Bizi necə yay gözləyir?

1118

1245831980_4850Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən “168 saat”a verilən məlumata görə, Şəhər Səhiyyə şöbəsinin və ayrı-ayrı idarə və müəssisələrin yaxından köməkliyi ilə görülən kompleks profilaktik tədbirlər nəticəsində şəhər əhalisi arasında bir çox xəstəliklərə rast gəlinməsə də, bəzi xəstəliklərin baş verməsi və yayılmasının qarşısı alınsa da, hələ də bir çox obyektiv və subyektiv səbəblərdən müəyyən xəstəliklərin baş verməsi və yayılması ehtimalı qalır.

Son illər ərzində şəhər İcra Hakimiyyəti Başçısının rəhbərliyi, şəhər Bələdiyyəsinin yaxından köməkliyi ilə şəhərin ümumi sanitariya vəziyyətinin xeyli yaxşılaşdırılması ilə yanaşı Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan Dövlət Sanitariya nəzarətinin artırılması, qabaqcadan lazımi profilaktik və eksepidemik tədbirlərin görülməsi, yaz-yay və payız-qış mövsümünə hazırlıq dövründə müvafiq təkliflərin irəli sürülməsi əhalinin sağlamlığının qorunması istiqamətində görülən vacib tədbirlərdir. Eyni zamanda şəhər əhalisinə verilən içməli suyun keyfiyyətinə nəzarətin gücləndirilməsi, qabaqcadan nəzərdə tutulan profilaktik tədbirlərin görülməsi əhalinin sağlamlığının qorunması üçün ən mühüm amillərdən biridir.

Ağcaqanad olacaqmı?

Sumqayıt şəhər GEM-dən verilən məlumata görə, yaz-yay mövsümünün başlanması ilə əlaqədar olaraq malyariya xəstəliyinin törədicisi olan anofeles ağcaqanadlarının artıb-çoxalmasının qarşısının alınması məqsədilə şəhər ərazisində ictimai və yaşayış binalarının zirzəmilərinə yığılmış suların qurudulması, lazımi təmir işlərinin aparılması üçün əlaqədar idarə və müəssisə rəhbərlərinə (MKTİİB) məktublarla müraciətlər edilmişdir. Malyariyaya qarşı mübarizə məqsədilə ötən il ərzində may ayından başlayaraq bataqlıqların müəyyən hissəsi qambuzyalaşdırılmışdır. (Novxanı bağları ərazisi, Fabrikin arxası və s.). Bu il də II-III rüblər ərzində həm yuxarıda qeyd edilən ərazilərdə, həm də digər ərazilərdə işlənmiş yağ və salyarka ilə delarvasiya, didifosla dezinseksiya işlərinin aparılması nəzərdə tutulmuşdur.

Mövsümlə əlaqədar Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən şəhər ərazisindən müxtəlif məişət tullantılarının vaxtlı-vaxtında daşınması, süpürülmə, təmizləmə və abadlıq işlərinin normal yerinə yetirilməsinə nəzarət artırılmışdır. Müxtəlif məhəllə və mikrorayonlarda, xiyabanlarda, yol qıraq         larında zibil tullantılarının yandırılması üçün əlaqədar idarə və müəssisə rəhbərlərinə məktublarla müraciətlər edilmişdir. Şəhər ərazisinin müəyyən yerlərində – xüsusən 15, 40, 43, 41a məhəllələrində və digər ərazilərdə zibil tullantılarının yığılması üçün olan konteynerlərin azlığı nəzərə alınaraq həmin məhəllələrdə dezinfeksiya, dezinseksiya tədbirlərinin vaxtında aparılmasına nəzarət gücləndirilmişdir.

Yenə çimərlik qadağası

Mövsüm dövründə şəhər çimərliyinin yaz-yay mövsümünə hazırlıq vəziyyətinin, o cümlədən əhalinin digər kütləvi istirahət yerlərinin yoxlanılması, aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə aidiyyatı olan idarə və müəssisələrə təkliflər və tapşırıqlar verilməsi, çimərlik mövsümi ilə bağlı sanitar-gigiyenik normativlər nəzərə alınmaqla mətbuat orqanları vasitəsilə çimərliyin qadağanolunmuş sahələri barəsində şəhər əhalisinə məlumatlar verilməsi nəzərdə tutulmuşdur.

Reydlər və sanksiyalar

Əvvəlki illərdə olduğu kimi bu il də ayrı-ayrı məhəllə və mikrorayonlar ərazisində qanunsuz olaraq süd və süd məhsulları satışının, iri və xırda buynuzlu malqara saxlanılması və kəsilməsinin qarşısının alınması istiqamətində şəhər İcra Hakimiyyətinin, şəhər Bələdiyyəsinin və şəhər Polis İdarəsinin işçiləri ilə birlikdə reydlər keçirilməsi və qanunsuzluqların qarşısının alınması üçün mühüm tədbirlər görülməsi nəzərə alınmışdır və artıq bu istiqamətdə tədbirlərə başlanılmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Abşeron Regional şöbəsinin, şəhər Bələdiyyəsinin, mütəxəssislərin iştirakı ilə birlikdə həm şəhər ərazisində istehsal olunan və həm də xaricdən gətirilən müxtəlif ticarət şəbəkələri vasitəsi ilə şəhər əhalisinin qidalanması üçün istifadə edilən ərzaq və yeyinti məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədilə reydlər keçirilməsi planlaşdırılmışdır və artıq bu reydlərin aparılmasına başlanılmışdır. Bu reydlər əsasən iri ticarət mağazalarında, topdansatış mağazalarında, iaşə xidməti obyektlərində aparılır. Aparılan reyd yoxlamaları zamanı bəzi ticarət mağazlarında, topdan satış mağazalarında istifadə edilmə vaxtı ötmüş, xarab olmuş, qidalanma üçün yararsız vəziyyətə düşmüş, habelə mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar edilərək, realizasiyadan çıxarılacaqdır. Məlumata görə, yol verdikləri ciddi sanitar-gigiyenik nöqsanlara görə müəyyən maddi məsul şəxslərə “İnzibati Xətalar Məcəlləsinə” istinad edilərək cərimə protokolları tutulur, digər lazımi ciddi tədbirlər görülür.

Əvvəlki illərdə olduğu kimi bu ilin I-rübü ərzində də mülkiyyət formasından asılı olmayaraq şəhər ərazisində fəaliyyət göstərən obyektlər üzərində xəbərdaredici sanitariya nəzarəti aparılmışdır. Bu ilin I-rübü ərzində 24, ötən ilin müvafiq dövründə isə 43 xəbərdaredici sanitariya nəzarəti aparılmışdır. Nəzarət aparılan obyektlər üzrə 764 dəfə cari sanitariya nəzarəti həyata keçirilmiş və müayinələr aparılmışdır. Ötən ilin müvafiq dövründə isə 524 cari sanitariya müayinəsi aparılmışdır.

Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çox kobud sanitar-gigiyenik pozuntu halları aşkar edilən 4 obyektin fəaliyyəti müvəqqəti olaraq, (pozuntu halları aradan qaldırılana kimi) dayandırılmışdır.

Təbii qazla hazırlanan dönərə qadağa!

Respublika ərazisində toyuq dönərinin satışının dayandırılması haqqında Respublikanın Baş Dövlət sanitariya həkiminin müavinin 11 yanvar 2006-cı il tarixli qərarı olmuşdur. Eyni zamanda bəzi dönər satışı sahələrində sıxılmış təbii qazdan istifadə nəticəsində dönər-kababların toksiki maddələrlə çirklənməsi ehtimalının olduğunu nəzərə alaraq “dönər-kabab hazırlanmasında təbii qazdan istifadə edilməsi və müvafiq şəraiti olmayan yerlərdə dönər-kabab hazırlanması və satışının qadağan olunması haqqında” Respublika Baş Dövlət sanitariya həkiminin müavini tərəfindən 54 saylı, 06.04.2010-cu il tarixli qərar çıxarılmışdır. Qeyd olunanlara istinad edilərək Sumqayıt şəhəri ərazisində sanitariya-gigiyena qaydalarına cavab verməyən və iş zamanı sıxılmış təbii qazdan və mənşəyi məlum olmayan toyuq ətindən istifadə edən bir neçə dönərxanaların fəaliyyətinin müvəqqəti olaraq dayandırılması haqqında qərar çıxarılmışdır. Dəfələrlə aparılan izahat işlərinə, verilən məlumatlara, edilən şifahi xəbərdarlıqlara baxmayaraq, 9 mkr ərazisində Ü.Hacıbəyov küçəsi kənarında “Viləş-98” ərzaq mağazasının nəzdində fəaliyyət göstərən dönər-kabab satışı köşkündə və 9 mkr-da “Aygün” ş/e-nin qarşısında yerləşən dönər-kabab satışı köşkündə iş zamanı sıxılmış təbii qazdan istifadə edilir, mənşəyi məlum olmayan toyuq və ət məhsullarından istifadə edilir. Normal sanitar-gigiyenik şəraiti olmayan bu dönər-kabab satışı köşklərində işləyənlər özlərini təqdim etmirlər, verilən tapşırıqları yerinə yetirmirlər.

Hazırladı: Elmir Ağayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər