“Şeyx” romanı Əkrəm Əylisli aqibəti yaşamaq təhlükəsi yaratmır, nəşriyyat da ehtiyat edirdi, amma…”
Sahilə İbrahimova: “Hamı sosial şəbəkə üzərindən mini yazıçılıq, sosial jurnalistlik edir”
Yazıçı Sahilə İbrahimova ən müasir ədəbiyyatda üzərində həmişə işləyən, romanla, kitabla gündəmə gələn müəlliflərdəndir. O baxımdan ədəbi mühitdə, sosial şəbəkələrdə məşhur olsa da, kitabın az oxunduğu Azərbaycanda Sahilə İbrahimova imzası çoxlarına tanış gəlməyə bilər.
Bu il “Şeyx” romanı müzakirələrə çevirən Sahilə xanımın əsərində azərbaycanlı qızla erməni oğlanın sevgisindən bəhs olunur. Bəzilərinin fikrincə, yazıçını bu mövzunu seçməyə Nobel almaq iddiası vadar edib.
Onunla söhbətimizdə bugünkü ədəbiyyat, oxucu problemi, yaradıcılığı, “Şeyx” romanı və s. mövzular barədə danışmışıq. Sahilə İbrahimovanın Musavat.com-a müsahibəsini təqdim edirik:
– Sahilə xanım, Sahilə İbrahimova imzası geniş oxucu kütləsinə nə dərəcədə tanışdır?
– Sahilə İbrahimova imzası geniş oxucu kütləsinə tanış deyil. Çünki müasir Azərbaycanın geniş oxucu kütləsi yoxdu.
– Sizcə, ən yeni ədəbiyyat adamlarının hamısı eyni taleyi yaşayır?
– Hamısı. Beş oxucu az, beş oxucu çox məsələsidir. O əlavə beş oxucu da hansısa şeirə klip çəkəndə, hansısa verilişdə çıxış edəndə və s. elementlər olanda çoxalır. Sadəcə kitab çıxarıb, yaxşı şeir, roman yazıb, sakitcə oturanda çoxluq səni tanımır.
– Bəlkə efirə çıxsalar, təbliğat getsə belə olmaz. Yoxsa elə öz dövründə Moppasan, Kafka yaxud başqa nəhənglər də sakit oturanda çoxlu onları tanımayıb?
– Səbəblər fərqlidi. Düzü, mən öz adıma durumdan sıxılmıram. Azlığın tanıdığı və sevdiyi imza olmaq məni demotivasiya etmir. Efir vasitəsilə tanınmaq mümkündü, amma bu, belə oxunmaq deyil.
Hər verilişə getmirəm. Verilişlərdəki ortam özümü istədiyim kimi təqdim etməyə yararlı olmur. Elə sizdən əvvəl bir verilişə dəvət aldım, gələ bilməyəcəyimi dedim.
– Sizə elə gəlmir ki, bu cür özünütəcrid, kütləvilikdən uzaqlaşma elə gənc yazıçı-şairlərin ən böyük problemidir? Məsələn, Vaqif Səmədoğlu ya da Əkrəm Əylisli heç vaxt toplumdan qaçmayıblar.
– Zaman başqa cür tanıtımı tələb edir. Sosial şəbəkələr oxucuya çatmaq üçün daha yararlı vasitəyə çevrilir. Əksər yazarlar, əksinə, oxucu ilə kifayət qədər ünsiyyətdədir, hətta bəzən lazım olduğundan çox.
Bilirsiniz, mən müqayisələrin Kafka, Heradot, hətta Vaqif Səmədoğlu üzərindən aparılmasını doğru saymıram.
Onların yaşadığı dünya, dövran fərqli idi. İnsan yaşamının formasında, məzmununda baş verən dəyişikliklər şərtləri və səbəbləri də başqalaşdırır.
Homo Sapiensə aid beyin neyronlarının fəaliyyəti, qavraması da dəyişir. Bu gün dünənin təkrarı deyil. Sabah bu günün eynisi olmayacaq.
– Bu günün insanının dünənin insanından ədəbiyyatdan daha çox uzaq düşdüyünü fikirləşirsiniz?
– İnsanın əyləncəsi və zövqü dəyişib. Cəmi 30 il əvvəl insanlar əl boyda televizorlara baxıb əylənə bilirdilər, indi otağın bir divarını tutan ekranlar bizi maraqlandıra bilmir. İndi hər kəsin hekayə danışmaq imkanı var. Hamı sosial şəbəkə üzərindən mini yazıçılıq, sosial jurnalistlik edir. Bu halda insanın oxumaqdan, ədəbiyyatdan uzaq düşdüyünü düşünmək doğru deyil. Sadəcə formalar, yeni alətlər fərqlidir.
Bir az xaotik dövrdəyik. Bir neçə onilliyə yeni yaşam qaydaları daha yaxşı müəyyənləşəcək, məncə. “Ağıllı ev”lərdə bazarlığı texnika vasitəsilə edəcəyik. Buzdolabımız marketə mesaj göndərəcək ki, yağ qurtarıb.
Kitab şkafımız mağazaya mesaj göndərəcək ki, oxumağa kitab yoxdur, filan janrda əsər göndərin. Bilirsiniz, bunlar mənim səthi ehtimallarımdı. Hər kəs “mən bilmirəm” deməyi bacarmalıdır. Marketoloqlar, futuralistlər daha dəqiq sözlər deyərlər.
Mən yazaram, hekayələr yazmaqdan sorumluyam. Təbii, bu zaman müasir insanı maraqlandıran şeylər yazmalıyam. Bunu etdiyimi düşünürəm. Yazdığım çox adama çatmayıbsa, yanlışlıq məndə deyil.
– Sahilə xanım, gələk sizin “Şeyx” romanınıza… Şeyx adı hara, erməni hara?
– Cavablar kitabdadır. Bu suala cavab vermək üçün üç ilə bir kitab yazmışam. Qısa cavab vermək olsaydı, kitab yazmazdım heç…
– Sizin romanda azərbaycanlı qızla erməni oğlanın məhəbbətindən bəhs olunur. Nəriman Nərimanov “Bahadır və Sona” əsərini yazıb, Əli Əkbər “Artuş və Zaur”, Seymur Baycan “Quqark” romanlarında bu məsələlərə toxunub. Sizcə, hər gün atəşkəs pozulan cəbhə xəttində xalqları barışdırmaq üçün erməni-azərbaycanlı məhəbbəti mövzusu bu gün nə dərəcədə aktualdır?
– Nə qədər ki, sülh hər kəsin seçimi deyil, savaşı lənətləmək mövzusu aktualdır. Biri uşaq insan və ev şəklini uğursuz çəkibsə, ona səhvini göstərmək üçün suallar verilməlidir.
Soruşmalıyıq bu ev çəkdiyin adamın evidirsə, qapısı niyə balacadı? Evinə necə girəcək? Onda uşaq ya evi böyüdəcək, ya adamı kiçildəcək. İnsanların yaşam şəkilləri səhv çəkilibsə, nəyisə azaldıb – çoxaltmaq lazımdır. “Şeyx” romanımda bu cür suallar vermişəm.
– Yazıçı olaraq özünüzdə bu suala cavab tapa bildinizmi – qardaşı, atası şəhid olmuş ölkədə hansısa azərbaycanlı qız erməni oğlana aşiq ola bilərmi?
– Maraqlı sualdır. Mən elə bu suala cavab tapmaq üçün “Şeyx” romanını yazdım. Öz cavabımı demək istəmirəm, qoy, kitabı oxuyanlar özləri qərar versinlər. Çünki onları yönləndirmək istəməzdim. Kitabı oxuyan adamları da məhz bu sual düşündürür.
– Bu roman Əkrəm Əylisli aqibəti yaşamaq təhlükəsi yaratmır?
– Yaratmır. Nəşriyyat da bundan ehtiyat edirdi. Amma kitab oxucunu qıcıqlandırmır, düşündürür.
– Sahilə xanım, ən yeni ədəbiyyatçılardan kimləri oxumusunuz, kimlər gələcək nəsillərin yaddaşında qala bilər?
– Hamısını oxuyuram, oxumuşam. Kimin tarixdə qalacağını, bilmirəm, düzü.
– Yazıçı qadınların çoxu subay və azad olublar. Sizin üçün yazıçılıq və ailə, ikisi bir arada çətin deyil?
– Subaylıq həmişə azadlıq deyil, yaxud əksinə. Ailəm yaradıcılığımı dəstəkləyir, yeni qohumlarım uğurlarımla fəxr edir, həmişə kömək etməyə çalışırlar.
Təbii, məişət qayğıları, vaxt azlığı davamlı yazı prosesinə maneə yaradır. Öhdəsindən gəlməyə çalışıram. Həm ailəmi, həm də yazıçılığı sevirəm.
– Son olaraq soruşum, bu aralar nə yazırsınız?
– Ləng-ləng yeni roman üzərində çalışıram. Bəzi qəzetlərə publisistik-araşdırma yazıları göndərməyi planlayıram.