi üçün nə qədər böyük önəm kəsb etdiyini bilir, faydalı təklifləri dəyərləndirir, ölkənin inkişafından ötrü nəsə real iş görmək istəyənlərə şans verir.

Azərbaycanda deməyə sözü olan hər kəsin əlində bu imkan var. Ölkədə yazılı və elektron media kifayət qədər inkişaf edib, söz azaddır, insanların öz fikir və rəylərini ənənəvi mediada, sosial şəbəkələrdə sərbəst şəkildə ifadə etmələrinə hər cür şərait təmin edilib.

Bəs biz bu imkanlardan necə istifadə edirik?!

Bu barədə düşünmək belə ağrıdır adamı, amma həqiqətdən də qaçmaq olmur…

Azərbaycanda sosial şəbəkə “sosial şəbədə” məzmunu alıb, fikri-niyyəti maariflənməkdən çox əylənməkdə, başqalarını qaralamaqda olan insanların cılız hisslər tribunasına, lağ-lağı meydanına, təhqir, şantaj arenasına çevrilib.

Dövlət rəsmilərindən, millət vəkillərindən, tanınmış insanlardan kimsə peşmandır ki, ictimai əhəmiyyət kəsb edən hansısa məsələ ilə bağlı rəy bildirsin, müəyyən məqamların izahına çalışsın. Dərhal sosial şəbəkələrdə hər kəlməyə bir şunquruq qoşan bir kimsə peyda olacaq. Söyüşün, təhqirin biri bir qəpiyə enəcək. Özü də yalançı imzalarla, saxta profillərlə…

Mənəvi sərhədləri bir anda adlayıb keçirlər. Ağıllarına gələnləri yaza-yaza günlərlə əylənib yorulur və mövzu boyatlaşandan sonra başqa birinin növbəti açıqlamasını gözləyirlər. Bu olmayanda, digər mövzu mənbələrinin təftişi, yox yerdən ortaya çıxarılan məsələlərin dövriyyəsi başlayacaq ki, bəlkə virtual əyləncə, qaralama kampaniyaları üçün nəsə alındı…

Daha məsələlərin mahiyyətinə varmaq, bir qədər dərinə getmək, problemlərin həllinə çalışmaq, cəmiyyət üçün faydalı cəhətlər üzə çıxarmaq, dövlətə ağlabatan təkliflər vermək, beləliklə, sağlam düşüncə mühiti formalaşdırmaq söhbəti yoxdur.

Qəribədir… Böhtan olsun, təhqir olsun – təki nəsə olsun…

Bəs dəyərlər? Dəyərlər yaşamasa da olar?!.

Bu nədir, olurmu belə?!.

***

Mən hələ uşaq ikən, “erməni barmağı” sözünü tet-tez eşidərdim…

Harada əlləm-qəlləm iş, fitnə-fəsad, xəyanət, üzə gülüb arxadan qılınclama olurdusa, buna “erməni barmağı” deyərdilər…

Bu sözün yaranma səbəbi ilə bağlı “Amerika kəşf etməyə” nə hacət?!.

Ermənini də, onun xislətini, cılız mahiyyətini də bütün dövrlərdə bilmişik və zərərini çox çəkmişik…

İndi dünyanın bu çətin, təlatümlü dövründə də Azərbaycana, onun Liderinə qarşı aparılan böhtan, şər kampaniyasında “erməni barmağı” dinc durmur, sağa-sola məkr yağdırır!..

Bir anlıq düşünək: dünyanın ən ünlü kinoindustriyalarının məhsulu olan filmlərin (sənədli, ya bədii) hansının subtitrlərində erməni soyadı yoxdur?..

Qlobal media holdinqlərini onların inhisarı olmadan təsəvvür etmək mümkünmü?!.

Böyük dövlətlərin KİV-nin istisnasız hamısında erməni və onun barmağı var və hər birində də azı bir “yan” soyadı…

Və bu qara ləkəli barmaqlar birləşib, şər-böhtan, bədheybət bir əli – erməni lobbisini, dünya erməniliyini yaradırlar…

Bəs bizim ziyalılarımız, teatr-kino xadimlərimiz, alimlərimiz, tarixçilərimiz?..

Açıq danışmalı, hansı cəbhədə kimə savaş açdığımızı bilməli, hədəfləri düzgün göstərməli, qətiyyətimizi artırmalı və ən nəhayət, layiqli vətəndaş olmağı bacarmalıyıq!..

Meydanda biz olmalıyıq, savaşı biz aparmalıyıq, biz danışmalıyıq, xain və xəbisləri biz susdurmalıyıq!..

Biz Azərbaycanlılar!..

Amma XAN ÇİNARA – Azərbaycana, onun Liderinə nəinki bu baltalar, heç bu hoqqabaz barmaqlar da zaval toxundura bilməzlər!…

Bu, həqiqətdir və onu ucadan deməliyik…

***

Bir də görürsən biri dodaqaltı qımışıb gəldi: “Oxudunuz?! Filankəsdən yaman yazıblar yenə…”

(Bəlkə də daha kobud deyirlər – mən yumşaq yazıram…)

Əllər bir andaca telefona uzanır, kiminsə tapıb oxumasını istəyirlər…

Baxıb görürsən ki, yazılanlar ya iftiradır, ya kiminsə fikirlərinin məqsədli təhrifidir, ya da ki, içində cəmiyyət üçün faydalı bir informasiya dəyəri və fakt yoxdur. Amma bu, yenə də kiməsə əyləncəli gəlir, kimsə özünün deyil, məhz başqasının adının bu şəkildə hallanmasından sanki məmnun olur və “məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə oxuduqlarının üstünə beşini də qoyub başqalarına çatdırmağa tələsir…

Daha heç kim fərqində olmur ki, bu cür yanaşmalar həm də konkret bir fərdə deyil, DƏYƏRLƏRİMİZƏDİR, cəmiyyətdə əxlaq normalarını qorumalı olan, bu dəyərlərin birləşdirdiyi İNSANLARADIR!..

Biz niyə beləyik?!.

Və əgər bu gün hamılıqla o dəyərlərə sahib çıxmasaq, cəmiyyətin mənəvi təmizliyinə çalışmasaq, siyasi mədəniyyətin yüksəlməsi üçün bir araya gəlməsək, sabah ayağı büdrəyənlərin və arxasınca min şəbədə qoşulanların biri də Özümüz olacağıq…

Sən, mən, o – hamımız!..

Növbəylə, sırayla…

***

Bəlkə, nəhayət, anlayaq ki, axı başqa cür də yanaşmaq, yaşamaq, fikirləşmək olarmış?!.

Dəfələrlə fikir vermişəm: biri dünyadan köçəndə dəfn mərasimi zamanı məzar başında hamı, elə bil, mələyə dönür…

İnsanların hüznlü çöhrəsinə nəzər salırsan, bütün sifətlərdə bir təəccüb donub qalır.

Hamı bu gəlimli-gedimli dünyanın sonunun, ömrün əvvəlindən sonuna qədər çalışıb-çarpışan, dünyalara sığmayan insanın axırının, iqbalının ikicə addımlıq qara torpaq olduğuna heyrətlənir, bu həqiqətdən nə qədər qaçmaq istəsə də, yenə onunla barışmalı olur…

Mərasim bitəndən sonra çoxu heç işinin başına da dönmək istəmir, elə buradan birbaşa evinə, ailəsinin, doğmalarının arasına qayıtmağa, ömrün qalan bütün qismini ancaq sevdiklərinə həsr etməyə can atır…

Amma… Elə ki, qəbiristanlığın qapısı geridə qaldı, yenə yollar haçalanır, hər şey tərsinə dönür…

Sifətlər də dəyişir, emosiyalar da, iddialar da…

Fərqli, təzadlı istiqamətlər başlanır, kin-küdurət alovlanır, nifrət, dedi-qodu, hirs-hikkə… Hər şey yenidən öz köhnə axarına qayıdır.

Yenə mənasız ehtiraslar, qarşıdurmalar, insan üçün heç bir mənəvi dəyəri olmayan dünya malından,vəzifə kürsülərindən, sosial statuslardan ötrü boşuna sərf edilmiş ömür…

İnsanları bir-birindən iraq salan cılız hisslər toplandıqca böyüyür, böyüdükcə, hikkəyə çevrilir, içimizi parçalayıb dağıdır…

Hikkəmiz çəkimizdən ağır gəlir…

Paxıllıq, qısqanclıq, gözügötürməzlik, başqasının uğuruna sevinməmək, səndən az-çox qabaqda olana, irəli gedənə bədxah münasibət, bəyənməmək, ayağından dartıb yıxmaq hissləri baş alıb gedir…

“Kim mənim kimi düşünmürsə, məsələyə mənim kimi yanaşmırsa, deməli, mənimlə birgə deyil…”

Bu nə düşüncə tərzidir?!.

***

Bu ömürdən tarixin hansısa səhifələrində, yaddaşın künc-bucaqlarında nəsə ilişib qalacaqsa, o da ancaq saleh əməllərdir…

El üçün görülmüş işlərdir.

Fərd deyil, el-oba namına, böyük mənada Vətən adına edilənlər qalır və xatırlanır.

İnsan Vətən və bir qədər geniş mənada götürsək, bəşəriyyət adında bütünləşən keçmişə, bu gün və gələcəyə verdiyi faydalarla əbədiyyət qazanır.

Prezident İlham Əliyevi tarixiləşdirən, xalq sevgisi qazandıran da elə budur!

Vətən üçün gördüyü bu müqəddəs işlərdir!

Həyata keçirdiyi siyasətin tarixi mahiyyətli əməllərə çevrilməsidir!..

Bu əməllərdən bütün elin faydalanmasıdır!..

Bu faydalar bizim üçündür, Vətən üçündür, bu Vətən isə hamımızındır!..

Azərbaycanın bağrına daş dəysə, hamımızın qəlbi qanayacaq…

Vətən – təkcə coğrafi ərazi, sərhədlər, bayraq, gerb, ordu demək deyil ki!..

Vətən – həm də bir dəyərdir!..

Vətənin ərazisi qədər dəyərləri də qorunmalıdır!..

Azərbaycan Respublikasının Prezidenti də bu Vətən kimi müqəddəs bir Dəyərdir!..

Bu Vətənin ən böyük vətəndaşı, sərkərdəsi də, siyasətçisi və iqtisadçısı da, alimi, müəllimi də, tarix və ədəbiyyat adamı da, körpədən böyüyə hamının nazını və cəfasını çəkən də ODUR!..

O, Azərbaycan sevgisi ilə, bu yurdun insanlarına isti münasibəti ilə, dövlətin gələcəyinə aydın və qətiyyətli baxışları ilə hamımızdan UCADIR…

Dövlət rəhbərimizin bölgələrə səfərlərinə, sadə vətəndaşlarla səmimi görüşlərinə, ən əziz adamları kimi boynuna sarılan insanların ona olan məhəbbətinə nəzər yetirək…

İlham Əliyevin bu yurdun insanlarına sevgisini ifadə edən maraqlı görüntüləri yada salaq…

Şəhid anasının ayağına gələn, şəhid atasını ovudan Ali Baş Komandanı, zəlzələdən tifaqı dağılmış ağbirçəyin köməyinə Xızır kimi yetişib əlini öpən dövlət rəhbərini, Vətənin ucqarında insanlarla çiyin-çiyinə, ürək-ürəyə, səs-səsə “Azərbaycanım” oxuyan VƏTƏNDAŞI xatırlayaq…

Elə bu günlərdəcə, prezidentimizin özünün də “möcüzə” adlandırdığı, geniş və yaraşıqlı, möhtəşəm Sumqayıt bulvarında istirahət edən insanların içinə qarışması, sadə və zəhmətkeş sumqayıtlıların onunla şəkil çəkdirmək üçün növbəyə durması necə də kövrək anlar idi…

Və düşünək: Azərbaycanı – bu Vətəni və torpağı hansımız onun qədər sevdik?!.

İnsanlarımızın rifahı üçün hansımız onun qədər can qoyduq, fədakarlıqlara qatlaşdıq?!.

Çətinliklərin, problemlərin, dörd bir yandan üzərimizə yönələn təzyiqlərin, təhdidlərin üstünə onun kimi gedə bildik?!.

Qəribə haldır: yaxşı bir iş görüləndə, xoş bir nəticə ortada olanda hamı onu öz adına yazmağa çalışır, hər kəs sinəsini irəli verib min vəchlə can atır ki, özünü bu nəticəyə hansısa formada aid etsin, bu nəticədə adı görünsün.

Amma xoşagəlməz nəsə ortada olanda, tənqid məqamı yetişəndə, yaxasını kənara çəkib şəhadət barmağını havaya qaldırır, yuxarını göstərirlər…

Bütün bunları birbaşa dövlət rəhbərinin adına yazdırmaq istəyirlər…

Sanki bu ölkədə, bu cəmiyyətdə bütün yaxşı əməllər, ürəkaçan nəticələr başqalarına, problemlər isə Prezidentə aiddir…

“Əhsən”, vallah…

Bu nə “səmimiyyətdir”?!.

Bu nə yanaşmadır?!.

Belə ədalətsiz münasibət yetməzmi?!.

***

Bir dövlət adamının şəxsiyyətinə, həyat və fəaliyyətinə qiymət verməkdən ötrü gərək biləsən: Dövlət nədir, Dövlətçilik, Liderlik nədir?! Tarix üçün yaşamaq nədir?!

Biz böyük dövlətlərin rəhbərlərinin cənab İlham Əliyevə ünvanladıqları teleqramlara, təbrik məktublarına baxaq, onlardakı məzmuna diqqət yetirək. Onda bir Lider kimi İlham Əliyevin ucalığını anlayacağıq, onun çağdaş dünya siyasətində necə aparıcı rola, güclü mövqeyə sahib olduğunu, öz şəxsiyyəti ilə tarixdə necə böyük ad qazandığını görəcəyik.

Dünya liderlərinin onun haqqındakı yüksək rəyləri – İlham Əliyevin şəxsində belə bir Lideri yetirmiş Azərbaycan xalqına verilən dəyərdir…

Bəs Prezidentimizin adı ətrafında simvollaşan milli dövlətçilik dəyərlərinə kim sahib çıxmalıdır?!.

Bu ölkənin insanlarının Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsiyyətinə olan sevgisinə və inamına nəzər salaq. Ömür-gün yoldaşı ilə birgə cəmiyyətin xoşbəxtliyi üçün çalışan bu Azərbaycan qadınının fədakar zəhmətinin cəmiyyətdə necə böyük rəğbət yaratdığını müşahidə edək…

Onun köməyə, şəfqətə, xeyirxah münasibətə ehtiyacı olan insanların problemlərinə necə həssaslıqla, anındaca reaksiya verdiyini, bu insanların qəlbində MEHRİBAN ANA kimi ümid çırağı yandırdığını görək…

Onların hər ikisinin bəşəri ideyaları öz nəcib əməlləri ilə yaydığını, tarixdən gələn milli-mənəvi dəyərləri necə böyük sevgi ilə qoruduğunu və bütün dünyada təbliğ etdiyini vətəndaş baxışı, vicdanı ilə izləyək və qiymətləndirək…

Həm də örnək götürək!..

Bax, belə!..

Suallar bitmir, tükənmir…

Siz deyin, Azərbaycana tarixin ən böyük nailiyyətlərini qazandırmış bu ŞƏXSİYYƏTLƏRİ kim qorumalıdır?!.

Dəyərlərimizə kim sahib çıxmalıdır?!.

Arxada gizlətdiyin, guya yumruq kimi birləşmiş və yumruq kimi təsəvvür etdiyin əl kimə lazım?!.

Əllərimizi irəli qaldırıb, hamılıqla – hamının gördüyü şəkildə, bir yumruq kimi birləşdirməyi bacarmalıyıq…

Böyük Ailəmizi – Müstəqil Azərbaycanımızı qorumaq üçün…

Sən, Mən və O…

Azərbaycan adında bütünləşən hər kəs…

Biz…

Biz azərbaycanlılar!..

Sevgili həmvətənlərim!..

 İmamverdi İSMAYILOV,

Milli Məclisin deputatı, Əməkdar jurnalist

“Azərbaycan”qəzeti, 28.02.2019

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər