Çin Xalq Respublikasının Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıta səfər edib

606
Çin Xalq Respublikasının Şaansi vilayətinin 25 nəfərdən ibarət nümayəndə heyəti Sumqayıta səfərdə olub.
Sun Daguang rəhbərlik etdiyi nümayəndə heyətini Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qarşılayıb.
Qonaqlar öncə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Tədbir dəyirmi masa ətrafında davam edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gələn qonaqları salamlayıb və bildirib ki, Sumqayıt Çin Xalq Respublikasının Sian, Mian və Çun Çin şəhərləri ilə qardaşlıq əlaqələri mövcuddur. Koronavirus Pandemiyasının Çində tüğyan etdiyi bir vaxtda Sumqayıtdan qardaş şəhərlərə 50 tondan artıq humanitar yardım göndərilmişdi. Pandemiya Azərbaycanda yayılandan sonra isə həmin qardaş şəhərlər də Sumqayıta yardımlar göstərib.
Diqqətə çatdırılıb ki, tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada Cənubi Qafqazın lider ölkəsi kimi tanınır. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri Azərbaycanla siyasi-iqtisadi münasibətlərin inkişaf etdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verirlər. İki ölkə arasında münasibətlərin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Azərbaycan–Çin münasibətlərinin bugünkü səviyyəsi məhz Ümummilli Liderin siyasi müdrikliyinin nəticəsidir. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Çinlə münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, sonrakı illərdə dövlətimizin başçısı Çinə bir neçə dəfə səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.

Zakir Fərəcov Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı qonaqlara geniş məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.

Şəhər rəhbəri bildirib ki, hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Çıxış edən Şaansi vilayətinin nümayəndə heyətinin rəhbəri Sun Daguang göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.

Görüşdə Şaansi vilayəti ilə Sumqayıt şəhərləri arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar daha sonra Sumqayıt şəhərində yerləşən Bayraq Muzeyində və Muğam Mərkəzində olublar. Nümayəndə heyətinə binalar haqqında ətraflı məlumatlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər