Milli Məclisdə Sumqayıt və Xızını təmsil edən deputat Müşfiq Məmmədli Sumqayıt Məişət Tullantıları Poliqonunda baş verən yanğınlar və bu səbəbdən şəhərin atmosferinin korlanması ilə bağlı Sumqayıt sakinlərinə müraciət edib.
Müraciətin mətni belədir:
“Hörmətli sumqayıtlılar, əziz seçicilər!
Sumqayıt Məişət Tullantıları Poliqonunda baş verən yanğınlar və bu səbəbdən şəhərin atmosferinin korlanması hamımızı ciddi narahat edir. Şəhərimiz böyüyür, əhali sayı artır, bununla yanaşı təbii haldır ki, problemlər də yaranır. Müstəqilliyin ilk illərində Sumqayıtda 180 min əhali yaşayırdısa indi şəhərimizdə sakinlərin sayı yarım milyona yaxındır. Bu da poliqonda tullantıların artmasına səbəb olub. Eyni zamanda onu da qeyd edim ki, poliqonun dolub-daşmasının bir səbəbi də bura tullantıların təkcə Sumqayıtdan deyil, həmçinin Abşeronun və Qaradağın yaxınlıqdakı yaşayış məntəqələrindən, eləcə də Sumqayıt ətrafındakı yaşayış məntəqələrindən də daşınmasıdır.
Ona görə də, bu şəhərə mütləq məişət tullantılarının təkrar emalı zavodu lazımdır. Məlumat üçün bildirim ki, yaranmış problemlə bağlı Sumqayıtı təmsil edən 4 deputatın hər biri ayrı ayrılıqda çıxışlar edib, aidiyyatı qurumlar qarşısında məsələ qaldırıb. Onu da qeyd etmək mütləqdir ki, sözügedən ərazidə Məişət Tullantılarının Utelizasiyası Zavodunun tikintisi şəhərin daxili imkanları hesabına qeyri – mümkündür. Aparılan torpaqlama işləri isə müvəqqəti xarakter daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin akt tərtib edərək məsul hüquqi şəxsi cərimələməsi də yaranmış vəziyyəti aradan qaldırmır.
Bizə verilən məlumata görə gələn ilin sonunadək zavod tikilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı rəsmi olaraq bir daha aidiyyatı qurumlara müraciət ediləcək”.