Çin şirkətləri tərəfindən Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyulub

1391
 İqtisadiyyat naziri Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri Vey Cinhua ilə görüşüb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Çin iqtisadi əlaqələrinin və iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayan nazir Şahin Mustafayev ölkə prezidentinin Çinə səfərləri zamanı mühüm razılaşmalar əldə olunduğunu, 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalandığını diqqətə çatdırıb. Çinlə tranzit daşımaları, ticarət, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən Şahin Mustafayev bildirib ki, 2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 20% artaraq 1,3 mlrd. ABŞ dollarına çatıb. Hazırda Azərbaycanın ticarət, xidmət, sənaye, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində Çin kapitallı 110-dan çox şirkət fəaliyyət göstərir. Bir sıra Çin şikətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Çin şirkətləri tərəfindən Azərbaycana 800 mln. dollara yaxın investisiya qoyulub. Nazir Şahin Mustafayev Çinə təşkil edilmiş ixrac missiyaları, bu ölkədə təşkil edilən beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı, iş adamları arasında keçirilmiş biznes forumların, nəqliyyat-tranzit sahəsinə həsr edilmiş “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Koridoru” Forumunun, “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfransın, eləcə də Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin açılması və s. məsələlərin iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu ilin sonunadək Çinin Şanxay şəhərində “Azərbaycan Şərab Evi” açılacaq, Pekində və bir sıra digər iri şəhərlərində də ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur. İqtisadiyyat naziri 2018-ci ilin avqust ayında Çinin Urumçi şəhərində keçiriləcək Çin-Avrasiya Sərgisində və noyabrda Şanxayda keçiriləcək “Beynəlxalq İdxal Sərgisi”ndə Azərbaycan nümayəndə heyətinin iştirak edəcəyini diqqətə çatdırıb. Çinin ölkəmizdəki səfiri Vey Cinhua Azərbaycan-Çin arasında tarixi əlaqələri qeyd edib, qədim İpək Yolununun bu istiqamətdə mühüm faktor olduğunu vurğulayıb. Səfir Azərbaycanın inkişafından, ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib, Çin-Azərbaycan əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb, iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb. Görüşdə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, maliyyə, humanitar, tranzit, sənaye, yüksək texnologiyalar, turizm sahəsində əməkdaşlığın inkişafı, Ələtdə yaradılan azad ticarət zonasında Çin şirkətlərinin iştirakı və s. məsələlər müzakirə edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər