27 Sentyabr- Ürək döyüntüləri, həyəcan, sevinc, qürur, fərəh, eyni zamanda müqəddəs təlaşdan doğmuş kədər. Bu həmin gün idi ki, xalq təxminən otuz il idi ki, bu günün eşqi ilə yaşayırdı. Böyük bir ordu bu gün üçün təlimlər keçirdi. Sanki hər şey bu gün üçün hesablanmışdı. Həmin gün yer də, göy də, hətta təbiət də bizim – haqqın tərəfində idi. Haqqımızın bərpa olunmasının ilk müjdələri gəlirdi. Havadan Vətən qoxusu hiss olunurdu. Bir hərbçinin dediyi kimi: “Nə döyüşməli havadır?!”
27 Sentyabr – düz bir il öncə Ermənistan ölkəmizə qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi, yaşayış məntəqələrimizi atəşə tutmağa başlamışdı. Namərdcəsinə planlanmış bu həmlə nəticəsində hərbçimizlə yanaşı mülki insanlarımız həyatını itirdi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz bu qanlı təxribata cavab olaraq əks-hücum əməliyyatına keçmişdi. 44 gün davam edən və tarixə “İkinci Qarabağ savaşı” kimə düşən bu şanlı müharibə bizim tam qələbəmizlə başa çatdı. Bu müddətdə biz BMT-nin məşhur qətnamələrini öz gücümüzlə icra etdik. Ədaləti, beynəlxalq hüququ bərpa etdik. Bir gözümüz gülüb, bir gözümüz ağlasa da milli ləyaqətimizi özümüzə qaytardıq. İllərdir həsrətində olduğumuz Vətən torpaqlarına şanlı ordumuzun ayağı dəydi, səmalarında üç boyalı bayrağımız dalğalandı. Qulağımız televiziya xəbərlərində, gözümüz cənab prezidentin rəsmi sosial şəbəkə profillərində idi.
27 Sentyabr – Azərbaycan Respublikasının Prezidenri İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilən bu gün ölkəmizdə Anım Günü kimi qeyd edilir. Və beləliklə ilk anım mərasimi baş tutur. Mərasimdən olan görüntülər insanı bir daha qürurlandırır, insan müzəffər bir xalqın nümayəndəsi olmağı ilə fəxr edir. Öndə Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, arxada isə 3000 nəfər gənc kursant və hərbi qulluqçulardan ibarət bir ordu, əllərində Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın fotoları əks olunmuş plakatlar. Ilk baxışdan nümayiş üçün toplanmış əli silahsız insan izdihamını xatırladan bu yürüşü diqqətlə izləyərkən gördük ki, əslində hamının əlində “silah” var. Bir silah ki, bizlərə əbədi qürur, düşmənlərə isə göz dağı yaşadan ölümsüz qəhrəmanlar.Həqiqətən də çox möhtəşəm görüntülər idi. Bu yürüş qalib Sərkərdənin öz ordusunun şəhid və qazilərinə verdiyi dəyər idi. Ölkə başçısının əlində Vətən müharibəsi qəhrəmanının, birinci xanımın əlində isə bu müharibə dövründə Gəncədə yaşayış məntəqəsinə atılan raket atəşi nəticəsində ailə üzvləri ilə birgə həyatını itirmiş 5 yaşlı bir körpənin şəkli bəlkə də dünya ictimaiyyətinə, xüsusən də yad torpaqlarda təxribat törədərkən məhv edilmiş erməni əsgərlərinə acıyan, onlara ədalət tələb edən bəzi havadarlarına ötürülmüş “mesaj” idi.
Həmin gün cənab prezidentin sərəncamına əsasən inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin əsası qoyuldu. Tikintisi paytaxtımızın ən gözəl yerlərindən birində nəzərdə tutulan bu abidələr əminəm ki, indiki və gələcək nəsil üçün ən muqəddəs məkanlardan birinə, ziyarətgaha çevriləcək. Onların xatirəsi əbədi olaraq bizimlə yaşayacaq.
Bizlər qalib xalqın vətəndaşlarıyıq. Düşmənlərin bir neçə ilə işğal etdiyi əraziləri 44 günə dişi ilə, dırnağı ilə azad edən oğulların sayəsində biz bu gün dünyaya Şuşa vaxtı ilə baxırıq. Al-əlvan Vətən bağının içində bu gün xarı bülbülü də görürük. Düşmən bilirdi ki, bu torpaqlar onların deyil və onu da bilirdilər ki, evin sahibi gec-tez evinə qayıdacaq. Əks halda uçurub-dağıtmaq əvəzinə qurub yaradardılar. Illərlə müdafiə sədləri tikməzdilər. Bilməli idilər ki, mifləşdirdikləri, əfsanə kimi təqdim etdikləri o keçilməz istehkamları Azərbaycan ordusu cəmi bir neçə saata darmadağın edəcək. Çünki cənab prezident demişkən: “Bizi heç kim dayandıra bilməzdi. Bu gün bütün beynəlxalq aləm bizim qələbəmizlə razılaşır. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Azərbaycandır”
Şəhidlərimizin xatirəsi hər il 27 Sentyabr saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükutla yad ediləcək. Bundan sonra bu torpaqlarda təxribat törətmək istəyən düşmən bilsin ki, bu sükut fırtınadan öncəki səssizlik də ola bilər. Bilsinlər ki, “müharibənin və qələbənin rəmzi olan dəmir yumruq yerindədir. Bunu heç kim unutmasın!”
Elvin Əlizadə, gənc yazar, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi idarə heyətinin üzvü