Bakıda fəaliyyət göstərən “Kids studio” adlı özəl bağçada tərbiyəçilərin uşaqlara qarşı kobud rəftarı cəmiyyətdə geniş rezonans doğurub. Bağçanın fəaliyyətinə xitam verilsə də, həmin tərbiyəçilərin cəzasız qalması, özəl bağçalara işə qəbulun nəzarətsiz olması insanları ciddi narahat edir.
Milli Məclisin Ailə, qadin və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı məsələ ilə bağlı AzVision.az-a açıqlamasında uşaqlara qarşı kobud rəftara yol verən tərbiyəçilərin cəzalandırılmalı olduğunu deyib.
“Həmin videoyaya mən də baxmışam. Orada yalnız həmin müəllimə deyil, digərlərinin də uşaqlara qarşı kobud rəftarı görsənir. Orada heç bir pedoqoq bağça işçisi deyil, psixoloji təhsili yoxdur. Bağçanın bağlanması düzgün qərardır. Orada təlim-tərbiyədən söhbət getmir və uşaqları bir yerə yığıb, kobud rəftar edərək saxlayırlar, uşaqlara qarşı qayğı, mərhəmət görsənmir”.
Komitə sədri bildirib ki, hansı işdə işləməsindən asılı olmayaraq, bağçalara qəbul olan şəxsləri yoxlamaq lazımdır.
“Xüsusilə, tərbiyəçilərin məktəbəqədər təhsil üzrə təhsilinin olub-olmaması yoxlanılmalıdır. Pedaqoq gərək psixoloq olsun, bu şərtlər müəllimlərdə yoxdursa, demək tərbiyəçi ola bilməz. Əgər belə şəxslər yoxdursa, nəyinsə xətrinə belə bağçaların açılması düzgün deyil. Dövlət müəssisələrindən çox özəl məktəbəqədər müəssisələr yoxlanılmalıdır. Kadrların yığılmasına daha ciddi baxılmalıdır. Bu bağça ödənişlidir, valideyn pulunu verir və uşağını əmanət edir. Sonda isə uşaq böyük sarsıntı ilə evə gəlir. Müəllimə tərəfindən uşağa bu yaşda göstərilən təzyiq onun psixikasına pis təsir edir. Uşaq ola bilsin ki, qorxudan evdə demir, bu haqda danışmır. Onda bağçaya, məktəbə ikrah hissi yaranır və getmək istəmir. Bu, özü də uşağa qarşı olan zorakılıqdır”.
Deputat hesab edir ki, özəl bağçada bu cür faktın olması artıq cəmiyyət üçün ciddi mesajdır və bütün özəl bağçalar ciddi yoxlanılmalıdır. “Onların tərkibi, müəllim və rəhbər heyəti və orada işləyən bütün işçilər ciddi yoxlanılmalıdır. Uşağa qarşı hansı adda olursa-olsun zorakılıq tətbiq oluna bilməz, bu qadağandır. Uşaq olan yeri nəzarətsiz qoymaq olmaz. Bu hadisə ciddi siqnaldır ki, özəl məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə istər icra hakimiyyəti, istər Təhsil Nazirliyi, istər bir neçə təşkilat tərəfindən ciddi nəzarət edilməlidir”.