2018-ci ilin payız-qış mövsümündə hansı geyim tərzinin dəb olması çoxumuzu maraqlandıran mövzulardandır. “Yeni Müsavat” dünya moda nəhənglərinin payız-qış mövsümü üçün müəyyənləşdirdiyi trendlər barədə yazır.
Öncə ondan başlayaq ki, ipək geyimlərə bu payız yeni rəqib gəlib. O da dəri geyimlərdir. Əsasən üst geyim parçası olaraq görməyə öyrəşdiyimiz dəri bu dəfə paltar qismində qarşımıza çıxır – ən ciddi və şıq formada təbii ki.
Mövsümün bir başqa trendi isə şapka və ya baş aksesuarıdır. Bu mövsüm qadınlar başlarının bağlı qalmamasına çalışacaqlar. Gucci, Balenciaga, Alexander Wang, Calvin Klein və Versace kimi markalar kolleksiyalarında bu detala xüsusən əhəmiyyət veriblər. Bu mövsüm bütün podiumlar par-par parıldayacaq. Hətta deyərdik ki, diskoteka topuna bənzəyəcək. Geyimlər, əl çantaları, gödəkçələr və çox daha artığı daha da parıldamaq üçün bu mövsüm sizləri gözləyir.
Mövsümün trendlərin biri heç şübhəsiz ki, zebra naxışlı geyimlərdir. Amma bu, leopar naxışlı geyimləri kölgədə qoymur. Rəngli heyvan naxışları bu mövsümün ən çox tərcih edilənlər sırasındadır.
Mövsümün favorit rənglərinə gəlincə, çəhrayı payız-qış mövsümünün sevilən rəngləri sırasındadır. Çəhrayı bütün tonları ilə birlikdə bu payızın ruhunu ələ keçirəcək ən güclü namizədlərdəndir.
Bu payız gödəkçələrdə də yeniliklər özünü göstərəcək. Asimmetrik kəsimlər, super qısa olmaları və gecə gəzintiləri üçün alternativ bir çox görüntü yeni trendin parçalarındandır.
Blair Valdorf kimi geyinməyə çalışdığımız günləri xatırlayaq və o ruha geri qayıdaq. 2018 payız-qış mövsümündə rəngli corablar çox dəbdə olacaq. Böyük şallar, atqılar da bu mövsümdə sizi tək qoymayacaq. Bu isə həm də olduqca praktik haldır. Çünki qışda isinmək üçün qalın şalların əvəzi yoxdur.
Nəyiniz var, nəyiniz yoxsa, 2018 payız-qış mövsümündə doya-doya geyinə bilərsiniz. Lazım olsa, iki gödəkçəni, iki pencəyi üst-üstə geyinməniz də mümkündür.
“Maison Margiela”, “Marc Jacobs” və “Bottega Veneta” və digər brendlər payız mövsümündə sarı plaşları, donları və şalvarları sınaqdan keçirməyi tövsiyə edir. Dizaynerlər payız-qış kolleksiyalarında açıq sarıdan tutmuş narıncı və qəhvəyiyə qədər bütün çalarlarından geniş istifadə edib. Sarı rəngi ziddiyyətli olsa da, ondan imtina etmək lazım deyil. Payızın tutqun günlərində siz gün işığına ehtiyac duyursunuzsa, qarderobunuza sarı çalarlar əlavə etməklə onun yerini asanlıqla doldura bilərsiniz. Bu rəng həm əhval-ruhiyyəni qaldıracaq, həm də sizi boz kütlədən fərqləndirəcək.
2017-2018 payız/qış mövsümünün ən çox istifadə edilən, mağazaların vitrinlərində daha çox rast gəldiyimiz və şıqlığı ilə meydan oxuyan corab botları da yaddan çıxarmaq olmaz. Biləyi bərk sarıyan, adətən qalın dabanları olan, zamşa-məxmər materiallardan hazırlanan bu mövsümün vazkeçilməzləri olacaq. Praktikliyi və bənzərsiz şıqlığı ilə corab botlar istənilən kombinlə rahatlıqla uyğunlaşır. Skinny cinslər, midi və mini ətəklər, bohem donlar və daha nələr-nələr… Əsasən də payızın soyuq havalarında və qışa keçid dövründə daha çox müraciət olunacaq trenddir. Lüks ya da mass-brendlərin demək olar ki, hamısında rahatlıqla tapıla bilən modeldir.
Keçək 2018-ci ilin payız-qış mövsümündə kişi dəbində üzə çıxan elementlərə:
Cins gödəkçələr. Cinsdən və qalın pambıq materialdan hazırlanıb. Bu malın praktikliyi və universallığını deməyə ehtiyac yoxdur. 2018-ci ildə də qarderobun bu elementi yenə aktualdır. Əsas rənglər göy və hakidir, həvəskarları üçün hərbi üslub da var.
Dəri gödəkçələr – payız qarderobunun ən populyar elementi. Yumşaq və sərt dəri, çox çeşidli tərzli variantlar – klassik, aviator gödəkçəsi, baykerlər üçün və s. – hər bir kişi bu məhsulla bağlı müasir fikirlərə uyğunlaşaraq öz fərdiliyini vurğulayır.
Şəhər gödəkçələr. 2018-ci il bu mövzuda çoxlu variantlar təklif etdiyi üçün, bu çox geniş anlayışdır. Tərzli bomberlər – idman üslubunun həvəskarları üçün, qısa və ya bir qədər uzun hər yaşa uyğun urban-modellər parklarda modabaz kişilərin diqqətini çəkəcək.
İsti gödəkçələr – must-have xüsusi ilə payızın ikinci yarısı üçün.
Və əbəttə ki, su buraxmayan nazik gödəkçələr “vetrovka” – soyuq və yağışdan qoruyan əvəz olunmaz atribut.
Rəng çalarlarına gəlincə, adət etdiyimiz qəhvəyi və qaradan başqa, zümrüd yaşılı, koral, narıncı kimi rənglər meydana gəlib. Gödəkçələrin uzunluğu da müxtəlifdir – qısa modellərdən, belə qədər, hətta daha da uzun modellər var. Heç də az əhəmiyyətli olmayan aksent-minimum detal və dekordur. İstisnasız sadə və funksional bir o qədər də şıq tərzlər.
2018-ci ilin paltoları bu xüsusiyyətləri ilə fərqlənir:
Sərt və lakonik kənarlar.
Orta uzunluq – dizə qədər və ya qiz qapaqlarını bir az bağlayan.
Tərzi iki düyməli, klassik və ya dik yaxalı, səliqəli kəmərlidir.
Xüsusi seçilən trikotaj paltolar – toxunma qadın kardiqanları, qıfıllı uzun paltoya qədər “böyüdülər”.
Bu payızda kişi ayaqqabı tendensiyasında klassik dəri tuflilər liderlik edir. Dizaynerlər mat və lak dəridən, dekordan (kəmər, qotaz və s.) və qeyri-adi naxış sintezindən istifadə edərək obrazın bu əsas elementini çeşidləndirdilər. İdman üslubunu tekstildən və ya dəridən, qəhvəyi, göy, qırmızı tonlarda kedlər tamamlayır.
Sevinc,
Musavat.com