Azərbaycanda birinci dəstə klubları ilə premyer-liqa iştirakçıları arasında həm səviyyə, həm də maddi imkanlar baxımından ciddi fərqin olduğunu hələ ötən il “Uçurum” başlığı seçdiyim yazımda diqqətinizə çatdırmışdım. Faktiki, aşağı dəstə klublarından cəmi ikisi nisbətən normal vəziyyətdədir. “Qaradağ Lökbatan”la “Neftçala”nı nəzərdə tutduğumu artıq anladınız. Həmin klublar da AFFA-nın, daha doğrusu SOCAR-ın himayəsində olduğu üçün digərlərindən fərqlənirlər. Yoxsa Neftçalada kimdi yerli kluba sponsorluq edən? Elitaya yüksəlməkdən daha çox “yuxarıdan” gələn tapşırığa əsasən gün keçirməklə məşğul olan aşağı dəstə komandaları haqda təkrar yazmaq fikrin yox idi. Amma Nadir Qasımovun “Şuşa”nın ağır vəziyyətini növbəti dəfə dilə gətirib, imkanlı premyer-liqa klublarından kömək istəməsi diqqətimi cəlb etdi. Təəccüblüdür ki, “Qaradağ Lökbatan”la “Neftçala”ya əl tutan, “Turan”ın da pulsuzluğuna biganə qalmayan AFFA, konkret cənab Rövnəq Abdullayev indiyə qədər “Şuşa”nın harayına səs verməyib. Niyəsini mən də anlamıram. Qarabağımızın göz bəbəyi olan Şuşaya belə biganəlik edib, müqəddəs adı rəzil edəcəkdinizsə, bu adda klub yaratmağa nə ehtiyac vardı? Qəzetimizin ötən həftə işıq üzü görən saylarının birində həmkarlarım Nadir Qasımovun kömək üçün ağız açdığı klubların təmsilçilərinin məsələyə münasibəti işıqlandırılmışdı. Düzdü, suallara cavab verənlərin arasında klubların birinci şəxsləri olmadığından konkret kömək edib-etməyəcəklərini deyən də olmamışdı. “İnter”in “Şəfa” stadionunu təmənnasız olaraq qaçqın komandanın istifadəsinə verdiyini öyrəndik, “Neftçi”nin vitse-prezidenti Tahir Sülyemanovsa ənənəsinə sadiq qalaraq kömək edəcəklərinə söz verdi. Alqışlayıram. Bəribaşdan qeyd edim ki, mən hansısa klubumuzun məhz klub olaraq “Şuşa”ya kömək etməyə borclu olduğunu iddia etmirəm. Əksinə, “Şuşa”nın bu vəziyyətdə yerlərdə sürünməsindənsə, birdəfəlik tarixin yaddaşına köçməsinin tərəfdarıyam. Amma konkret olaraq “Qəbələ”nin meneceri Zaur Əzizovun bu haqda danışarkən işlətdiyi ifadələri həm bütün işğal olunmuş ərazilərimizin adına, həm də Nadir Qasımovla yanaşı digər azərbaycanlı məşqçilərə təhqir hesab edirəm. Əzizovun dediklərini oxuyandan sonra xəyalən ermənilərin “Mika” klubunun rəsmisi Xoren Manuçiriyandan mövqe öyrəndim. Xorendən soruşsan ki, “Şuşa” adlı komandaya kömək edə bilərsizmi? Əmin olun ki, cavan erməni dığası sizə belə cavab verər: “Şuşa bizim canımız-qanımızdı. Klubun rəsmi mövqeyini özbaşına deyə bilmərəm, amma şəxsən öz məvacibimdən hər ay min dram komandanın hesabına köçürməyi özümə borc bilirəm!” Bax, buna görə də Qarabağın erməni işğalına düşməsinə görə rusu, fransızı qınamamalıyıq. Hörmətli Zaur Əzizov Nadir müəllimin təklifinə münasibət bildirərkən təxminən belə demişdi: “bu məntiqlə digər işğal olunmuş rayonların adına klub yaradıb, pul yığmağa çalışanlar olacaq”. Səmimi deyirəm ki, cavan və intelektli oğlandan bu cür sözlər eşidəcəyimizi gözləmirdim. Pafoslu səslənməsin, kaş ki, vətənpərvərlik hisslərimiz o səviyyədə olardı ki, erməni tapdağında olan bütün rayonların adına komanda yaradıb, hər il Avropa kuboklarına çıxara biləydik, heç olmasa dünya həmin torpaqların bizim olduğundan belə xəbər tutardı. Üstəlik, Əzizovun sözlərindən belə çıxır ki, ağsaqqal Nadir müəllim “Şuşa”nın adıyla özünə pul yığır. Vallah, belə fikirlərə düşmək ayıbdır. Necə ki, sizə sual etmirlər ki, Göygöldə yaranan “Gilan” klubu birdən-birə necə oldu Qəbələyə köçüb, həmin rayonun adını daşımağa başladi. Yaxud, Fatih Kavlakın üç ay əvvəl rəqib tanımadığı futbolçularla məğlubiyyətləri sıralamağa başlamasının, bunun nəticəsində də Ramiz Məmmədovla əvəzlənməsinin səbəblərini, Məmmədovun boşaltdığı idman direktoru postunun hələ də niyə boş qalmasının niyəsini öyrənmək istəyən yoxdur. Lap elə, 5-6 klub ayda iki min manat versə, bu 10 min manat pul edər. Həmin pula da 15 futbolçunun maaşını və qidalanmasını təmin etmək belə qəhrəmanlıqdır. 10 min manat elə Zaur bəyin meneceri olduğu klubun ehtiyatda oturan bir legionerinin aylıq xərclərinin yarısı da deyil. Halbuki, “Qəbələ” belə budcəylə üç ildi ciddi heç bir uğur qazana bilməyib. Azərbaycan futbolu elə buna görə inkişaf eləmir ki, futbolu harda öyrəndikləri qeyri-müəyyən olan adamlar xaricdən vecsiz legionerləri ölkəmizə dartır, Nadir Qasımov kimi futbol mütəxəssislərsə bir klubu yaşatmaqdan ötrü başqalarından pul dilənməyə məcbur olurlar. Bu bizim hamımızın eyibidir, əzizlərim. Yadınızdadısa, PFL prezidenti Ramin Musayev “Unibank”dan gələcək pullarla “Şuşa”ya stadion tikəcəyinə söz vermişdi. Sonradan Musayev guya, “Şuşa”nın prezidentini tapa bilmədiyi haqda uydurmaları qulağımıza üfürməyə başladı. Ramin müəllim, buyurun, Nadir Qasımovu tapmaq müşkül məsələ deyil. Həmin pullar qalıbsa, çağırın, sənəd-faktura ilə ona təqdim edin. Hər ayın axırında “Şuşa”ya verilən pulların hara xərclənməsi barədə hesabatı da Qasımovdan alıb, mətbuat vasitəsiylə yayarsız. Bilirəm ki, etməyəcəksiz. Çünki, həmin pulların hara xərcləndiyini özünüzdən başqa heç kim bilmir. Deyirlər, bütün insanlar tək qaldıqda Allaha günahlarının bağışlanması üçün yalvarışlar edirlər. Kaş ki, həmin vaxt qeybdən gələn səs “gedin, əvvəlcə düşmən torpağına verdiyiniz torpaqlarınız sizi bağışlasın” deyəydi.
Amal Abuşov