Sumqayitxeber.com AzərTac-a istinadən Çin ulduz falını təqdim edir. Hansı ildə doğulmusunuz? Qara ilan ili həyatınıza necə təsirlər göstərəcək?
Zaman ildırım sürəti ilə ötüb keçir. Sanki dünən qarşıladığımız 2012-ci il – Əjdaha ili artıq son saatlarını yaşayır və ev sahibliyini qapılarımızı döyməkdə olan 2013-cü ilə – qara su ilanı ilinə verməyə hazırlaşır. Çin ulduz falına görə İlan ili müxtəlif hadisələrlə zəngin olmağı vəd edir. Lakin hər şey barədə ardıcıllıqla bəhs edək.
İlan müdrik varlıqdır. Çinlilər su Tanrısının xüsusiyyətlərini məhz ona aid edirlər. 1905, 1917, 1929, 1941, 1953, 1965, 1977, 1989 və 2001-ci illərdə doğulan insanlar bu ilin nümayəndələridir.
Bəs Çin fal kitablarına görə, Şərq ulduz falının 12 illik dövrünün müxtəlif rəmzləri altında doğulan insanlara İlan ili nə kimi sürprizlər hazırlayır?
SİÇAN ilində doğulanlar sağlamlıq durumlarından muğayat olmalıdırlar. Maddi durumunuz da son dərəcə diqqətli olmağı, bədxərclik etməməyi tələb edir. İlanların siçanlara münasibətini çox yaxşı bilirsiniz. Odur ki, bu il son dərəcə ehtiyatlı hərəkət etməlisiniz. Bütün xəbərdarlıqlara baxmayaraq, Çin falçıları bu il sizə işlərinizdə heç gözləmədiyiniz böyük uğur vəd edirlər.
İlan ilində ÖKÜZLƏRİN biznesdə bəxtləri gətirəcəkdir. Onların sərvəti bir xeyli artacaqdır. İlan ili karyera yüksəlişinə də rəvac verir. Yalnız şübhə doğuran tanışlıqlardan çəkinmək lazımdır. Yeni işə başlayarkən son dərəcə ehtiyatlı və diqqətli olmalı, bütün riskləri nəzərə almalısınız.
Çin falçıları İlan ilində PƏLƏNGLƏRƏ maddi rifah vəd edirlər. Bu il sağlamlıq məsələləri önə çıxacaqdır. Bu vacib məsələyə barmaqarası baxmamalısınız. İlan ilində yeni evin inşasına başlamaq məsləhət görülmür.
İlan ilində DOVŞANLARIN bütün işləri yüksək keyfiyyətli asfalt yol kimi hamar gedəcəkdir. Yalnız işlə bağlı uzaq səfərlərə çıxmaq məsləhət görülmür. Vaxtınızın çoxunu ailənizlə birlikdə keçirməlisiniz. Ən çətin anlarınızda arxanızda məhz onlar duracaqlar.
ƏJDAHALAR gözdə-qulaqda olmalıdırlar. Bu il onlar üçün bir o qədər rahat keçməyəcəkdir. Ola bilsin, çox vaxt “kiçik Əjdaha” adlandırılan İlan daha qüdrətli qohumuna bir qədər qısqanclıqla yanaşır. Daos kitablarına görə, bu il Əjdahalar üçün müxtəlif hadisələrlə zəngin, kəşməkəşli il olacaqdır. Yay mövsümü üçün əyləncəli səyahət planlaşdırın. Belə bir səyahət sizi gündəlik yeknəsəqlikdən, qayğılardan y xilas edib, gücünüzə güc qatacaqdır.
İLAN ilində doğulanlar şübhəli əlaqələrdən uzaq qaçmalıdırlar. İş yerinizi dəyişdirmək niyyətində olsanız, hər şeyi yüz ölçüb bir biçməlisiniz. Çin astroloqları bildirirlər ki, İlan ili bu ilin nümayəndələri üçün bütövlükdə uğurludur. Yalnız xoşagəlməz vəziyyətlərə düşməmək üçün ayıq-sayıq olmağı tələb edir. Gündoğar ölkənin astroloqları ilin əvvəlinin – yanvar, mart və aprel aylarının ilanlar üçün daha uğurlu olması qənaətindədirlər.
ATLAR bu il vaxtlarının çoxunu qohumları ilə ünsiyyətdə olmalı, uzaq səfərləri təxirə salmalıdırlar. İşlərinizdə diqqətli olmalısınız. Bu il bir qədər artıq zəhmət çəkib gələcəyinizin möhkəm təməlini qura bilərsiniz.
KEÇİ ilində doğulanlar üçün il son dərəcə uğurlu olacaqdır. Çoxlu səyahət etmək, yeni tanışlıqlar qurmaq lazım gələcəkdir. Karyera yüksəlişi, şəxsi həyatda sürprizlər gözlənilir.
Çin astroloqları MEYMUN ilinin nümayəndələrinə vaxtlarını ailəyə həsr etməyi məsləhət görürlər. Çox güman, işdə sizi böyük uğurlar gözləyir. Lakin uğur deyilən medalın arxa üzünün həsəd və paxıllıq olduğunu əsla unutmayın. Yəni sizin ulduzunuz parladıqca, bədxahlarınızın ayaqlarınızın altını qazması ehtimalı bu il çox güclüdür. Astroloqlar sizə sayıqlığı itirməməyi, yalnız düşünülmüş addımlar atmağı məsləhət görürlər.
Çin fal kitabları XORUZ ilində doğulanlara İlan ilində karyera yüksəlişi vəd edir. Bu il işiniz başınızdan aşacaqdır. Onların öhdəsindən gəlmək üçün istirahət etməyə də vaxt tapmalısınız. Astroloqlar sizə boş vaxtınızı ailənizlə birlikdə keçirməyi tövsiyə edirlər.
İT ilində doğulanlara Çin astroloqları iş yerində diqqətli olmağı məsləhət görürlər. Siz mövqelərinizi gücləndirməli, yerinizi möhkəmləndirməli, təhsilinizi davam etdirmək və karyera qurmaq barədə düşünməlisiniz.
2013-cü il DONUZ ilində doğulanlar üçün rahat keçəcəkdir. Gündoğar ölkənin astroloqları yalnız səhhətinizə diqqət yetirməyi, çoxlu səyahət etməyi tövsiyə edirlər.
Yeri gəlmişkən, bu il Ay təqviminə görə Çuntsze və ya Bahar bayramı fevralın 10-da qədəm qoyacaqdır. Gündoğar ölkənin sakinləri bir həftə çəkəcək bayram günlərində ölkəni atəşfəşanlığa bürüyəcək, kütləvi gəzintilərə çıxacaqlar. Bir çoxları restoranlara gedib ilin rəmzi olan ilan ətindən təamlar yeyəcəklər. Çin mətbəxinin ən əziz təamlarından biri – ilan və pişik ətlərindən hazırlanan “Əjdahanın (ilan) pələnglə (pişik) döyüşü“ adlanır.