Çingiz Abdullayev: “Dostlarımı satsaydım, dürüst olmasaydım, məni heç kəs oxumazdı”

1676

Elmar Məmmədyarovla uzunmüddətli dostluğu olan xalq yazıçısından “Yeni Müsavat”a maraqlı açıqlamalar

Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev sentyabrın 10-da xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Bununla bağlı yayılan məlumatlardan öyrəndik ki, xarici siyasət idarəsinin başçısı yazıçını “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib. Xalq yazıçısına telefon açıb təbrik etdik, həmçinin bəzi suallarımızı cavablandırmasını istədik.

– Çingiz müəllim, sosial şəbəkələrdə xarici işlər naziri Elmar Məmmədyarovla görüşünüz və mükafatlandırılmağınız barədə xəbərlər oxuduq…

– Bəli. Elə yarım saat bundan öncə görüşdük.

– Maraqlıdır, xalq yazıçısı ilə nazirin görüşü necə keçdi?

– Çox gözəl keçdi. Biz 40 ildən çoxdur dostuq.

– Elmar Məmmədyarovla dostluğunuzun tarixçəsi barədə danışa bilərsinizmi?

– Biz uşaqlıqdan bir-birimizi tanıyırıq. Nəinki onunla…İndi taleyim belə olub ki, mən neçə naziri 40-50 il, bəzisini 53 ildir tanıyıram. Bakıda böyümüşük. Onun (Elmar Məmmədyarovu nəzərdə tutur-E.P.) atasını da, dayılarını da, qohumlarını da tanıyırdım. Nəinki onu, bəzi  nazirlər var ki, uşaqlıqdan onları tanıyıram. Ona görə yox ki, onlar indi nazir olublar. Ona görə ki, uşaqlıqdan ya bir yerdə oxumuşuq, ya uşaqlıqdan dost olmuşuq, atalarımız dost olub, ya ailəvi dostluğumuz olub.

– Həmin nazirlər kimlərdir?

– Yox, deməyəcəyəm. Niyə deyim ki? Dostlarımdır. Götürüb yazırlar, lağlağı edirlər ki, nazirlərə “çox sağ olun” deyir. Mən onlara nazir olduqları üçün “sağ ol” demirəm. Onlar 40-50 ildir mənim dostlarımdır. Biri var  20 il, başqası 40 ildir dostlarımdır. Biri də var 53 ildir dostuq, birinci sinifdən. İsgəndər Şəkinski ilə 57 ildir dostuq, yaza bilərsiniz. Bizim 3 yaşımız olanda, bir yerdə uşaq bağçasına getmişik. Biz hamımız Bakıda böyümüşük.

– Və dostlarınızdan biri sizi mükafatlandırdı…

– Yox. Ona görə yox. Məni prezidentlər də mükafatlandırıb. Belarusun, Gürcüstanın, Rusiya, ya Fransanın rəhbərləri hamısı mənim dostlarımdır. Dostlar ona görə dost deyillər ki, nə isə verirlər. Biz həmin nazirlərlə uşaqlıqdan dostuq, həm də mənim kitablarımı oxuyurlar.

– Elmar Məmmədyarovla nələrdən danışdınız? Uşaqlıq illərinizi də xatırlamaq imkanı oldumu?

– Xeyli danışdıq. Kitablardan, vəziyyətdən. Çox şeylərdən danışdıq.

– Nazir sizin kitabları oxuyurmu?

– Mənim bütün kitablarımı oxuyur. Ümumiyyətlə, dostlarım hamısı məni oxuyur. Dostlarım yalnız nazirlər deyil. Mənim dostlarım arasında adi şəxslər də, sürücülər də, neftçi də var. Mən yalnız nazirlərlə dost deyiləm. Sadəcə, mən uşaqlıqdan kiminlə dost idimsə, indiyədək onlarla dostam. Kiminləsə uşaq bağçasından, kiminləsə məktəbdə, kiminləsə universitetdə dost olmuşam və indiyəcən dostluğumuz davam edir. Prokurorların 90 faizini tanıyıram. Ona görə ki, hüquq fakültəsində oxumuşam və onlarla bir yerdə təhsil almışıq. Mən o vaxt futbol klubunun prezidenti olmuşam və hamısını da tanıyırdım. Qanunla kimsə hüququ bitirməsə, prokuror işləyə bilməz. Azərbaycanda hüquq fakültəsini bitirənlər hamısı təbii ki, bir-birini tanıyır. Azərbaycanın baş prokuroru bizimlə oxuyub. Bizdən iki il qabaq bitirib. Prezidentin köməkçisi Fuad Ələsgərov mənimlə bir qrupda oxuyub. İndi mən hamısını bir-bir deyim ki, kiminlə oxumuşam?

– Çingiz müəllim, siz həm də tənqidçi mövqeyinizlə tanınırsınız. Nazir dostlarınız səsləndirdiyiniz tənqidi fikirlərə görə sizi qınamırlar ki?

– Qınayırlar. Bilirsiniz, mənim nədənsə xoşum gəlmirsə, tənqid edirəm, fikrimdən dönmürəm. Təbii ki, mən istəməzdim ki, dostlarıma tənqid gəlsin. Mən özüm də nədənsə razı olmayanda onlara deyirəm. Onlara mənim dostlarım mənə, mən də dostlarıma sadiqəm və bununla fəxr edirəm. Görün mənim neçə yaşım var, amma heç vaxt nə mövqeyimi, nə fikirlərimi dəyişməmişəm. Ona görə də dünyada 30 milyon adam mənim kitablarımı oxuyub. Kitablarımı 32 dilə tərcümə ediblər. Əgər mən mövqeyimi dəyişsəydim, dostlarımı satsaydım, dürüst olmasaydım, məni heç kəs oxumazdi Bu qədər insanı aldatmaq olmaz!

– Qarabağ məsələsi yəqin ki, bir vətəndaş, həm də yazıçı olaraq sizi də narahat edir. Soruşdunuzmu ki, Elmar müəllim, cəmiyyət olaraq Qarabağla bağlı nə gözləyək?

– Çox şeylər danışdıq. Təbii ki, orada elə məlumat var ki, mən onu deməyəcəyəm. Sözsüz ki, bizim ən böyük ağrımız Qarabağ məsələsidir. Bu məsələ ilə bağlı birinci vuruşan odur və o olmalıdır. Görün nə qədər görüşlər keçirir, nə qədər danışıqlar aparır.

– Dostyana da olsa, sizə ümidverici nəsə dedimi?

– Ümid olmasa, biz yaşamazdıq. Mən də yüz faiz inanıram, o da inanır.

– Çingiz müəllim, siz həm də futbola bağlı ziyalısınız. “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədrisiniz. Yəqin ki, Azərbaycan və Xorvatiya yığmasının oyununu izlədiniz. Necə qiymətləndirdiniz?

– Əlbəttə izlədim. Çox gözəl təsir bağışladı. Xoşuma gəldi. Xüsusilə bizim (“Neftçi”nin-E.P.) oyunçularmiz Anton Krivotsyuk necə də yaxşı oynayırdı. Kapitanmız Emin Mahmudov. O, doğrudan da çox gözəl oyunçudur. Əslində hamı yaxşı oynadı. Mən sevinirəm ki, biz belə güclü komanda ilə heç-heçə oynadıq…

Elşad PAŞASOY,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər