Biz niyə səhmdar klub yarada bilmirik?

1134

Sumqayıt” klubu üçün təklif: “Fun shop”la əlavə gəlir əldə etmək olar

Son dövrlər aparıcı futbol ölkələrində klublar özəlləşdirməni səhmdar cəmiyyətə çevrilməklə həyata keçirir. Yəni klubun maliyyə vəsaiti səhmlərin satılması yolu ilə əldə olunur. Belədə istənilən şəxs lazım olan məbləği ödəməklə səhmdara çevrilir və hər bir səhmdar klubun gəlirlərindən malik olduğu səhmin dəyərinə uyğun nisbətdə gəlir götürür. Digər tərəfdən, klubların səhmdar cəmiyyətə çevrilməsi klubların sponsor baxımından əziyyət çəkməsinin və sonradan iflasa uğramasının da qarşısını alır. Bu mənada səhm prosesini klubların daimi gəlir mənbəyi kimi də qiymətləndirmək olar.

Azərbaycana gəlincə, ölkəmizdə hazırda heç bir klub səhmdar cəmiyyət kimi fəaliyyət göstərmir və yaxın zamanda da  klubların səhmdar cəmiyyətə çevrilməsi real görünmür. Baxmayaraq ki, klubun səhmdar cəmiyyətə çevrilməsi komandanın gəlirlərinin artmasına şərait yaradır. Gəl ki, ölkə klublarından kifayət qədər gəlir götürmək mümkün olmadığından klub sahibi olmaq istəyənlər ölkəmizdən yan qaçır. Bu  problemi aradan qaldırmaq üçünsə, futbol marketinqinin düzgün qurulması lazımdır. Azərbaycanda futbol marketinqi hələ tam formalaşmadığından klubların nəinki böyük gəlirlər qazanması heç xərclərinin kiçik bir hissəninin belə ödəməyə yetməməsi, azarkeşlərlə  əlaqənin olmaması nəticə olaraq oyunlara çox az sayda insanın gəlməsi, sponsorlarının cəlb olunmaması, brendləşmənin olmaması, sistemsizlik nəticəsində yalnız böyük pulların xərclənməsi, xərclərin müsbət dəyişikliyə səbəb olmaması nəticə olaraq himayədarların da gec-tez bu sektordan uzaqlaşdırır.

Futbolun xarici şirkətlər üçün ən önəmli marketinq aləti olması şübhə doğurmur. İstər ölkəmizdə, istərsə də bütün dünyada futbol çox populyar olduğundan bu bazara daxil olan şirkət burda qısa zamanda möhkəmlənə biləcəyi kimi, klublarımız da beynəlxalq aləmdə tanına və brendə çevrilə bilər. Amma klub sahibləri komandanı səhmdar cəmiyyətə çevirməkdə maraqlı deyillər. Bu isə birgə fəaliyyət ənəməsinin olmaması ilə əlaqədardır. Digər tərəfdən, ölkəmizdə səhm

bazarının inkişaf etməməsi də buna mane olur. Təsadüfi deyil ki, xarici ölkələrdə klublar səhmdar cəmiyyətə çevrildiyi halda, bizdə “bir əldə” idarə olunma forması əsas götürülür. Bunun nəticəsidir ki, ölkə klubları hər hansı bir sahibkarın və ya dövlət qurumunun himayəsi altında fəaliyyət göstərir.

Təxminən, dörd il bundan əvvəl  AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda ilk dəfə olaraq səhmdar klubun yaradılacağını bildirmişdi. “Hamımız klub sahibi olaq” şüarı ilə reallaşdırılması nəzərdə tutulan ideyanın məğzinə gəlincə, plan bu cür idi ki, hər hansı bir klub yaradılacaq  və onun səhm paketi satışa çıxarılacaq. Bununla da müəyyən məbləğ ödəyən hər bir şəxs həmin komandanın sahiblərindən biri ola bilər. Bizim üçün hələ yeni olan bu layihə artıq bir neçə ölkədə həyata keçirilməkdədir. Məlumat üçün bildirək ki, sözügedən layihə əsasında alınan ilk klub İngiltərənin  “Ebbsflit Yunayted”  komandasıdır. Hazırda aşağı dəstədə – Blue Square Premier Leaugedə (Mavi Meydança Premyer liqası) mübarizə aparan komandanı almaq istəyən 20 mindən artıq insan 35 funt-sterlinq ödəməklə ümumilikdə qiyməti 700 min funt-sterlinq olan səhmlər paketinin  51 faizinə sahib çıxıb. Bununla da 20 min insanın hər biri klub qərarlarının verilməsində söz sahibi olub.

Səhmlərdən danışarkən adlı və imtiyazlı səhmlər fərqləndirilməlidir. İmtiyazlı səhm sahibləri klubun gəlirlərindən malik olduğu səhmin dəyərinə nisbətdə qazanc götürür. Adlı səhm sahibləri isə bu hüquqla yanaşı, maliyyə məsələlərinin həlli zamanı səs vermək hüququna malik olur.

Amma ölkəmizdə klubların heç də hamısının şəffaf fəaliyyət göstərmədiyi bəllidir. Belə vəziyyətdə həmin klubların səhmdar cəmiyyətə çevrilməsi səhm sahibləri arasında narazılıqlar yarada bilər.

Futbol marketinqinin düzgün qurulmasında fan strategiyanın da rolu böyükdür. Fan strategiyasının düzgün qurulması komandaların qısa zamanda daha çox azarkeş kütləsinə sahib olmasına və xarici şirkətlərin diqqət mərkəzinə düşməsinə zəmin yaradır. Futbol marketinqinin düzgün qurulması üçün klubların bir şirkət kimi marketinq planı olmalıdır. Bunun üçün isə klublarda marketinq departamenti fəaliyyət göstərməlidir. Bu baxımdan “Xəzər Lənkəran” komandasının digərlərindən fərqləndiyini söyləyə bilərik. Bu mənada cənub klubunun “fan şop”larının fəaliyyət göstərməsini və həmin “fan şop”larda oyun forması, kepka, futbolka və s.aksesuarların satılmasını göstərə bilərik. Bundan başqa, həmin məhsulların internet vasitəsi ilə də alıcıya çatdırıldığını vurğulaya bilərik. Düzdür, hazırda ölkəmizdə online alqı-satqı qeyr-aktuallığı ilə seçilsə də, “Xəzər-Lənkəran”ın bu addımı alqışlanmalıdır. Bundan başqa, cənub təmsilçisinin ölkənin futbol arenasına gətirdiyi yeniliklər sırasına qızıl, gümüş və standard abunə kartlarının satışını da əlavə etmək olar.

Futbol marketinqindən güzgün istifadə edən klublarımızdan biri də paytaxtın “Bakı” komandasıdır. Klub atributlarının satışı, “fan şop”ların fəaliyyəti, reklam və yayın gəlirləri klubun sponsor asılılığının azalmasına şərait yaradır.

Yuxarıda qeyd etdiyimiz klublarımızla yanaşı, marketinq siyasətini uğurla aparan klublarımızın cərgəsinə Qəbələnin eyni adlı komandasını da əlavə etmək olar. Bu yolda atılmış ən önəmli addım kimi komandanın  klub prezidentinin müşaviri vəzifəsinə  ötənlərin məşhur ingilis futbolçusu Toni Adamsın gətirilməsini, eləcə də, bir sıra rəhbər vəzifələrə əcnəbi mütəxəssislərin təyin edilməsini qeyd edə bilərik. Komandanın yeni gəlir mənbəyinin müəyyənləşməsində böyük rol oynayacaq məşhur “LOTTO” şirkəti ilə müqavilə bağlamağa nail olmasını da daha çox  Toni Adamsın marketinq işindən düzgün istifadə etməsi ilə əlaqələndirmək olar.

Göründüyü kimi, bütün aparıcı futbol ölkələrində klubların səhmdar cəmiyyətə çevrilməsinə, eləcə də marketinq siyasətindən düzgün istifadə edilməsinə böyük əhəmiyyət verilir. Amma bizim klublar hələ də bu reallıqla barışmaq istəmir. Amma unutmaq olmaz ki, inkişafa yalnız dünya futbolunda baş verən yeniliklərə adekvat cavab vermək bacarığı apara bilər.

 

Tural Məmmədov

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər