ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin koronaya yoluxan 21 əməkdaşının səhhətində ağırlaşma müşahidə edilmir.
Bunu Axar.az-a klinikanın virusa yoluxan əməkdaşlarının səhhəti barədə danışan ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyib. O bildirib ki, ümumilikdə klinikanın 33 əməkdaşı virusa yoluxub:
“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının 33 əməkdaşı koronavirusa yoluxub. Onlardan 27 nəfərin müalicəsi davam edir, 6-sı isə müalicə olunaraq evə buraxılıb. Yoluxanlardan 21 nəfər klinikanın reanimasiya şöbəsinin həkimidir. Onların hamısı bir gündə deyil, periodik olaraq yoluxub. Çox şükür ki, vəziyyəti ağırlaşan yoxdur. 6 personalın vəziyyəti yüngül, 15 nəfərin isə orta-ağırdır və öz hakimlərimiz tərəfindən müalicə olunur”.
G.Aslanova onu da bildirib ki, klinikada həkim çatışmazlığı problemi yoxdur:
“ATU-da həkimlərimiz çoxdur. Növbəli olaraq çalışırlar. Hazırda belə problem yoxdur, gələcəkdə yaşanarmı, deyə bilmərəm”.
Qeyd edək ki, ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin əməkdaşı Etibar Abbasov şöbənin 21 əməkdaşının koronavirusa yoluxduğunu, xəstələrə baxan həkim qalmadığını bildirmişdi.