Böyük Qayıdış Zəngilandan başladı

808

“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. ”

Ümummilli lider, Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində mənfur düşmənlərimiz məğlubiyyət sənədinə imza atmalı oldu və bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan Ordusu Zəngilanı düşməndən azad edərkən bu rayonun quruca adı qalmışdı, vandall ermənilər yerlə bir etmişdilər Zəngilanı da, işğaldakı digər çoxsaylı yaşayış məntəqələrimiz kimi…
Azğın düşmən 27 il ərzində “özünün” hesab etdiyi Qarabağın daşını daş üstə qoymamışdı.

Zəngilan rayonunun qədim tarixinə nəzər saldıqda XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Qarabağın hər bir qarışında olduğu kimi Zəngilan rayonuda milli və dini-tarixi abidə lər ilə zəngindir. Rayon özünəməxsus tarixi keçmişə malikdir. Rayon ərazisində özünün tarixi ornamenti ilə seçilən onlarca türbə var. Prezidentimiz Zəngilanda olarkən çıxışında demişdir: “Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edi¬lib, sökülüb… Zəngilan cənnət kimi bir yerdir. Oranı cənnət edəcəyik”.

İki dövlətlə həmsərhəd olan Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti də danılmazdır.  Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Prezidentin qeyd etdiyi kimi, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq.

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Artıq Zəngilan işğaldan azad olunmuş rayonlarımız sırasındadır. Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşməndən azad etdi. Bununla da Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı. Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıda biləcəklər. Tezliklə həmin ərazilər abadlaşacaq, əvvəlki kimi həyat axarına düşəcək. Ali Baş Komandan , Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək.

Gülşən Rustamova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər