Bu ölkədə yaşamaq artıq uşaqlar üçün də cəhənnəm əzabından betər olub. Belə olmasaydı kriminal xəbərlərində uşaq intiharları ilə bağlı informasiyalar bolluq təşkil etməzdi.
Sual: Niyə məktəblilərimiz və yeniyetmələrimiz həyatlarına qəsd edirlər?
Suala cavab olaraq ekspert psixoloqlar 100 səbəb gətirirlər. Bu səbəblər içərisində intihar edənlərin əsasən uğursuz ailələrdən olmasını və həmin ailələrdə baş verən problemləri qabardırlar. Yəni ki, özünü asan, kəsən, zəhərləyən yuxarıdakı faktorlardan intiharı çıxış yolu seçirlər. Ölkənin baş müəllimi Misir Mərdanov da bu fikirlə razıdır. Hüznlü mövzudan bəhs etməsəydim şaqqanaq çəkib gülərdim. Məmmədlə Şəhrəbanu evdə qovğa edir və balaca Ümbülnisə gedib özünü öldürür. İnandıq. Bəs o ailələr niyə uğursuz hesab olunur? Kim bu damğanı qoyub onlara və hansı meyarlara görə ailə uğursuz sayıla bilər?
Baş Prokurorluq isə bildirir ki, uşaq intiharları ilə bağlı statistika aparılmır. Cənablar, niyə aparılmır? Ehtiyat edirsiniz ki, paxırlar açılar? Ay başbilənlər, bu millətin balaları əldən gedir, ayılın!
Bir tərəfdən də ayılıb guya dağı dağ üstünə qoyacaqsınız ki. Uzağı bir-iki qanun layihəsi, ya da dövlət proqramı-filan hazırlayacaqsınız. Büdcədən də özünüz-özünüzə qrantdan-zaddan ayırıb həzm-rabedən keçirəcəksiniz. Millətin balası yenə özünü asacaq, kəsəcək, zəhərləyəcək, ya da kafasına sıkacaq.
Nəzərinizə deputat evinin sosial-siyasət komissiyasının sədr müavini, həkim-nevropatoloq Musa Quliyevin şəxsi təşəbbüsünü çatdırım. Cənab Quliyev məktəb psixoloqlarının işindən narazıdır və bildirir ki, o, yaxın zamanlarda Milli Məclisdə bu barədə məsələ qaldıracaq. Hörmətli deputatımız, adı var, özü yox bir şey barədə hansı məsələni qaldıracaqsınız və nə danışacaqsınız? Sizi and verirəm Hippokrata, danışıb deputatlarımızın ovqatını və “nervisini” pozmayın. Allah eləməmiş intihar-zad eləyərlər, Avropa Şurasının dilinə-dişinə düşərik. Qoy oturmuşuq yerimizdə…
Bir də ki, 140-150 manat məvacib alan məktəb psixoloqu hansı maddi maraq əsasında işinə can yandırsın? Necə? Peşə borcu və insanlıq naminə işləməlidir?! Boşlayın canım, belə pafoslu cümlələri. İndi bazar iqtisadiyyatıdır, insaniyyət, peşə borcu, humanizm “lavkanın” bir küncündə üstünü toz basmış şəkildə qalıb.
Bu ölkənin təhsil sistemində az əməkhaqqı ilə işləyib işinə can yandıran hər kəsə “əhsən” deyirəm. Cümləm Sizə qəribə gəlməsin. Gəlirsə, bir zəhmət məktəblərə baş çəkin.
Uşaq intiharlarının səbəblərini uğursuz yalnız uğursuz ailələrin üzərinə atmaq lazım deyil, uzağa getməyin, səbəblər məktəblərdədir, daha doğrusu, müasir təhsilin təlim-tərbiyə metodundadır. Bu metoda əl gəzdirmək lazımdır, onun əsaslı təmirə ehtiyacı var. Nə isə… deyəsən qlobal mövzuya toxundum.
Başınızı ağrıtmadım ki?
Salam Elvin muellim. Men de siz ders deyen mektebin 2006-ci il mezunu olmusam. Artiq nece ildir mektebi qurtarmisam amma Sizin bu yazinizi oxuduqdan sonra bir daha Sizin kimi aciqsozlu muellimin bize ders demeyinden qurur hissi duyuram.