Dövlət başçımız cənab İlham Əliyev aprelin 25-də Bolqarıstanda rəsmi səfərdə olub. Burada dost ölkənin rəhbəri Rumen Radevin iştirakı ilə SOCAR-ın Sofiya ofisinin açılış mərasimi reallaşıb. Azərbaycan-Bolqarıstan enerji əməkdaşlığının sürətlə inkişaf etdiyi, bu sahənin ikitərəfli əlaqələrdə mühüm yer tutduğu xüsusi vurğulanıb.
Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addım kimi dəyərləndirilib.
Qeyd edək ki, ölkəmiz “mavi yanacaq” tədarükündə də Bolqarıstanla sıx əməkdaşlıq edir. Məsələn, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il Bolqarıstana bir milyard kubmetr həcmində qaz nəql olunur.
Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Həmin vaxt Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Eyni zamanda, təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını da şaxələndirməyə nail olub. Göründüyü kimi, energetika sahəsində strateji tərəfdaş olan Bolqarıstan Cənub Qaz Dəhlizinin fəal üzvüdür.
Dost ölkə Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında yüksək səviyyədə təmsil olunub, adıçəkilən nəhəng transmilli layihənin icrası ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Nəhəng “Şahdəniz” yatağından qaz Avropa dövlətlərinə və region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılır. Bununla da Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz əhəmiyyətli rolunu oynayır. Dövlətimiz Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsini və möhkəmlənməsini daim diqqətdə saxlayır. Hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir. İqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə də xüsusi diqqət yetirilir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri – Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Bolqarıstanın da iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirir və ölkələri bir-birinə daha da yaxınlaşdırır.
Yeri gəlmişkən, son illərdə Azərbaycan-Bolqarıstan arasında enerji tədarükü ilə yanaşı, siyasi, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində də layihələr sürətlə reallaşdırılıb. Hər iki respublikanın dövlət başçısı tərəfindən qarşılıqlı əlaqələrin genişlənməsinin zəruriliyi dəfələrlə vurğulanıb. Azərbaycanın Bolqarıstanla iqtisadi əlaqələrində enerji tədarükü ilə yanaşı, müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilib. Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb.
Bəli, Azərbaycan və Bolqarıstan əlaqələrinin dinamik, yüksələn xətlə inkişafı danılmazdır.
İlhamə MƏHƏMMƏDQIZI,
“Sumqayıt” qəzetinin əməkdaşı
Müzakirə qapadılmışdır.