Azərbaycan mikroavtobus istehsalına başladı
Azərbaycanın Naxçıvan Avtomobil Zavodu (NAZ) bu ildən yeni avtomobil modellərinin kütləvi istehsalına başlayıb.
Zavodun direktor müavini Polad Sadıxov «APA-Economics»ə açıqlamasında bildirib ki, 2013-cü ildən etibarən «Lifan» markasına məxsus kommersiya (ticarət) avtomobilləri və mikroavtobus buraxılır: «Ötən il biz bazarı öyrənmək üçün bu avtomobillərdən nümunə kimi bazara gətirdik, bu ildən isə onların kütləvi istehsalına başlamışıq».
Kommersiya modellərinə iki model aiddir. Bunlardan biri – «Nazlifan LF 1022» bortlu yük maşınıdır. Digəri isə furqon yük avtomobilidir («Nazlifan LF 5028» modeli). Kiçik biznes üçün nəzərdə tutulan hər iki avtomobilin yükgötürmə qabiliyyəti 800 kq-dır.
«Nazlifan LF 6401» mikroavtobusu isə sürücüdən əlavə 6 nəfər sərnişin götürür.
P.Sadıxov bildirib ki, yeni modellərin qiyməti 10,5-10,9 min manat arasında dəyişir. Satılan avtomobillərə 2 il və ya 40 min km zəmanət verilir.
Nəticədə, hazırda Naxçıvan Avtomobil Zavodunda 5-i minik, 2-si kommersiya və 1-i mikroavtobus olmaqla 8 avtomobil modeli istehsal olunur.