Boyat çörəyin dadı

2284

Əvvəllər də demişəm: mənim üçün vətən, yəni Azərbaycan kəndimdən başlayır.

Mənim yediyim ilk çörək təndirdə bişmişdi, deyəsən. Hələ körpə vaxtı şəhərdə süni qida verildiyini görən babam məni götürüb kəndə aparmışdı. Yeddi yaşıma qədər babam Binnətə “papa”, nənəm Malyaya isə taaaa 10 yaşıma qədər “mama” demişəm.

Dağətəyi kəndlərdə bəzi problemlər var idi.

Birincisi, çörək zavodları uzaqda idi. İndiyə nə var ki; rayon mərkəzinə 5-6 kilometr məsafə bir şey deyil. Amma o vaxtlar 5-6 km ciddi məsafə idi.

İkincisi, zavod çörəyi bahalı idi. Siz, sovet dövrünün bəh-bəhlə təriflənməsinə baxmayın; kalxozçu ən yaxşı halda 30 manat alırdı. Bu maaşa ən yaxşı halda “bakinski” pencək ala bilərdin. Bir ədəd pencək – dəst deyil, məhz pencək – aldınsa, artıq bir ay barmağını sora bilərdin.

Üçüncüsü, zavod çörəyini uzun müddət saxlaya bilmirdin. Maksimum 2 günə yeməliydin. Bizlərdə, nədənsə, çörək qurutmaq adəti yox idi.

O zaman bizim evdə nə edirdilər? Evin xanımı, yəni Malya nənəm ayda 2 dəfə xəmir yoğururdu. Bunun üçün böyük teşt var idi. Suyu isidirdi, sonra teştin bir tərəfinə yığdığı undan bir ovuc (bizdə bir ovuç şeyə “xışma” deyərdilər) götürüb yoğurmağa başlayırdı. Tədricən xəmirə yenə un və su əlavə edərək davam edirdi.

Xəmir balatı ilə mayalanırdı. Yaxşı xanımın evində balatı, yalan olmasın, onillərlə qalardı. Balatı, bir növ, köhnə xəmirdir. Balaca, yarım litrlik şüşə qablarda saxlanılan qıcqırmış, dəhşətli dərəcədə turş, içindən hava çıxan xəmir idi. Tərkibində spirt çox olduğu üçün, yəqin onu bir şəkildə yesən, sərxoş olardın. Çağdaş dövrdə fransız mətbəxinin elit qismi bəzi kökələri quru və ya yaş maya ilə deyil, balatı ilə mayalandırır. Məsələn, brioş balatı ilə daha yaxşı alınır. Maya ilə brioşun havalı və yüngül olması üçün bəzi süni qatqılar vurmalısan.

Təndir maksimum üç dəstə tənək çırpısı ilə qalanırdı. Təndirin dibində bir az ocaq qalayıb birinci çırpı dəstəsini dağıdıb hissə-hissə yandırırdın. Sonrakı dəstələri elə bötüv ocağa atırdın. Buna görə də təndir söndükdən sonra koxa ilə təndirin dibində qalan dəstəni ortadan bağlayan dəmir məftili çıxarmalıydın. Təndirin də bir ədəbi vardır – orada zibil saxlaya bilməzsən.

Təndirdə çörək bişirmək ayrı bir mərəkə idi. Bizlərdə quyu təndiri olduğu üçün xanım yanakı bardaş qururaraq təndirin yanında otururdu. Malya nənəm ən çox sağ sarğısı üstündə bardaş qurub sol ayağını uzadardı. Kündələr elə təndirin yanındaca yayılıb təndirə yapılırdı. Kimlər, Azərbaycanda “yapmaq” sözü yoxdur deyirsə, yalan deyir. Bişmiş çörək koxanın arxa tərəfi ilə təndirin divarından soyulur, qarmaq olan qabaq tərəfi ilə təndirdən çıxarılırdı. Ona görə də quyu təndirində bişmiş çörəklərin hamısında deşik olurdu.

Təndirdə çörək bişirmənin ustalıq istəyən bəzi məqamları var idi. Hamısını əlbəttə bilmirəm. Amma çörək bişirənin birinci vəzifəsi yapılmış kündənin küt getməməsi idi. Sovet vaxtı biraz qudurmuşduq; küt getmiş çörəyi heç kəs yemək istəmirdi. Amma köhnə vaxtlarda Azərbaycan kəndlisi yəqin ki çoooooox küt getmiş çörək yeyib.

Çörək bişirilən günün ilk yeməyi pendir-çörək idi. Qadası, təzə təndir çörəyi ilə daha nə yeyərsən axı. Özünü yaxşı aparanlara, ən çox da şəhərdən gəlmiş nəvələrə nehrə yağı da verirdilər.

Bu gün də mənim üçün ən əziz yemək sadə pendir-çörəkdir. Yanında da göy soğan.

Mmmmmm. Ləzzət.

Amma çörəklə bağlı ikinci ləzzət hardasa 10-15 gün sonra olurdu.

Bir teşt xəmirdən bişirilmiş çörək elə həmin teştdə və alüminium qazanlarda saxlanılırdı. Doğrudur, əvvəlcə təzə bişmiş çörək taxtın üstündə süfrə ilə örtülərək qurudulurdu.

Qərb bölgəsinin təndir çörəyi hər yerində eyni qalınlıqda olmur. Çörəyin bəzi yerləri qalın, xüsusilə də təndirin divarına yapılan tərəfi nazik olurdu. Nazik yerləri zaman keçdikcə tam quruduğu üçün daş kimi olurdu. Qalın yerləri isə bərkiyirdi və……kiflənirdi.

Kiflənmiş çörəyi yemək üçün insana bıçaq yardımçı olurdu. Artıq 10 gün qazanda və ya teştdə qalmış çörəyin kiflənmiş kənarlarını bıçaqla kəsib atırdın toyuqlara. Qalanını isə özün yeyirdin. Yəni heç nə itmirdi.

Amma axırda çörəyin hər tərəfi kiflənirdi. Bu zaman çörəklə bağlı ikinci ləzzət başlayırdı.

Kiflənmiş çörəkdə spirt daha çox olur. Bir az qıcqırmış dad verir. Bundan əla yemək bişirirdilər: çörək şorbası.

Bu boyda paylaşımı gecənin dördündə niyə yazdım axı?!

Axşam erkəndən yatmışdım. Gecənin üçündə Malya nənəmi düşünərək yuxudan oyandım. O, körpə ikən ermənidən Nuru Paşanın Qafqaz-İslam ordusunun qurtardığı, müharibədə ilk ərini itirmiş, özündən on yaş kiçik babamla ikinci dəfə ailə həyatı qurmuş, sonuncu övladını altmış yaşında doğmuş qəhrəman və mehriban xanımı.

Malya nənəm kiflənmiş çörəkdən əla çörək şorbası bişirərdi. Anam artıq bu şorbanı bişirə bilmir.

Yuxudan oyananda ilk düşündüyüm bu oldu:

-Vay, dədə. Mən, artıq 38 ildir ki çörək şorbası yeməmişəm.

P. S. Bu arada, “vay, dədə” və “vay, dədə, vay” rəhmətlik babam Binnətin çox istifadə etdiyi cümlə idi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər