Çinlilər Azərbaycana axışacaq – FOTO

1140

Dövlət Turizm Agentliyi Çindən turist axını olacağını bəyan edir.

Agentlikdən verilən məlumata görə, martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb. İmzalanma mərasimində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak edib.


Fuad Nağıyevin sözlərinə görə sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir.

 “Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, deyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

“Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post- Sovet məkanı, həm Asiya, həm Avropa, həm Yaxın Şərq daxildir. Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”, deyə Fuad Nağıyev qeyd edib.


Dövlət Turizm Agentliyinin sədri bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin 2 dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır. “Biz – turizm sənayesinin təmsilçiləri, cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq” – Dövlət Turizm Agentliyinin sədri deyib.


Qeyd edək ki, ötən ilin nəticələrinə görə Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edir. Onların ölkə iqtisadiyyatına ümumi töhfəsi 2 milyard dollara yaxın olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər