Cəbrayıl: Vətən müharibəsində azad edilən ilk şəhərimiz

616

Bu gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir!Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqindəAraz çayının sol sahilindəcənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülüb. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur Şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir.

23 avqust 1993-cü il tarixində Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunub. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb.Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib. 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qalaraq, vəhşicəsinə dağıdılıb. 2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.

İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.

Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr var ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu; ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı; ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır. Rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.

Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalıb.

I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Aslanov Şikar Davud oğlu, Kazım Məmmədov, Mətləb Quliyev, Vüqar Hüseynov, Əkbərov Akif Abbas oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra, Cocuq Mərcanlıya həyatın qayıtması mümkün olmuşdu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilib.

Oktyabrın 19-da Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev özünün rəsmi “Twitter” hesabında paylaşım edərək, rayonun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin azad edilməsini xəbərini elan edib.

Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edilib.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə  bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı.

Hazırda azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən infrastruktur layihələr bütün regionun gələcək inkişafına hesablanmış tədbirlərdir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Cəbrayıla çəkilən 4-6 zolaqlı yol buraya gələn vətəndaşların rahat gəlməsini və buradan keçən Zəngəzur dəhlizindən istifadə etməsini təmin edəcəkdir.Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər.Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanacaq.

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev ötən iki il içində Cəbrayıla dörd dəfə səfər edib, bayraqucaltma, təməlqoyma və açılış mərasimlərində, digər tədbirlərdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi tarixi bir səfər oldu. Tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi  qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Bu gün digər azad edilmiş rayonlarımız kimi, Cəbrayıl rayonunun da bərpası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Qısa zamanda görülən işlərin fonunda bu əminliyi ifadə etmək olar ki, tezliklə Cəbrayıl rayonunda görülən işlər uğurla başa çatacaq, cəbrayıllılar bu torpaqlarda yeni həyata başlayacaqlar. Sonda isə Ölkə başçımızın müharibə dövründə hər dəfə xalqa müraciətinin sonunda ifadə etdiyi fikirləri bir daha təkrar etmək istərdim. Cəbrayıl bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Zülfiyyə Hüseynova, 
Sumqayıt şəhər Mərkəzi Kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər