Bu il dünyasını dəyişən tanınmış azərbaycanlılar – FOTOLAR

1723
2018-ci il Azərbaycanda bir çox hadisələrlə yadda qaldı. Siyasi yeniliklər, iqtisadi istilahatlarla yanaşı, bu ili böyük itkilərlə də geridə qoyuruq. Belə ki, 2018-ci ildə ölkəmizin bir çox dəyərli ziyalıları, tanınmış şəxsləri dünyasını dəyişib.
Azvision.az cari ildə dünyasını dəyişən tanınmışlarla bağlı məlumatları oxuculara təqdim edir:

Yanvarın 3-də Azərbaycan mətbuatının tanınmış dizayneri Fuad Həsənov 43 yaşında dünyasını dəyişib. Həsənov uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Tanınmış dizayner insult keçirərək komaya düşmüşdü. F.Həsənov “Ədalət”, “Hürriyyət”, “7 Gün” qəzetlərində, fəaliyyəti dayandırılmış “ANS Press” saytında dizayner işləyib. Sonuncu iş yeri “Daşınmaz əmlak” jurnalı olub.

Yanvarın 6-da Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov vəfat edib. O, Prezident Adminstrasiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib.

Yanvarın 10-da tanınmış aşıq Vüqar Mahmudoğlu 48 yaşında dünyasını dəyişib.

Yanvarın 17-də Xalq artisti Böyükağa Məmmədov son mənzilə yola salınıb. B.Məmmədov 1960-cı ildə “Cücələrim” rəqs ansamblına rəhbərlik etməyə başlayıb. Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil edib. O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb.

Yanvarın 19-da Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Qəhrəman Məmmədyarov vəfat edib. 79 yaşlı veteran basketbolçu uzun sürən xəstəlikdən sonra haq dünyasını qovuşub. Ölkə basketbolunun inkişafında xüsusi rolu olan Q. Məmmədyarov 2003-cü ildən ABF-in baş katibi olub.

Yanvarın 20-də Xalq artisti, Dövlət mükafatı laureatı Gülcahan Güləhmədova-Martınovadünyasını dəyişib. 92 yaşında dünyasını dəyişən Martınova Səməd Vurğun adına Rus Dram teatrında 30 il quruluşçu rejissor olaraq çalışıb.

Yanvarın 23-də “Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Nicat Məlikov vəfat edib. Mərhum jurnalist Bayıl yaşayış sahəsində yıxılaraq başı səkiyə dəyib. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Yanvarın 24-də jurnalist Ülviyyə Şamilqızını Rusiyanın Həştərxan vilayətində avtomobil vurub. 1986-cı il təvəllüdlü Ü.Şamilqızı uzun müddət Azərbaycanın bir sıra KİV-lərində, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub.

Fevralın 9-da Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva72 yaşında vəfat edib. Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb. Zərnigar Ağakişiyeva “Ötən ilin son gecəsi”, “Yol əhvlatı”, “Təhminə”, “Onun bəlalı sevgilisi”, “Ölsəm…bağışla”, “Güllələnmə təxirə salınır!..” kimi bir çox məşhur filmdə əsas, ikinci dərəcəli, epizodik rollarda iştirak edib. Aktrisa 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. Ailə qurmayıb.

Fevralın 12-də Mərdəkan Mədəniyyət sarayının bədii rəhbəri Kamran İsrafilov dünyasını dəyişib. Tanınmış teleaparıcı, uşaq verilişlərinin və tədbirlərinin aparıcısı kimi tanınan 39 yaşlı Kamran İsrafilov uzun müddət İctimai Televiziyada işləyib. “Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.

Fevralın 13-də Azərbaycanın Xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov son mənzilə yola salınıb.

Həmin gün Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib. 88 yaşlı G. Cabbarlı ürək çatışmazlığından dünyasını dəyişib.

Fevralın 16-da isə Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribliölüb. Ş.Qəribli 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə “Lider” telekanalında fəaliyyət göstərib.

Fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (Komitə) sədri Abbas Ələsgərov 81 yaşında vəfat edib. A.Ələsgərov müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. 2007-ci ildən Komitənin sədri olub. Ələsgərov “Şöhrət” ordeni ilə təltif olunub, “Əməkdar mühəndis”, “Əməkdar memar” fəxri adlarına layiq görülüb.

Fevralın 21-də tanınmış şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvüTeyyub Qurban dünyasını dəyişib. O, Azərbaycan Xalq Cühmuriyyəti və Repressiya dövrünün araşdırıcısı kimi tanınırdı.

Fevralın 22-də isə xalq şairi Bəxtiyar Vahabzadənin həyat yoldaşı Dilarə Vahabzadə vəfat edib.

Martın 2-də tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər 72 yaşında dünyasını dəyişib. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, daha sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Müxtəlif janrlarda – xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.

Martın 3-də ölkənin məşhur ginekoloqlarından biri Səbinə Mirzəyeva haqq dünyasına qovuşub. O, qəflətən təzyiqin qalxması və beyninə qan sızması nəticəsində həyatını itirib.

Martın 4-də Azərbaycan Dövlət Televiziyası və Radiosunun diktoru, professor Qara Tağızadə 72 yaşında dünyasını dəyişib. O, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub. Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra Azərbaycan radiosunun diktorlar şöbəsinə rəhbərlik edib.

Martın 16-da AFFA-nın Məşqçilər Komitəsinin üzvü, müxtəlif komandalarda məşqçi və baş məşqçi vəzifəsində çalışmış Böyükağa Hacıyev vəfat edib. B.Hacıyev “Bakı” və “Neftçi” klublarında çalışıb və hər iki komandaya ölkə çempionluğu qazandırıb. O, həmçinin “Neftçi”ni Azərbaycanda ilk dəfə AvropaLiqasının qrup mərhələsinə yüksəldib.

Aprelin 9-da səhiyyə nazirinin müavini Abbas Vəlibəyov71 yaşında dünyasını dəyişib. O, Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən vəfat etdyi günə kimi Səhiyyə Nazirinin müavini – Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi olub.

Aprelin 15-də Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib. 71 yaşlı deputatın Qusar rayonunda qəfil ürək tutmasından öldüyü məlum olub.

Aprelin 27-də Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Aprelin 30-da Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyev vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. A.Tağıyev 2017-ci ilin sonunda səhhəti ilə bağlı vəzifəsindən istefa verib.

Mayın 2-də Xalq rəssamı, heykəltaraş Tokay Məmmədov 91 yaşında haqq dünyasına qovuşub. T. Məmmədov Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir. O,yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “Şöhrət” ordenləri ilə təltif olunub. Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb

Mayın 5-də Azərbaycanın Xalq artisti Fuad Poladov 69 yaşında xərçəngdən dünyasını dəyişib. Mərhum aktyor sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. F.Poladov 43 filmə çəkilib.

Mayın 8-də tanınmış jurnalist Rauf Talışinski vəfat edib. Talışinski “Exo” qəzetinin baş redaktoru idi. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/ “Zerkalo” qəzetinin rəhbərlərindən biri olub. 27 yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru idi. Rauf Talışinski “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

İyunun 11-də yazıçı Müşfiq Cabiroğlu 53 yaşında vəfat edib. M.Cabiroğlu Azərbaycanın Xalq şairi Cabir Novruzun oğludur.

İyunun 23-də müdafiə sənayesi naziri Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 69 yaşlı mərhum nazir bir neçə dəfə İsraildə müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb. O, 2006-cı ildən nazir vəzifəsində çalışıb.

İyunun 26-da Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator, Qarabağ qazisiSeyidağa Mövsümlü vəfat edib. S.Mövsümlü uzun illər Qarabağda döyüşdə aldığı yaradan əziyyət çəkirdi.

İyunun 29-da tanınmış fotomüxbir və peşəkar fotoqraf, əməkdar jurnalist və əməkdar incəsənət xadimi, “Qızıl qələm” mükafatı laureatı Yaşar Xəlilov 84 yaşında vəfat edib.

İyulun 29-da Azərbaycanın müstəqilliyi ilə bağlı akta imza atan 43 istiqlalçı deputatdan biriMəryəm Həsənova uzun sürən xəstəlikdən sonra 80 yaşında Siyəzəndə dünyasını dəyişib.

İyulun 30-da Azərbaycan Xalq artisti, əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Mirzəzadə 83 yaşında vəfat edib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və başqa ölkələrdə ifa olunur. X.Mirzəzadə 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Avqustun 1-də Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov 67 yaşında vəfat edib. O, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. H.Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.

Avqustun 4-də Azərbaycanlı rep ifaçısı Anar Nağılbaz 44 yaşında vəfat edib. A.Nağılbaz replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. 1996-cı ildə ilk albomu işıq üzü görüb. O, keçmiş deputat Rizvan Cəbiyevin oğludur.

Avqustun 20-də Azərbaycanın əməkdar artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Rafiq Hüseynov uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşub. R.Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışıb.

Avqustun 23-də Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov vəfat edib. A.Aslanovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkib. O, Şəmkirin icra başçısı, daha sonra kənd təsərrüfatə nazirinin müavini vəzifəsində çalışıb. YAP Siyasi Şurasının üzvü idi

Sentyabrın 14-də Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı dünyasını dəyişib.

Sentyabrın 17-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov82 yaşında ürək çatışmazlığından vəfat edib. O, 2005-ci ilin oktyabr ayından “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti olub.

Oktyabrın 8-də məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru Qara Mustafayev vəfat edib. Q. Mustafayev Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri olub. Elmdə və təhsildəki xidmətlərinə görə o, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və “Şöhrət Ordeni”nə layiq görülüb.

Oktyabrın 16-da Qarabağ qazilər birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov 55 yaşında vəfat edib. E.Əsədov ağciyər xərçəngindən əziyyət çəkirdi. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Noyabrın 1-də Azərbaycanın tanınmış təşkilatçısı və prodüseri, “Səs music organization”nun rəhbəri Nahid Emiloğlu vəfat edib. Prodüser uzun müddət xəstəlikdən əziyyət çəkirdi.

Noyabrın 8-də Xalq artisti Amaliya Pənahova 73 yaşında dünyasını dəyişib. A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub. 2013-cü ildə “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb. 17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Noyabrın 20-də “Savalan” musiqi qrupunun bədii rəhbəri və solisti Novruz Novruzlu 58 yaşında dünyasını dəyişib.

Noyabrın 21-də Azərbaycanın sabiq ədliyyə naziri Nəriman Yusifov uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib. N.Yusifov 1966-78-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. O, Moskvada çalışdığı illərə dair “12 il Moskvada – Kremldə” adlı kitab yazıb. Azərbaycana döndükdən sonra N.Yusifov Bakı şəhər prokuroru, ədliyyə naziri vəzifələrində çalışıb.

Noyabrın 23-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəisi müavini, əməkdar mühəndis Mübariz Mədətov 66 yaşında dünyasını dəyişib. Mübariz Mədətov 2014-cü ilin martından bir müddət QSC sədrinin müavini işləyib. Mədətovun gəmiçiliyin inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilib. 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci ildə isə “Azərbaycanın əməkdar mühəndisi” fəxri adına layiq görülüb.

Noyabrın 27-də Əməkdar müəllim, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri Əjdər Ağayev 81 yaşında vəfat edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər