Dünən Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb.
“Qafqazinfo” xəbər verir ki, nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.
Qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlərin icrasına başlanılıb. Paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Bütün metrostansiyalarının çıxışları, eləcə də Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilər müvafiq marşrut xətləri üzrə əlavə nəqliyyat vasitələri cəlb edilib.
Nəzərdə tutulan tədbirlərin vaxtında və qüsursuz icrasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları da fəaliyyət göstərib. Görülən təcili və təxirə salınmaz tədbirlər sayəsində qısa vaxtda metro stansiyaları ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib.
Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tətərinfdən iritutumlu avtobuslar cəlb edilib. Gecə saatlarında zərurət olduğu halda müvafiq marşrut xətləri üzrə sərnişinlərin daşınması həyata keçirmək üçün Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus nəqliyyat vasitələri hazır vəziyyətdə saxlanılıb.
Bu gün Bakı Metropolitenində bərpa işləri aparıldığından test rejimində fəaliyyət göstərəcək və sərnişinlər üçün bağlı olacaqdır. Həmin gün paytaxt ərazisindəki digər müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.
Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-i koordinasiyalı şəkildə fəaliyyət göstərir.