Sumqayıtda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bayram konserti keçirilib
Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yeni istifadəyə verilmiş “Kimyaçı” Mədəniyyət Sarayında əməkdar aktyorlar Coşqun Rəhimov və Rafael İsgəndərovun “Bu Şəhərdə” konsert proqramı keçirilib.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhərdə müxtəlif sahələrdə çalışan qadınlar iştirak edib.
Vurğulanıb ki, Sumqayıtın sosial-iqtisadi və mədəni inkişafında, eləcə də ictimai həyatında şəhər qadınlarının əməyi çox böyükdür. Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək şəhərin inkişafına öz töhfələrini verirlər.
Qeyd olunub ki, bu konsert Şəhər İcra Hakimiyyətinin şəhər qadınlarına bayram hədiyyəsidir və “Bu şəhərdə” komandasının “Gəlin” adlanan yeni konsert proqramına Sumqayıt şəhərindən start verilib. Konsertin əsas mövzusu gündəlik həyatımızda baş verən hadisələrin aktyorların gözü ilə yumor vasitəsilə çatdırmaqdır.
Konsert boyu aktyorları tanınmış müğənni Rəşad İlyasov müşayiət edib.