Bolqarıstan-Azərbaycan  əlaqələri dinamik inkişaf edir

539

Dövlət başçımız cənab İlham Əliyev aprelin 25-də Bolqarıstanda rəsmi səfərdə olub. Burada dost ölkənin rəhbəri Rumen Radevin iştirakı ilə SOCAR-ın Sofiya ofisinin açılış mərasimi reallaşıb. Azərbaycan-Bolqarıstan enerji əməkdaşlığının sürətlə inkişaf etdiyi, bu sahənin ikitərəfli əlaqələrdə mühüm yer tutduğu xüsusi vurğulanıb.

Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addım kimi dəyərləndirilib.

Qeyd edək ki, ölkəmiz “mavi yanacaq”  tədarükündə  də  Bolqarıstanla  sıx əməkdaşlıq edir. Məsələn, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il Bolqarıstana bir milyard kubmetr həcmində qaz nəql olunur.

Azərbaycan  qazının Cənub  Qaz  Dəhlizi  vasitəsilə  Avropaya nəqlinə  2020-ci  il  dekabrın  31-də  başlanılıb.  Həmin  vaxt  Azərbaycan  tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Eyni zamanda,  təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac  imkanlarını da şaxələndirməyə nail olub. Göründüyü  kimi,  energetika  sahəsində    strateji  tərəfdaş  olan  Bolqarıstan Cənub Qaz Dəhlizinin fəal üzvüdür.

Dost  ölkə Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında  yüksək  səviyyədə  təmsil  olunub,  adıçəkilən nəhəng transmilli layihənin icrası ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Nəhəng “Şahdəniz”  yatağından  qaz Avropa  dövlətlərinə və region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılır. Bununla da Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi  məsələlərinin  həllində  öz  əhəmiyyətli rolunu oynayır. Dövlətimiz Bolqarıstan  ilə  bütün sahələrdə  əməkdaşlığın  daha  da  dərinləşməsini  və  möhkəmlənməsini  daim diqqətdə  saxlayır.  Hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir.  İqtisadiyyat,  ticarət  və nəqliyyat  sahələrində  əlaqələrin  genişlənməsi  üçün  böyük  imkanlar  yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin  həyata  keçirilməsinə  də  xüsusi diqqət yetirilir. Eyni zamanda, Azərbaycan bir  sıra  irimiqyaslı  beynəlxalq  enerji  layihələrinin  təşəbbüskarı  və  iştirakçısıdır. Belə layihələrdən biri – Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri  ilə  əməkdaşlıq  üçün  mühüm əhəmiyyət  daşıyır.  Bolqarıstanın  da  iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açır.  Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya  ilə  birləşdirir  və  ölkələri  bir-birinə daha da yaxınlaşdırır.

Yeri  gəlmişkən,  son  illərdə Azərbaycan-Bolqarıstan  arasında  enerji  tədarükü ilə yanaşı, siyasi, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində də layihələr  sürətlə  reallaşdırılıb.  Hər  iki  respublikanın dövlət başçısı tərəfindən qarşılıqlı əlaqələrin genişlənməsinin zəruriliyi dəfələrlə vurğulanıb. Azərbaycanın  Bolqarıstanla  iqtisadi əlaqələrində  enerji  tədarükü  ilə  yanaşı, müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm,  informasiya-kommunikasiya  texnologiyaları  və  əczaçılığın inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilib. Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb.

Bəli, Azərbaycan və Bolqarıstan əlaqələrinin dinamik, yüksələn xətlə inkişafı danılmazdır.

İlhamə MƏHƏMMƏDQIZI,

“Sumqayıt” qəzetinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər