Və ya futbolçularımızın legioner həyatı həyatı haqqında bir neçə söz
Futbol bugün dünyada ən sevilən və ən çox izlənən idman növüdür desək, yəqin ki, yeni bir şey kəşf etmiş olmarıq. Ölkəmizdə də son illər futbola olan maraq kifayət qədər artıb. Futbola qoyulan sərmayələr klubların maddi vəziyyətinin yaxşılaşması, bir çox müsbət səviyyəli xarici futbolçuların klublarımıza gəlməsi son dönəmlərdə azarkeşlərin də ölkəmizdə futbola marağının ciddi şəkildə artmasına səbəb olub.
Bir azarkeş kimi son zamanlardakı bu inkişaf mənim diqqətimi cəlb etsə də, ancaq bugünkü futbolumuzun durumunda məni (eləcə də bütün ölkə futbol azarkeşlərini) narahat edən kifayət qədər neqativ hallar da mövcuddur. Bu yazımda şəxsin məni narahat edən bir neçə məsələyə toxunmaq və bu məsələlər haqqında fikirlərimi bölüşmək istəyirəm.
Yerli futbolçularımızın legioner həyatı yaşaya bilməməsi
Müstəqilliyimizin ilk illərində Nazim Süleymanovun, Şahin Diniyevin, Vəli Qasımovun xaricdə bizi təmsil etmələri qürur yerimiz idi. Vaxt ötdükcə digər futbolçularımız da xaricə, daha doğrusu, Rusiyaya daha çox ayaq açmağa başladılar. Bu dönəmlərdə Qurban Qurbanov, Emin Ağayev kimi futbolçular öz komandalarında söz sahibi sayılırdılar. Daha sonrakı dövrdə ölkəmizin futbolsuz qaldığı dönəmlərdə bir çox futbolçumuz artıq İran və Ukraynada özlərini sınamağa başladılar. Ukraynaya gedən futbolçulardan Kamal Quliyev, Mahmud Qurbanov, Cahangir Həsənzadə kimiləri özlərini yaxşı tərəfdən göstərə bilmişdilər. Son dönəmlərdə isə bizim futbolçuların xaricdə oynaması belə, demək mümkündürsə, tilsimə düşüb. Son bir neçə ildə konkret Mahir Şükürov, Rəşad Sadıqov və Vaqif Cavadovun uğursuz legionerlik cəhdləri bizi də bu işin üstündə fikirləşməyə vadar etdi. Ölkə səviyyəsində az-çox tanınan və səviyyəcə üzdə olan bu futbolçuların xaricdə uğursuz olmalarının səbəbi nədir görəsən? Nəyə görə Azərbaycan futbolçusu başqa ölkə çempionatında öz oyununu oynaya bilmir? Bunu bir neçə səbəblə aydınlaşdırmağa çalışaq.
– Fiziki və taktiki durumu qanətbəxş olmaması, daha dəqiqi, səviyyə fərqi;
– Psixoloji durum, mühitə uyğunlaşa bilməmək;
– Zəif reklam, dolayısıyla yarıtmaz menecer siyasəti.
Məlumdur ki, Azərbaycan dünyada və Avropada futbol ölkəsi olaraq tanımırlar. Heç bizim futbolçularımız da Avropa bazarında nadir tapıntılardan hesab olunmurlar. Ara-sıra müəyyən tsikllərdə uğurdan sonra diqqət mərkəzinə düşən oyunçularımız olur ki, onlar da, bu və ya digər səbəblərdən uğursuzluqla dönürlər.
Başlayaq səviyyə fərqindən.
Digər ölkənin nümayəndələri legioner həyatı yaşamağa can atdığı halda bizim futbolçularda bu istək hiss olunmur. Son dövrlər ölkə xaricinə üz tutan futbolçularımızdan Amit Quluzadənin “Kayseri-Ərciyesspor”da möhkəmlənə bilməməsi üzündən vətənə döndüyü bəllidir. Cari “futbol ili”ni Türkiyədə keçirən Rail Məlikovun da məcburiyyətdən ölkəni tərk etdiyini hamı bilir. Odur ki, indi “Qəbələ”yə qayıtmaq üçün gün sayır. Elə “Adana Dəmirspor”da forma geyən Cavid Hüseynov da ona 180 min manat verən klub olmadığına görə ölkə hüdudlarından kənarda idi ki, indi o da “Bakı”ya keçməyin bir addımlığındadır. Sona çatmaqda olan dövrələrarası transfer dönəmində “Dənizlispor”a üz tutan Arif İsayevin də fərqli iddiada olduğunu demək çətindir.
Hər halda, ölkə səviyyəsində ulduz sayılan Rəşad Sadıqov, Vaqif Cavadov, Mahir Şükürov kimi oyunçular ölkə xaricindən “əli ətəyindən uzun” qayıdandan sonra başqalarından bundan artığını gözləməyə dəyməz.
Son illərdə ölkəmizi tərk edən fuitbolçulardan olan və Türkiyədə müxtəlif vaxtlarda “Kayserispor”, “Kocelispor” və “Eskişehirspor”da forma geyən Rəşad Sadıqovun konkret heyətə düşə bilmədiyindən geri döndüyü heç kəsə sirr deyil. Elə “Eskişehirspor”a ilk getdiyi vaxtlarda da heyətə nadir hallarda düşən Sadıqov Bülənt Uyğunun gəlişindən sonra artıq mütəmadi heyətə düşməyə başlayırdı. Düzü, kapitanın bu uğurunda milli komanda ilə türklərə vurduğu qolun da rolu böyük idi. Ancaq ilk yarımın sonuna yaxın zədələnməsi daha sonra dövrələr arası fasilədə heç cür istəniləni verə bilməməsi artıq onun əsas heyətdəki yerini itirməsi ilə nəticələndi ki, o da eyni mövqeydə çııxış etdiyi müdafiəçilərlə rəqabətdən qalib ayrıla bilməyəcəyini anlayıb çarəni transfer dönəmi başa çatmamış vətənə dönməkdə gördü.
Elə Vaqif Cavadovun taleyi də hardasa hazırkı komanda yoldaşı ilə eynidir. Son illərdə iki dəfə əcnəbi kluba- sırası ilə Hollandiyanın “Tvente” və Rusiyanın “Volqa” komandalarına yollanan Cavadov da “suyu süzülə-süzülə” geri qayıdanlardandır. Yadınızdadırsa, UEFA Avro Liqanın təsnifat mərhələsində «Qarabağ»la uğurlu çıxış edən Cavadov ağdamlılara rəqib olan «Tvente»nin baş məşqçisi S.Maklarenin də diqqətini cəlb edə bilmişdi. Sürəti və çevikliyi ilə diqqəti çəkən millinin üzvünü böyük ajeotaj və fərəh hissi ilə «Tvente»yə yola salanda heç kəs işlərin bu həddə çatacağını gözləmirdi. «Tvente»yə getdikdən sonra isə bir oyun belə oynamadan zədələnməsi Vaqifin bəxtsizliyi idi. Lakin zədəsini sağaltdıqdan sonra da tale Vaqifin üzünə gülmədi ki, gülmədi. Belə ki, Vaqifin «Tvente»yə gəlməsində əsas təşəbbüskar olan Maklaren artıq komandanı tərk etmiş və Almaniyaya üz tutmuşdu. Komandaya isə Mişel Prüdom baş məşqçi təyin olunmuşdu. Mövsümlər arası fasilədə komandası ilə təlim-məşq toplanışında olsa da, sonda Prüdan tərəfindən bəyənilmədi. Belədə millinin vingeri də çarəni vətənə dönməkdə gördü. Vaqif Cavadovun “Tvente”yə yollanması nə qədər səs-küylü olmuşdusa, vingerin geri dönüşü o qədər də sükutla və gizlinlərlə müşayiət olundu. Bəlkə də Cavadov “Bakı”nın heyətində peyda olanda Mişel Prüdomun qarasınca deyinir, həmyərlimizin Hollandiyada haqsızlığa məruz qaldığını iddia edirdik. Amma Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən istedadlı futbolçularından biri “Bakı”da belə əsas heyətə düşməyə çətinlik çəkincə, əsl həqiqəti qəbul etməyə məcbur olduq. Azərbaycan çempionatında da istədiyini tapa bilməyən futbolçu bu dəfə Rusiyaya üz tutdu və şimal qonşumuzun yüksək dəstəsində mübarizə aparan “Volqa”ya keçdi. Amma onun buradakı legioner həyatı da digərindən ciddi şəkildə fərqlənmədi. Belədə, hücumçunun növbəti dayanacağının ölkə klublarından biri olması qaçılmaz idi. İndi “Qarabağ”da forma geyən sözügedən oyunçu hər şeyə yenidən başlamalıdır. Təbii ki, əgər qarşısına yüksək hədəflər qoyubsa.
Göründüyü kimi, bizim oyunçular səviyyəcə Avropadakı həmkarlarından geri qalırlar. Oynadıqları komandalarda mübarizə aparıb heyətə düşmək uğrunda vuruşmaq, daha da güclənmək əvəzinə çarəni daha asan yol olan vətənə dönməkdə görürlər. Bəlkə də bunda milli çempionatımıza qoyulan sərmayə və heç vaxt olmadığı kimi pulların dövr etməsinin də rolu böyükdür. Çünki Vaqif kimi, Rəşad kimi, Mahir kimi futbolçular xarici klublarda qazandıqları pulu milli çempiontımızda iştirak edən iddialı klublarda daha az əziyyətlə daha çox qazana bilər. Bu da əsas səbəb olmasa da, hər halda səbəblərdən biridir.
Futbolçularımızın legioner həyatı yaşaya bilməməsinin digər bir səbəbi də zəif reklamdır. Milli komandamızla və oynadığı klublarla ara-sıra Avropada uğurlu oyunlar keçirilməsinə baxmayaraq futbolçularımızın o qədər də diqqət cəlb etməməsi faktdır. Bu zaman isə səviyyəli menecer fəaliyyətləri zərurətə çevrilir. Yunis Məmmədov, Musa Qurbanov kimi agentlərimiz olsa da, onlar da hələ ki, hansısa bir futbolçumuzu xaricə apardıqları ilə öyünüb, sinələrinə döyə bilməzlər. Müəyyən vaxtlarda xarici menecerlərin ölkəmizə diqqəti olsa da, artıq son dönəmlərdə bu da müşahidə olunmur.
Futbolçuların mürəkkəb psixoloji durumları da onların uğursuzluqlarında önəmli təsir qüvvələrindən biridir. Mahir Şükürovun «Anji» səfəri də dediklərimizə əyani sübutdur. Özünü ərköyün uşaq kimi aparan və qeyri-peşəkar hərəkətlərlə ad çıxarmış Şükürovun Mahacqaladakı karyerası da elə bu üzdən alınmadı.
Ümumi nəticədə isə belə qənaətə gəlmək olar ki, bizim futbolçularımız əgər xaricdə səviyyəli çempionatlarda oynaya bilmirlərsə və burda uğursuzluğa düçar olurlarsa, bunda günahı yalnız və yalnız özlərində axtarmalıdırlar.
Futbolçularımızın intellektual səviyyəsinin zəifliyi
Son günlər diqqətimi çəkən məsələlərdən biri də futbolçularımızın intellektual səviyyəsidir. Konkret televiziya kanallarında efirə gedən futbol verilişinə şərhçi qismində dəvət olunan futbolçularımızın danışdıqlarına (daha doğrusu, danışa bilməməyinə) qulaq asandan sonra bu məsələ daha çox diqqətimi çəkdi. Bugün Azərbaycan futbolçusu iki kəlmə sözü yan-yana qoyub öz fikrini ifadə edə bilmir. Öz doğma dilində fikrini ifadə etmək o qədərmi çətindir?!
Bir çox yerli futbolçuların danışığına qulaq asan hər kəs mənimlə razılaşar. Sanki yenicə Azərbaycan dilini öyrənən bir əcnəbi danışır. Təəssüf ki, Azərbaycan futbolçusunun səviyyəsi budur. Dünya ölkələrinə nəzər saldıqda görərik ki, futbolçular karyeralarını bitirdikdən sonra seçdikləri peşələrin arasında şərhçilik də mühüm yer tutur. Elə çox uzağa getmədən qardaş Türkiyədən misallar göstərə bilərik. Sərgən Yalçin, Arif Ərdəm, Rıdvan Dilmən, Mətin Təkin kimi eks futbolçular Türkiyənin futbol efirində əsas söz sahiblərindəndirlər. Normal nitq qabiliyyəti olan, gördüyünü düzgün deyən futbol savadı olan, düşündüyünü ifadə etməyi bacaran bu insanlar oynadıqları futbolla bərabər hazırda şərhləri ilə də azarkeşlərin könlünü oxşayırlar.
Bizim futbolçular isə… Nəinki futbolçular, heç məşqçilər də öz fikirlərini normal çatdırmaq bacarığına malik deyillər.
Bütün bunların ən əsas səbəbi isə təbii ki, mütaliə azlığıdır.
Bugün ölkəmizdə adi insanlar arasında belə kitab oxumaq çox az yayılıbsa, futbolçudan daha artığını gözləmək də olmur. Ancaq istənilən halda nəinki futbolçu, hər bir insan öz fikrini ifadə etməyi, sözlərini çatdırmağı bacarmalıdır.
Zaur Xudiyev
Maraqlı yazıdı.