“Ölkə əhalisinin sosial rifahının və həyat şəraitinin yüksəldilməsi səyləri çərçivəsində Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli Prezidenti cənab İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində saxlanılır. Ölkə rəhbərinin göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşlarımız problemlərinin həlli istiqamətdə çox böyük işlər görülüb”.
Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov səsləndirib.
İ.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən mənzillərin sahiblərinə təhvil verilməsi mərasimlərində iştirak edib: “Dövlət başçısı çıxışlarında bildirmişdir ki, qarşıdakı illərdə bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin tamamilə aradan qaldırılacaq. Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Prezidenti İlham Əliyev bəyan etdi ki, bu il də bu işlər davam etdiriləcək. Təkcə bu il ərzində 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunması nəzərdə tutulub. Ötən dövr ərzində 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilib.”
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm layihələr reallaşdırılıb: “Məhz cənab prezidentin səyləri nəticəsində ötən dövr ərzində ölkəmizdə çadır düşərgələri tamamilə ləğv edildi. Yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda yaşayan köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması işlərinə start verildi. Hazırda da ölkəmizdə bu istiqamətdə işlər sürətlə həyata keçirilir. Ötən dövr ərzində on minlərlə qaçqın və məcburi köçkün ailəsi dövlət tərəfindən tikilmiş yaşayış üçün hər cür şəraiti olan yeni mənzillər əldə edib. Bu il də 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək.”
Milli Məclisin deputatı vurğulayıb ki, bu işlər işğaldan azad olunmuş ərazilərdə, eləcə də sərhəd bölgəsində də uğurla həyata keçirilir: “1994-cü ilin yanvarında Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunsa da, burada infrastrukturun tamamilə yenidən qurulmasına, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyac var idi. Məhz bu istiqamətdə də cənab prezidentin sərəncamlarına uyğun olaraq işlər daha da sürətləndirildi və nəticədə işğaldan azad olunmuş həmin ərazilərdə yeni yaşayış qəsəbələri salındı. 2016- cı il aprel döyüşlərindən sonra azad olunmuş ərazilərdə, “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması, yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri qısa müddət ərzində, yəni altı ay ərzində başa çatdırıldı.”
İ.İsmayılov onu da bildirib ki, son günlər Tovuz rayonu istiqamətində ermənilər tərəfindən törədilmiş təxribat nəticəsində mülkü əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlərə də toxunub: “Ölkə rəhbəri bu məsələyə də dərhal reaksiya verdi və təxribat rörədilən ərazidə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən dövlət qurumlarına dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi tapşırılıb. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Azərbaycan dəfələrlə bütün istiqamətlərdə öz gücünü, qüdrətini göstərib. Bu gün həm ölkə vətəndaşları, həm də hərbçilərimiz güclü Azərbaycan dövlətinə arxalanır. Tovuz rayonuna dəyən zərərin tezliklə aradan qaldırılması Azərbaycan dövlətinin bir daha gücünü göstərəcək.”