Prezident İlham Əliyev “2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2021/2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Bu il Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 28 müxtəlif şəhər və rayonlarını təmsil edirlər.
Təqaüdçülərdən 15 nəfər Sumqayıtda yerləşən məktəblərin məzunlarıdır.
Xatırladaq ki, Prezident təqaüdçülərindən 33 nəfər Bakı Ali Neft Məktəbinə, 25 nəfər Azərbaycan Tibb Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 12 nəfər ADA Universitetinə, 8 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 4 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 2 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub.