44 günlük Vətən müharibəsində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətçi olduğunu bir daha sübut etdi, andiçmə mərasimində ,eləcə də sonrakı çıxışlarında qeyd etdiyi məsələlərin həllində nə qədər qətiyyətli olduğuna şahidlik etdik.
Zəfərlə başa çatan Vətən Müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyev döyüşlərdə qazanılan qələbələri həm də diplomatik müstəvidə davam etdirir.
Beynəlxalq arenada Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğur xəbəri Brüsseldən gəldi.
2022-ci il aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.
Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirdi və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə həmin gün keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.
Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparıldı.
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrinin inkişafını müzakirə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı qəbul edib.
Aİ Şurasının prezidenti Ş.Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğuladı.
Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında prezident Makronla videokonfransdan sonra baş verən hadisələri nəzərdən keçirdilər. Onlar üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı əldə olunan uğurlara nəzər salıblar. Onlar gərginliklə bağlı son vəziyyəti müzakirə etdilər və 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiq etdilər. Onlar 2022-ci il martın 30-da Aİ-nin himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışladılar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların müvafiq şəkildə izlənilməsi üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəldilər.
Prezident Ş.Mişel hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb. O,itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirib. Aİ, həmçinin ekspert məsləhətləri verməyə və maliyyə yardımını artırmağa, habelə münaqişədən zərər çəkmiş əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam etdirməklə, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək.
Prezident Ş.Mişel həm Prezident İ.Əliyevin, həm də Baş nazir N.Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb.
İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi də razılaşdırılıb.
Liderlər, həmçinin xüsusilə Ermənistan və Azərbaycan arasında, eləcə də Cənubi Qafqazda kommunikasiya/bağlantı infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Ş.Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır.
Maraqlı cəhətlərdən biri də budur ki, sənədlərdə “Dağlıq Qarabağ” və ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur.
Beləliklə də, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır. Həmçinin qeyd etmək lazımdır ki,postmüharibə dövründə yeni format- Brüssel sülh gündəliyi yarandı.
Akif Kazımov
Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi
Brüssel görüşü bölgənin gələcək inkişafı üçün önəmli addımdır
•
632