Xatırladaq ki, pedoqoji elmlər doktoru, professor, “İdrak” liseyinin yaradıcısı və təsisçisi, tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim Mönsüm Ədil oğlu Alışov 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1971-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək əmək fəaliyyətinə elektrik montyoru kimi başlayıb.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə qəbul olunub. 1976-cı ildə institutu bitirərək təyinatla Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə göndərilib və müəllimlik fəaliyyətinə doğulub boya-başa çatdığı Çərəli kənd orta məktəbində başlayıb.
1988-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub.1990-cı ildə həmin institutun Təlimin Texniki Vasitələri şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.
1992-cu ildə onun təşəbbüsü ilə Sumqayıt Pedoqoji Seminariyası təsis edilib. Seminariya sonradan “Sumqayıt Özəl Orta İxtisas Kolleci” adlandırılıb və profili genişləndirilib.
2001-ci ildə “Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda elmi işini müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə yüksəlib. Respublikamızın məktəblərində informatika fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcə də kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədilə müxtəlif illərdə 80-dən çox elmi-publisistik məqaləsi çap olunub. 2 monoqrafiyanın, 10 dərs vəsaiti və metodik tövsyənin müəllifi və həmmüəllifidir. Əsərlərinə görə 2008-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib. “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” amalını rəhbər tutan liseydə yüksək hazırlıqlı müəllimlər çalışır.
2009-2016-cı illərdə eyni zamanda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri, daha sonra isə elmi işlər üzrə prorektoru və həmin İnstitutun təhsilin idarə edilməsi və innovasiyalar kafedrasının professoru olub.
2013-cü ildə “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər doktoru adını alıb. Bu elmi tədqiqat işi ilk dəfə olaraq həndəsənin hazırlıq kursu məzmununun sisteminə, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının informasiya-kommunikasiya texnologiyalarının kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.
Onun təsis etdiyi “İdrak” liseyi iş sistemi və dinamik inkişafa malik mexanizmi sayəsində özünə olan tələbatı tezliklə artıraraq Sumqayıt şəhərinin sərhədlərini aşıb. 2014-cü il sentyabrın 15-də “İdrak” liseyinin Bakı filialı fəaliyyətə başlayıb.
Yalnız “İdrak” liseyində tətbiq olunan innovativ layihə olan “Media dərsləri”in müəllifidir. “Media dərslər” sayəsində 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən məbimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət etməklə dərsin izahını təkrar-təkrar izləyə bilər. Beləliklə, həm öyrənənlər, həm də öyrənənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır. “Media dərslər” layihəsi 2016-cı ildən etibarən “İdrak” liseyində uğurla tətbiq olunur.
M.Alışov ailəlidir, 4 övladı var.