Bizim ellər yerindəmi…

3044

… Deyirlər ki, tanıdığın insan haqqında söz demək, yazı yazmaq olduqca asandır. Ən azı ona görə ki, tanıdığın adamın həyat tarixçəsini, xasiyyətini yaxşı bildiyindən onun fəaliyyətinə müxtəlif baxış bucağından yanaşmaq, yanılmadan qiymət vermək imkanın olur.

Bu mənada, tanınmış ziyalı, istedadlı qələm sahibi, ictimai-siyasi xadim, ən əsası, əsl insan. İmamverdi İsmayılov haqqında yazı yazmaq onun mənim kimi yüzlərlə dostu üçün “sonu görünməyən yovşanlı çöldə” arxayın-arxayın gəzmək qədər asandır.
Amma bu asanlığın bir qəlizliyi də var….
Yaz səhərinin sərin mehinin asta-asta dalğalandırdığı yovşanların babalarımızın ruhu kimi qanımıza hopmuş bihuşedici ətrini ciyərlərinə çəkərək, “Yazı düzü”ndə addımlamaq sevinci, qısa bir vaxtdan sonra bu düzün üfüqlə birləşən ucsuz-bucaqsız ənginliyini gəzib qurtara bilməmək qorxusu ilə əvəz edildiyi kimi, parlaq istedadı, çoxşaxəli və çoxillik fəaliyyəti ilə cəmiyyətin gözündə öz obrazını yaratmış tanınmış şəxslər haqqında mükəmməl söz deyə bilməmək qorxusu da məsuliyyətli qələm sahibini həmişə təqib edir…
…”Yazı düzü”nün adını eşidəndə mənim 7-8 yaşım ancaq olardı. Hər axşam yeni nağıl danışmağa məcbur etdiyim Əli babam bildiyi bütün nağılları danışıb qurtarandan sonra öz qaçqınlıq həyatından, 1918-1922-ci illərdə Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonlarında bəylərin qapısında əkinçilik, muzdurluq etdiyi ağır günlərdən danışardı.
Babam söyləyərdi ki, Bərşaddıda (Zəngəzurda Bərgüşad çayı boyunca olan kəndləri belə adlandırırdılar) çəltik becərir, Mincivan bazarında alver edir, Yazı düzündə yerli bəylərin qoyun sürülərini otarır, əkin əkib, zəmilərini biçərdik.
O vaxtlar yazıb-oxumağı təzə-təzə öyrəndiyimdən babamın bu söhbətlərində adını çəkdiyi yerlərin içərisində “Yazı düzü” adı marağımı daha çox çəkmişdi.
“Yazı düzü” ifadəsini uşaq ağlımla “yaz-bahar”, “yazıb-oxumaq”, “alın yazısı” kimi mənalandırırdım. Böyüyəndən sonra öyrəndim ki, Yazı düzü Zəngəzurda Həkəri və Bərgüşad çaylarının arasında yerləşən üçbucaq şəkilli geniş bir vadidir. Böyüklüyü və bərəkəti ilə Qubadlı-Zəngilan elinin qürur yeri olan Yazı düzünün güllü-çiçəkli yazı, qızmar, ilanlı-çəyənli yayı, sərt küləkli, gürşad yağışlı payızı, qarlı-çovğunlu qışı vardı.
İnsan təbiətin bir parçasıdır və doğulub böyüdüyü yerin xüsusiyyətlərini çox zaman öz görkəmində və xarakterində yaşadır.
Bu baxımdan mən dostum İmamverdi İsmayılovu kiçik Vətəni Zəngəzurun zirvələrində qartallar qıy vuran “qüdrətdən səngərli qalalı dağlar”ına, şaqqıldayıb axan bol sulu gur çaylarına və nədənsə, daha çox Yazı düzünə bənzədirəm…
…O Yazı düzünə ki, bir yanağını Qubadlının, bir yanağını Zəngilanın üzünə söykəyib.
…O Yazı düzünə ki, bol bərəkətli torpaqları göz işlədikcə uzanıb gedir, otlaq yerləri də, əkin tarlaları da, üzüm bağları da səxavətli dost süfrəsi kimi Vətən övladlarının qarşısında həmişə açıq olmuşdur.
…O Yazı düzünə ki, elə qəhrəmanımın özü kimi, onun təbii xarakteri var: qışı qış kimidir, yazı yaz kimi, uzaqdan dümdüz, yamyaşıl və hamar görünsə də, daşlı-qayalı, eniş-yoxuşlu, çiçəkli, yovşanlı və şoran yerləri də vardır.
…O Yazı düzünə ki, qucaqlamaq istəyərsən, qolların çatmaz.
…O Yazı düzünə ki… sadəcə, DÜZ dür.
…O Yazı düzü dolanbacları, sərt yoxuşları ilə həm də İmamverdi İsmayılovun keşməkeşli həyatının, çətin keçən ömrünün və xarakterinin ümumiləşdirilmiş rəmzidir…
…Rəmzdən söz düşmüşkən, elə əvvəldən bir qənaətimi də qeyd edim: boy-buxunlu, çinar qamətli qardaşım İmamverdinin mahiyyəti, mənəviyyatı, şəxsiyyəti, əqidəsi, kişiliyi əslində, ounun boyundan daha ucadır…
* * *
İmamverdi müəllim taleyi göydə yazılmış qəza-qədər adamıdır. Zatən, yazıçı qəza-qədərsiz olmaz ki!..
Düz altmış il bundan öncə Zəngilanın Vənətli kəndində, Süsən dağının və Süsən meşəsinin ətəklərində dünyaya göz açmış İmamverdini tale çox da əzizləyib süsləməmişdir.
Dördüncü sinifdə oxuyarkən atasını itirən bir oğlan taledən niyə razı qalsın ki!..
Şəhər həyatında atasızlıq, yetimlik o qədər də bilinməz. Amma… kənd yeri ayrıdır…
Kənddə yaşayan uşağın atasızlığı məhəllədə, sinifdə, oyun meydançasında, çayda çiməndə, dağda-bağda hər saat, hər an boz ayın ala-çalpovu kimi sifətinə çırpılar, qanını dondurar, çiynini, boynunu qısmağa məcbur edə bilər.
“…Qalxıb Sərxan əminin ayaqlarına döşənib yalvarmaq istədim. Sərxan əmi, ay Sərxan əmi, denən ölməyəcək dədəm, denən sağ qalacaq dədəm, məni öz atına mindirib meşəyə aparacaq. Sərxan əmi, çöldə evciyini uçurduğum uşaqlar mənə “yetim” deməsinlər, odey, Fərmanın dədəsi ölən kimi uşaqlar ona yetim dedilər, Fərman dözməyib özünü daşa çırpdı, anası gəlib ovundurub apardı. Denən Sərxan əmi, denən, denən ölməyəcək! Əgər Allahın varsa, denən!..” (İ.İsmayılov, “Ocaq daşı” povesti).
Nə yaxşı ki, gözü nurlu, üzü həyalı, ağzı dualı, qeyrətli, zəhmətkeş analarımız var. Bir üzü qız, bir üzü gəlin, birçəyinin birini ağ, birini qara hörüb, ucqar dağ kəndində atasız dörd uşağı sağlam, tərbiyəli böyüdüb onlara ali təhsil vermək nəinki hər qadının, hətta hər kişinin də hünəri deyil.
Elin-obanın ağbirçəyi, ballı-bərəkətli süfrəsi və çörəyi olan Asiyə Ana kimi – hünərli, qeyrətli və təpərli…
“…Bir az xərclik puludu. “Maralı” satmışam, başına dönüm, muğayat ol əyin-başınnan, puldan-zaddan korluq çəkmə… Allah lənət eləməsin bizim kolxozun buxalterinə, yazıqdı, bu ayın pulunu gələn ay verir, onu da alan kimi göndərəcəm… Təki sən o qərib yerdə korluq çəkmə, canını sulu saxla ki, müəllimə də cavab verə biləsən.” (İ.İsmayılov, “Ocaq daşı” povesti).
Hər cür maddı və mənəvi sıxıntıların acığına Tanrı ona güclü istedad və dərin ağıl vermişdi…
Zəhməti, ağlı və istedadı hesabına orta məktəbi əla qiymətlərlə bitirən İmamverdi İsmayılov arzusunun əlindən, ümidinin ətəyindən yapışaraq Bakıya üz tutdu, o zamanlar üçün çox hörmətli sayılan Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə elə birinci ilində də qəbul olundu, oxudu, öyrəndi və həm də həyat dərsləri keçdi…
Universitetin II kursunda oxuyarkən qələmə aldığı “Təqaüd” hekayəsi ilə bütün gəncliyin sevimlisinə çevrildi, onun “Əzrayıl” povesti isə ədəbi tənqidin diqqətini ciddi şəkildə özünə cəlb etdi: səksəninci illər nəsrinə yeni bir nəfəs, yeni bir imza gəlmişdi…
İmamverdi İsmayılov, – kənddən şəhərə böyük ümidlərlə, sabaha inamla amma bir az ürkək, arxasız-dayaqsız qədəm qoyan o gənc – artıq özünün ilk təsdiqini tapmışdı…
* * *
Bizim Zəngəzur camaatının xeyrində-şərində görüşdüyüm insanlar arasında İmamverdi müəllimin uşaqlıq dostlarına onu lap körpəliyindən tanıyan qonşularına, kəndçilərinə də tez-tez rast gəlirəm. Söhbət hərlənib-fırlanıb hökmən qardaşım İmamverdinin üzərinə gəlir.
…Və bu sadə insanlar İmamverdi İsmayılovun uşaqlıq, yeniyetməlik çağlarından, elə əhvalatlar, hadisələr danışırlar ki, kövrəlirəm, duyğulanıram, həm bəhrələnirəm, həm də bir daha əmin oluram ki, 60 yaşlı İmamverdi elə 10 yaşında da, elə 15-də də belə olub: bütöv, mərd, kişiyana, dostcanlı, səmimi…
Dördüncü sinifdə “Azərbaycan pioneri” qəzetində dərc olunan yazısı ilə nəinki kəndində, rayonda belə bir anda məşhurlaşır. Müxtəlif bölgələrdən, neçə-neçə uzaq yerlərdən ucqar dağ kəndinə gələn məktubları görən ağsaqqal-ağbirçəklər 11 yaşlı İmamverdinin gələcəyinin parlaq olacağını elə o vaxtdan deyirdilər…
Ağsaqqallardan söz düşmüşkən, uşaqlıq yoldaşları deyirlər ki, İmamverdi elə lap əvvəldən özündən yaşda böyüklərlə ünsiyyət qurarmış, dostluq edərmiş. Tale onsuz da onu vaxtından əvvəl böyütmüşdü – o isə taleyinin özünün yazdığı mərhələlərini böyüklərlə keçirdi, böyük sözü dinlədi, sonra da böyük yolların sarvanı, böyük söz sahibi oldu…
* * *
Təyinatla əmək fəaliyyətinə o vaxtkı Dövlət Televiziya və Radio Komitəsində ştatdankənar müxbir kimi başlayan İmamverdi İsmayılov ömrünün on ilini telejurnalistikaya həsr etmiş, burada kiçik redaktordan baş redaktor vəzifəsinə qədər yüksəlmiş, o dövrün ən populyar verilişləri hazırlanan “Gənclik” baş redaksiyasının baş redaktoru olmuşdur.
Ötən əsrin səksəninci illərində bu vəzifə hələ 30 yaşı olmayan gənc bir qələm sahibi üçün fövqəladə uğur sayılırdı. Televiziyada bir-birindən orijinal, baxımlı verilişlər hazırladı: “Aygün” qızlar klubu, “Çay dəstgahı”, “7 sual, 7 cavab”, “Sənin dünyan, mənim dünyam”, “Görüş vaxtı 20:30” kimi verilişlər qısa zamanda xeyli populyarlıq qazandı.
Mərkəzi mətbuat orqanlarında tez-tez publisistik məqalələri, oçerkləri, “Ulduz” və “Azərbaycan” kimi sanballı ədəbiyyat jurnallarında hekayə və povestləri dərc olunmağa başladı. Onun qələmə aldığı “Əzrayıl” romanı, “Ocaq daşı”, “Qədim kişinin qırxı” povestləri, “Barsız bağban”, “Yurd gürzəsi”, “Hal aparmış qadın”, “Həsənalının təndirinin yanması”, “Yuxusuz gecələrin tramvayları” və digər kimi hekayələri ötən əstin 80-90-cı illərinin yaddaqalan ədəbiyyat nümunələrindən sayıla bilər.
İti müşahidə qabiliyyəti, obrazlı düşüncə tərzi, duzlu-məzəli yumor hissi, hadisələrə orjinal yanaşma bacarığı, problemə dərindən nüfuzetmə və reallığı düzgün qiymətləndirmək, obyektiv və qərəzsiz olmaq hər bir uğurlu qələm adamı üçün vacib şərtlərdir. Bütün bu keyfiyyətlərə malik olan İmamaverdi İsmayılov qısa müddət ərzində ustad bir jurnalist və istedadlı yazıçı kimi cəmiyyətdə tanındı və qəbul olundu.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra İmamverdi müəllim milli jurnalistikamızın öncüllərindən biri kimi ictimai proseslərə fəal qoşuldu, jurnalistlərin yaradıcılıq, sosial-məişət qayğılarına dəstək oldu, milli mətbuatımızın inkişafına öz layiqli töhfələrini verdi.
* * *
İmamverdi İsmayılov ölkəmizdə çağdaş siyasi publisistika janrının ən parlaq nümayəndələrindən biridir. Onun ümummilli lider Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr etdiyi “Prezidentin siyasi portretindən ştrixlər”, “Heyrət”, “Hədəflər”, “Məhək daşı”, “Şah və …mat” kimi portret yazılarını tam məsuliyyətlə müasir siyasi publisistikamızın uğuru saymaq olar!..
İmamverdi İsmayılovun publisistikası təkcə təsvir və tərənnüm etmir, həm də təhlil edir, nəticə çıxarır, qiymət verir, düşündürür və oxucuya da düzgün yolu göstərir.
Öz üslubu, öz nəfəsi, öz dəsti-xətti var. Orjinal yazıları ilə hamını təəccübləndirməyi bacarır. Standartlardan və qəlblərdən uzaqdır. Folkloru güclü bilir, yazı dili çox zəngindir, bulaq suyu kimi saf və axıcıdır – hamı bunu birmənalı etiraf edir!..
Neçə kitabın, yüzlərlə dəyərli məqalənin müəllifi İmamverdi İsmayılov respublikamızın əməkdar jurnalisti və “Qızıl qələm” mükafatı laureatıdır.
* * *
Hörmətli qələm dostumun və həmkarımın bədii yaradıcılığından danışarkən bir istiqaməti hökmən qeyd etməliyəm. Bu, İmamverdi İsmayılovun aforizmləridir.
Xalq yaradıcılığına dərindən bələd olan, ana dilimizin gözəl bilicisi İmamverdi müəllim lakonik və sərrast fikirlərin – aforizmlərin müəllifi kimi də orijinaldır, təzədir, düşündürəndir, yol göstərəndir.
İmamverdi müəllimin aforizmləri həyatdan gələn, günümüzün, məişətimizin reallığından doğan həyat həqiqətləridir.
İmamverdi müəllimin aforizm yaradıcılığından böyük ürək genişliyi ilə bəhs edən və “Sonuncu fəsil” kitabına ön söz yazan hörmətli akademik İsa Həbibbəyli çox haqlı olaraq qeyd edir ki, “İmamverdi İsmayılovun müdrik düşüncələrinin bir çoxu həyatda yaşamış real insanların – atası, anası, babası, əmisi, dayısı kimi yaxın adamlarının adından, “onlar deyərdi ki,” təhkiyəsi əsasında formalaşdırılaraq yaşanmış həyati proseslərin ümumiləşdirilmiş ifadəsinə çevrilir.”
Aforizmi kim yaradar?
Dünyagörmüş, müdrik insanlar…
Elində-obasında sözü eşidilən, sözü keçən şəxslər…
Əməli ilə dedikləri üst-üstə düşən adamlar…
* * *
Mən qəti əminliklə söyləyə bilərəm ki, əgər ötən əsrin sonlarında xalqımızın başına gətirilən müsibətlər – erməni separatizmi, torpaqlarımızın işğalı, milli dövlətçiliyimizin təhlükə altına düşməsi və digər hadisələr olmasaydı, İmamverdi İsmayılov heç zaman siyasətə gəlməz, heç bir partiyanın üzvü belə olmaz, Allahına bəndəlik, qələminə qulluq edərək ilahi sözün xidmətində dayanardı.
Ancaq Dağlıq Qarabağın və Qarabağətrafı bölgələrimizin, o cümlədən doğma Zəngəzur ellərinin işğal edilməsi, yüz minlərlə soydaşlarımızın ata-baba yurdlarından didərgin salınması bir çox ziyalılarımız kimi İmamverdi İsmayılovu da siyasi proseslərə daha aktiv qoşulmağa vadar etdi.
Kimsənin kitabını kimsənin oxumadığı qarışıq bir zamanda haqq sözü daha yüksək kürsüdən söyləmək zərurəti yaranmışdı.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu elə ilk gündən sidq-ürəklə dəstəkləyən İmamverdi İsmayılov həm Qubadlı, həm də Zəngilan camaatının doğması kimi onların təmsilçisi olaraq millət vəkili seçildi.
Artıq 25 ilə yaxındır ki, İmamverdi müəllim məcburi köçkünlüyün, yurd itkisinin maddi və mənəvi sıxıntısını yaşayan bir toplumun maraqlarını Milli Məclisdə ləyaqətlə və hörmətlə təmsil edir.
* * *
Onu da deyim ki, İmamverdi İsmayılov tez-tez çıxışa yazılan, çox və uzun nitqlər söyləyən deputatlardan deyil.
Təvazökar və təmkinli… Öz dünyasında yaşayan, reklamdan və şoudan çox uzaq…
Zatən aforizmlər yazan bir kişinin çox danışmağa ehtiyacı da yoxdur. Tez-tez çıxış etməsə də, onun bir fikri, bir cümləsi, bir sözü, adətən, qərar qəbul edilməsi anında həlledici olur.
İmamverdi müəllim Milli Məclisin plenar iclaslarında arxa sırada otursa da, parlamentin hər yerindən görünür!..
Milli Məclisdəki müzakirələr çox zaman Məclisin çayxanasında da qızğınlıqla davam edir. Bu müzakirələrdə də əsas söz sahiblərindən biri İmamverdi müəllimdir.
Stajli deputat kimi onun belə iclaslarin “sinifkomu” seçilməsinin tərəfdarları da az deyildir. İmamverdi müəllimin incə yumoru, düz onluğa dəyən atmacaları, səmimi təbəssümü, içdən, ürəkdən gələn gülüşü, istiqanlılığı, barışdırıcı mövqeyi, realist, obyektiv münasibəti onu böyüklü-kiçikli məclislərin liderinə, hörmət sahibinə çevirir.
Onun çox qəribə aurası var…
Çox ünsiyyətcil, mehriban insandır. Eyni zamanda münasibətini də tez büruzə verəndir, sevdiyi insandan sevgisini, bəyənmədiyi insana miyanə münasibətini gizlədən deyildir. İmamverdi müəllim yaxın dostları ilə görüşəndə elə bil dörd tərəfdən adamın üstünə gəlir, uzun qollarını qartal qanadları kimi açaraq adamı elə səmimiyyətlə qucaqlayır ki, kənardan baxan bu dostların illər ayrısı olduğunu düşünə bilər.
Amma zəhləsi gedirsə, vay onun halına… Onun sevgisi də, nifrəti də özüdür, səmimidir və kənardan görünəndir…
Kimsəyə paxıllıq etməz, qeybət-həkət bacarmaz, söz gəzdirməz, ara vurdurmaz… Mərdi-mərdanə, kişi kimi sözü sərrast üzə deməyi bacarır. Bəlkə buna görədir, hamı onu belə çox istəyir, xətrini əziz tutur, ürəyini ona açır, dərd-sərini onunla bölüşür…
İmamverdi İsmayılov bütün varlığı ilə dövlətçi adamdır…
2005-2010-cu illərdə onunla eyni beynəlxalq təşkilatda – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşuq.
“Qardaşı da yolda tanıyarlar” – deyiblər. İmamverdi müəllimin nə qədər səmimi, qayğıkeş, sadə bir insan, eyni zamanda dövlətini və millətini ləyaqətlə təmsil edən bir siyasi xadim olduğuna mən xarici səfərlərimizdə dəfələrlə şahid olmuşam.
Ailə cəmiyyətin quruluş vahidi, dövlətin kiçik bir modelidir. Cəmiyyətə hörmət ailəyə hörmətdən başlayır, dövlətə münasibət ailəyə münasibətlə ölçülür.
Bu baxımdan da İmamverdi müəllim xoşbəxt adamdır. O, nümunəvi bir azərbaycanlı ailəsinin başçısı, üç dəyərli, dövlətçi və milli ruhlu oğul atası, gözəl nəvələrin babasıdır.
* * *
İmamverdi İsmayılov imzasını mətbu yazılarından tanısam da, şəxsi tanışlığımız 2000-ci ildən başlayıb. Mən YAP-ın proporsional siyahısı ilə parlamentə seçilmişdim. İmamverdi müəllim isə Zəngilan-Qubadlı seçki dairəsinin artıq bir dönəmi arxada qoymuş stajlı deputatı idi. Parlamentdə yüz ilin tanışları kimi görüşdük. İlk sözü məni yerimdən tərpətdi: “Bizim ellər yerindəmi?..”
O vaxtdan on səkkiz il keçsə də, İmamverdi müəllimlə hər dəfə görüşəndə ya o bu sualı verir, ya da mən o sualın veriləcəyini gözləyirəm. İkimiz də bir el-obadan, Vətənimizin gözəl diyarı Zəngəzurdan olduğumuzdan bizi həm də eyni dərd, eyni qayğı, eyni nisgil birləşdirir…
İmamverdi müəllim el-oba adamıdır. Qubadlı-Zəngilan camaatının bir xeyrindən, bir şərindən qalmaz. Onun çox zaman seçiciləri ilə görüş yeri də elə bu məclislər olur. Səbirlə, hövsələ ilə hər kəsin problemini dinləyər, qayğısını bölüşər, məsləhət verər, əlindən gələn köməyi göstərər.
İmamverdi müəllim elə bu məclislərdə hökumətin siyasətini təbliğ edir, camaata çatdırar, bu məclislərdə camaatın qaldırdığı problemi öyrənib, müxtəlif instansiyalarla həll etməyə çalışar.
İmamverdi müəllim torpaq işğalının ağrısını, obasız ellərin, elsiz obaların dərdini öz həyatında görən, öz içində çəkən adamdır.
Mənə elə gəlir ki, o, hər dəfə, – “Bizim ellər yerindəmi?”- soruşanda bu dərdi bölüşməyə həmdərd axtarır.
Və həm də Zamanan bir gün bu suala: “Bəli, artıq yerindədir!” – cavabını eşidəcəyi ümidlə yaşayır…
Bu illər ərzində İmamverdi müəllimin bir ziyalı, bir qələm sahibi, bir ictimai-siyasi xadim kimi ən çox çalışdığı o olub ki, bu ellərin birliyi dağılmasın, adət-ənənələri yaşasın, o torpaqlara qayıtmaq ümidi ölməsin, istəyi itməsin…
İmamverdi İsmayılovun özünün “Bizim ellər yerindəmi…” adlı çox təsirli essesində aforizm kimi qiymətli, lakonik bir fikir heç yadımdan çıxmır: “Baş daşı olmayan ölü papaqsız qalmış kişi kimidir…”
Mən əminəm ki, İmamverdi müəllimin növbəti yubileyinə qədər ellərimizin papaqlı kişiləri gözü yolda qalan obalarımıza dönəcək, dağılmış yurdlarımızı bərpa edəcək, ölülərimizin baş daşlarını yerinə qoyacaq, sərgərdan ruhlarını şad edəcəklər.
…Və o zaman biz bir-birimizə göz aydınlığı ilə deyəcəyik: “Bizim ellər yerindədir!”.
…O sevincdən ən çox pay düşənlərdən biri isə otuz ilə yaxındır ki, bu cavabı həsrətlə gözləyən İmamverdi müəllim olacaqdır!!!
Hekayələrinin birində oxumuşdum… Rəhmətlik anasının sümüyümə, iliyimə hopmuş duaları idi bu: “Bala, cüyürə dırnaq, tısbağaya çanaq, kirpiyə ox verən Allah, sənə də bəxt çörəyi yetirəcək!..”
Və o böyük ananın böyük ruhu indi şaddır ki, öz övladı ilə bağlı bu müqəddəs duaları çin olub…

Musa QULİYEV, 
Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər